Ölkə

Heydər Əliyev Mərkəzində “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” sərgisinin təntənəli açılışı olub – VİDEO

Bakıda Heydər Əliyev Mərkəzində “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” sərgisinin təntənəli açılışı olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Azərbaycan Respublikası mədəniyyət naziri Adil Kərimli, dövlət və ictimai xadimlər, mədəniyyət və elm nümayəndələri, yaradıcı ziyalılar və gənclər, diplomatik missiyaların rəhbərləri, Türkiyədən fəxri qonaqlar iştirak ediblər.

Açılışda Ümummilli Lider Heydər Əliyevin Uzun Həsənin tarixi rolu barəsində çıxışını əks etdirən videoçarx təqdim olunub.

Heydər Əliyev Mərkəzinin Tədbirlərin və sərgilərin təşkili departamentinin direktoru Əminə Məlikova Ulu Öndərin 100 illiyinin geniş şəkildə qeyd olunduğu “Heydər Əliyev İli” çərçivəsində təqdim olunan ekspozisiyanın əhəmiyyətini vurğulayıb.

“Ulu Öndər Heydər Əliyev bütün elmlərə, xüsusən tarixə xüsusi diqqət ayırıb və daima gənclərə tarixi yaxşı öyrənməyi məsləhət görüb. “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” sərgisinin açılışı tarixi hadisədir. Burada dünyanın müxtəlif muzeylərindən 80-ə yaxın eksponat sərgilənir və Azərbaycan ictimaiyyətinə ilk dəfə təqdim olunacaq.

Bir sıra eksponatlar bir neçə ay ərzində restavrasiya olunub və mütəxəssislər tərəfindən konservasiya həyata keçirilib. Layihə çərçivəsində, həmçinin, Azərbaycan və ingilis dillərində “Ağqoyunlu dövlətinin hökmdarı – Uzun Həsən” kitabı hazırlanıb, animasiya filmi çəkilib. Sərginin ictimaiyyətdə böyük maraq oyadacağından əminəm”, – Əminə Məlikova deyib.

Sərgi eksponatları vasitəsilə Ağqoyunlu dövlətinin görkəmli dövlət xadimi və sərkərdə Uzun Həsən tərəfindən əsası qoyulan yolunu izləmək, onun Azərbaycan dövlətçilik tarixindəki rolunu öyrənmək olar. Ziyarətçilər bir çox nadir eksponatlarla, o cümlədən, indiyədək İstanbul Hərbi Muzeyində saxlanılan və indiyədək Türkiyə hüdudlarından kənara çıxarılmamış eksponatlarla tanış olmaq imkanı əldə edəcəklər. Bu eksponatlar Azərbaycanda ilk dəfə sərgilənəcək.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı çıxışında 2023-cü ilin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi və Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü kimi əlamətdar hadisələrlə yadda qaldığını vurğulayaraq Heydər Əliyev Fonduna layihənin reallaşdırılmasına görə minnətdarlığını bildirib.

“Sərginin açılışı Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin növbəti təzahürü olmaqla parlaq mədəni və tarixi hadisədir. Toplaşmış qonaqlar, yaradıcı şəxsiyyətlər və müxtəlif sahələrin nümayəndələri tarixi irsə dair çox şey öyrənməyə imkan verəcək unikal hadisəyə şahidlik edirlər”, – deyə Cahit Bağçı qeyd edib.

Türkiyənin Yunus Əmrə İnstitutunun rəhbəri Şərəf Atəş Azərbaycana səfər etməkdən və adı Azərbaycanın şanlı tarixinə yazılmış Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsənə həsr olunmuş sərgidə iştirak etməkdən məmnun olduğunu bildirib.

“Uzun illər ərzində Heydər Əliyev Fondu ilə birgə layihənin reallaşdırılması üzərində çalışmışıq, türkiyəli həmkarlarımızla birgə sərgi üçün eksponatlar seçilib. Layihə o cümlədən, mədəniyyət sahəsində qardaşlıq münasibətlərimizi təcəssüm etdirir. Dövlət başçılarımız – Türkiyə Prezidenyi Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulamaq istərdim. Ulu Öndərin Türkiyə və Azərbaycan barəsində dediyi kimi, “Bir millət – iki dövlət!”. Sərgi hamıya və xüsusən gənclərə tarixin vacib səhifələrini öyrənməkdə yardım edəcək”, – deyə Şərəf Atəş əlavə edib.

Türkiyə Dövlət Arxivləri Baş İdarəsinin rəisi Uğur Ünal layihənin reallaşdırılmasının bütün türk dünyası üçün vacibliyini vurğulayıb.

“Arxivlərimizdə tarixi dəyər kəsb edən misilsiz sənəd və eksponatlar saxlanılır və şadıq ki, bu layihənin icrasına öz töhfəmizi verə bilmişik. Milyonlarla insan olaraq ümumi dəyərlərimizin olması bunun parlaq nümunəsidir və ölkələrimizin rifahı naminə bundan sonrakı birgə quruculuq işlərinə xidmət edir”, – Uğur Ünal deyib.

Qonaqlara Xalq artisti Munis Şərifovun bədii rəhbərliyi ilə Qədim Musiqi Alətləri Ansamblı, Əməkdar artist Nailə Məmmədzadənin bədii rəhbərliyi ilə “Mirvari” rəqs qrupunun, “Helikon-opera” