Ölkə

Evə başqa qadın gətirən ərini öldürdü, həbs olunmadı

2022-ci il sentyabrın 2-də Bakının Xətai rayonu Neapol küçəsində qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır. Hadisə olan Neapol küçəsi, 41 ünvanında üzərində çoxsaylı bıçaq xəsarətləri ilə Nurani Qalabəylinin meyiti aşkar edilib. Şübhəli şəxs qismində mərhumun arvadı 1987-ci il təvəllüdlü Əfsanə Qalabəyli saxlanılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Nurani Qalabəylinin bədən səthində 14 ədəd bıçaq yarası aşkar edilib.

Milli.Az xəbər verir ki, lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, sentyabrın 2-i saat 11 radələrində Əfsanə Qalabəyli əri Nurani Qalabəylinin əxlaqsız hərəkətlərindən və mütəmadi onu söyməsindən əsəbləşərək, qisas niyyəti ilə ərini öldürmək qərarına gəlib. Bu məqsədlə mətbəxdən məişət təyinatlı bıçağı götürərək yataq otağına girib və qısqanclıq zəminində aralarında baş vermiş mübahisə zamanı yoldaşının bədəninin müxtəlif nahiyyələrinə ümumilikdə 14 dəfə zərbə vuraraq, onu qəsdən öldürüb.

 

İş üzrə dindirilmiş Əfsanə Qalabəyli bildirib ki, Nurani kikboksinq idman növü üzrə məşqçi olub. Əri həmişə onunla pis rəftar edib:

“Naxçıvandan Bakı şəhərinə köçdükdən sonra Nurani mütəmadi spirtli içkilər qəbul edib və evə pozğun qadınlar gətirməyə başlamışdı. Nuraninin bu hərəkətlərinə etiraz etdikdə yoldaşım məni döyürdü. Nurani bir neçə dəfə Rəsmiyyə adlı qadını evimizə gətirərək, onunla qonaq otağında cinsi əlaqədə olub. Vəziyyət o yerə çatmışdı ki, övladlarımız atalarının digər otaqda qadınlarla əlaqədə olmasını başa düşmüşdü. Nuraninin bu hərəkətlərinə dözməyimin yeganə səbəbi uşaqlarımın olması idi. Rəsmiyyə adlı qadın da Nuranidən qorxurdu. Ərim bir dəfə onu da döyüb, burnundan qan açılıb, evlərinə təcili yardım işçiləri gəlib.

Sentyabrın 2-də Nurani yenə məni təhqir etməyə başlayıb və Rəsmiyyəni evə gətirib onunla yaşayacağını dedi. Buna görə onu bıçaqla vurub yaralamaq fikrinə düşdüm. Düşündüm ki, ərim xəstəxanada olduğu müddətdə, övladlarımla bir neçə gün rahat nəfəs alarıqr. Yataq otağına daxil olandan sonra əvvəl boyun nahiyyəsinə zərbə enidirdim, üzünü mənə çevirdiyi an xəsarətlər yetirməkdə davam etdim. 3 zərbə vurmağım yadımdadır, qalan zərbələri necə vurduğumu xatırlamıram. Nurani yaralanmasına baxmayaraq qəzəbli halda üzərimə gəldi. Mən də əlimdə bıçaqla bloka çıxıb qonşuların qapılarını döydüm. Qışqıraraq polis və tibbi yardım çağırmaları üçün yalvardım, lakin heç kim qapını açmadı. Qısa müddətdən sonra polis əməkdaşları gələrək məni bölməyə apardılar”.

Əfsanə Qalabəyli əlavə edib ki, Nuranini necə vurmasını uşaqları görməyib, onlar həmin vaxt qonşu otaqda olublar.

Məhkəmə iclasında Əfsanə Qalabəyli ittiham üzrə özünü qismən təqsirli bilib. O, istintaqda verdiyi ifadəsini təsdiq edib. Qeyd edib ki, əməlindən peşmandır.

