Ölkə

Əsir əsgərlərimizin taleyi və “erməni şərtləri”

Ermənilərin istəyi budur ki, “Hamının hamıya” prinsipi üzrə 2 hərbi əsgərimizin müqabilində barəsində məhkəmə hökmü çıxarılmış 50-dən artıq terrorçu dəyişdirilsin

Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Axundov 2023-cü ilin aprel ayında sərhəd zonasındakı dumanlı hava şəraiti səbəbindən yolu azaraq qonşu Ermənistan ərazisinə keçiblər. Daha sonra onlar Ermənistan hərbçiləri tərəfindən əsir götürülüblər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

İrəvanda Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunublar. Qondarma məhkəmə prosesində Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə 20 il müddətinə həbs cəzası verilib.

Son olaraq sentyabr ayında BQXK nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına yenidən baş çəkiblər. Onlarla təkbətək görüş keçirilib və ailələri ilə əlaqələri yaradılıb.

Ermənistan bu cür sülhü pozan addımlarla nə etməyi hədəfləyir? Azərbaycan hərbçilərin geri qayıtması üçün hansı addımları atmalıdır?

Mövzu ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru  Çingiz Qənizadə Yeni Müsavat”a danışıb: “Azərbaycan dövləti  hansı ölkədə olmasından asılı olmayaraq, öz vətəndaşlarına laqeyd qalmır və biz bunun faktiki şahidiyik. Məsələn, İranda Fərid Səfərlinin qeyri-qanuni həbsi, onunla bağlı aparılan danışıqlar buna sübut ola bilər. Xatırladım ki, bugünlərdə baş prokuror Kamran Əliyev tərəfindən belə bir ifadə səsləndi ki, İran tərəfi həmin işə yenidən baxması üçün söz verib. Bu o deməkdir ki, Azərbaycan dövlət başçısının tapşırığı ilə müxtəlif qurumlar danışıqlar aparır.

Yəni hansı dövlətlərlə bu və digər formada əlaqələrimiz var, təbii ki, biz bunu reallaşdıra bilirik. Amma Ermənistanla hazırda heç bir əlaqəmiz yoxdur, orada nə səfirliyimiz, nə konsulluğumuz var ki, danışıqlar aparsın. Doğrudur, bunu üçüncü ölkələr vasitəsilə edə bilirik. Amma hazırda Ermənistanda olan əsgərlərimizin qeyri-qanuni saxlanılması və onlar barəsində qeyri-qanuni şəkildə tələm-tələsik məhkəmələrin keçirilməsi, onlara uzun müddətli həbs cəzası verilməsi onu göstərir ki, Ermənistan qısasçılıq mövqeyində durur və əlinə düşən hər bir azərbaycanlıdan qisas almaq,  bununla da bu və digər formada Azərbaycana təsir etmək imkanlarını düşünür. Bəli, Azərbaycanda da məhkum olunan ermənilər var, amma onlar hərbi əsir deyil, terrorçulardır. Söhbət son vaxtlar antiterror tədbirləri zamanı saxlanılan separatçı rejimin dırnaqarası rəhbərlərindən getmir, ondan əvvəl xeyli sayda erməniəsilli terrorçuların həbs edilməsi ilə bağlı məlumatlar var idi.

Biz indi bununla bağlı Ermənistana hansı təzyiqlər edə bilərik? Hesab edirəm ki, hazırkı durumda hansısa təzyiqdən söz gedə bilməz. Yəni danışıqlar olmalıdır və çox şübhəsiz ki, Ermənistan bizim qanunsuz  olaraq mühakimə edilərək, uzun müddətə azadlıqdan məhkum edilmiş həmin əsirlərimizin qaytarılması ilə bağlı “bazarlıqlar” edəcək və Azərbaycanda olan, barələrində hökm çıxarılan terrorçuların bir çoxunun geri qaytarılması, dəyişdirilməsi istiqamətində addım atılması ilə bağlı təkliflər verəcəklər. Tam əminliklə deyə bilərəm ki, Ermənistanda qeyri-qanuni saxlanılmış və qeyri-qanuni məhkum edilmiş hərbi əsirlərimizin Azərbaycana qaytarılması ölkəmizin siyasi maraqlarından biridir və ümid edirəm ki, diplomatiya və yaxud digər danışıqlar yolu məsələ ilə öz müsbət həllinin tapacaq və orada saxlanılan  vətəndaşlarımız Azərbaycana, öz vətənlərinə qayıdacaqlar”.

Qabil Hüseynli

Politoloq Qabil Hüseynli də mövzu ilə bağlı danışıb: “Öncə xatırladım ki, Azərbaycanda mühakimə olunan ermənilər terrorçu hərəkətlərinə görə, yəni müharibə bitdikdən sonra terror törətmiş, ərazilərimizə partlayıcı maddələr yerləşdirməyə çalışdıqları üçün saxlanılıblar. Bizim iki əsgərimiz isə pis hava şəraitində yolu azaraq onların tərəfinə keçib. Amma Ermənistan əsassız yerə onları adam öldürmədə ittiham edib, birinə 20 il, birinə isə 11 il  həbs cəzası verib. Əlbəttə ki, bunun başdan-ayağa qurma bir iş olduğunu hər kəs bilir. Ermənilərin xəyalı budur ki,  sülh müqaviləsi imzalandıqdan  sonra “Hamının hamıya” prinsipi üzrə 2 hərbi əsgərimizin müqabilində onların bizdə olan, üzərində məhkəmə hökmü çıxarılmış 50-dən artıq terrorçusu  dəyişdirilsin. Azərbaycan dövlətinin isə mövqeyi budur ki, Ermənistan hərbi əsgərlərimizi qondarma ittihamlarla həbs edib və ona görə onlar təcili azad edilməlidir. Təbii ki, Ermənistan bununla razılaşmaq istəmir. Fikrimcə, bu məsələlərin həlli sülh müqaviləsindən asılı olacaq, bundan sonra ermənilərin “Hamının hamıya” xəyalı baş tutmayacaq. Hesab edirəm ki, hazırkı vəziyyətdə Azərbaycan BMT-nin əsrlər və itkin düşmüş adamlarla bağlı komitəsinə müraciət etməli, müxtəlif beynəlxalq tribunalarda bu məsələni gündəmə gətirməlidir”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button