 

Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi Xaqani Qalabəylinin istintaqda verdiyi ifadəsi elan olunub. O bildirib ki, qardaşı Nurani 2008-ci ildə Əfsanə ilə ailə həyatı qurub, bir ildən sonra Naxçıvandan Bakıya köçüblər:

“Nikahdan 4 övladları dünyaya gəlib. Qardaşım yaşca məndən böyük olduğu üçün münasibətimizdə məsafə vardı. Tez-tez telefonla danışırdıq, ay ərzində 3-4 dəfə görüşürdük. Heç vaxt onların yaşadığı evdə olmamışam. Sentyabrın 2-də yaşadığımız ərazinin sahə rəisi mənə zəng edərək, qardaşımın arvadı Əfsanə tərəfindən öldürüldüyünü bildirdi. Nuraninin yaşadığı mənzilə çatanda, meyitini qonaq otağının gişində, dəhlizdə olduğunu gördüm. Üzərindəki paltarlar və döşəmə qana bulaşmışdı. Sonradan qardaşımın yaşadıqları evə qadın gətirib, onunla 3 il müddətində cinsi əlaqədə olmasını öyrəndim. Buna görə də, Əfsanə ilə Nuraninin münasibəti yaxşı deyilmiş”.

Xaqani Qalabəyli qeyd edib ki, Əfsanə Qalabəyliyə qarşı şikayəti və tələbi yoxdur.

 

Şahid qismində dindirilmiş Rəsmiyyə Abuşova ifadəsində göstərib ki, Nurani Qalabəylini təxminən üç ildir ki tanıyır, onunla kafedə işləyərkən tanış olub:

“Bir müddətdən sonra Nurani cinsi əlaqədə olmağı təklif etdi və məni yaşadığı mənzilə aparacağını dedi. Arvadı və uşaqları olan mənzilə getməyəcəyimi söyləyəndə, Nurani mənə yoldaşının buna etiraz etməyəcəyini bildirdi. Bundan sonra onunla birgə Nuraninin evinə getdim. Əfsanə mənə xoş gəldiyini və sərbəst olmağımı dedi. Nurani ilə qonaq otağında cinsi əlaqədə olduq. Axırıncı dəfə hadisədən bir həftə əvvəl onların evində olmuşam”.

Şahid Ulduz Əliyeva ifadəsində göstərib ki, sentyabrın 2-də evdə olanda səs-küy eşidib:

“Pəncərədən baxanda, məhəllədə insanların yığışdığını gördüm. Sonradan eşitdim ki, qonşuluqda yaşayan Əfsanə ərini bıçaqlayıb. 2019-cu ildən həmin binada yaşasam da, Əfsanəgilin evindən səs-küy eşitməmişdim. Lakin bir qonşu kimi söhbət edən zaman qadın yoldaşından gileylənirdi və ondan qorxduğunu deyirdi. Hadisədən sonra Nurani Qalabəylinin evinə əxlaqsız qadınlar gətirdiyini bildim”.

 

İstintaq zamanı keçirilmiş məhkəmə-psixoloji ekspertizasının rəyinə görə, Əfsanə Qalabəyli anlaqlı hesab olunub. Məhkəmənin gedişatında, təqsirləndirilən şəxsin psixioloji müayinəsini stasionar şəraitdə davam etdirilməsi və məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruri hesab edilib. Kompleks məhkəmə-psixiatrik ekspertizasının rəyində göstərilib ki, yoxlanılan şəxsdə hazırda “orta dərəcəli depressiv pozuntu” əlamətləri ilə psixi patologiya müəyyən edilir. Bu pozuntu onda cinayət əməlini törətdikdən sonra yaranıb. O, hazırda öz prosessual hüquq vəzifələrini şəxsən həyata keçirmək iqtidarında deyil. Buna görə, Əfsanə Qalabəyli ittiham olunan cinayət əməlinə görə anlaqsız hesab edilməlidir.

Məhkəmə nəticəyə gəlib ki, Qalabəyli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulan cinayət əməlini törədib. Amma, həmin əməli anlaqsız vəziyyətdə törətdiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli, barəsində psixiatriya stasionarında tibbi xarakterli məcburi tədbirlər təyin olunmalıdır.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Əfsanə Qalabəyli cinayət məsuliyyətindən və cəzadan azad edilib. Onun barəsində psixiatriya stasionarında tibbi xarakterli məcburi tədbirlər təyin olunub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button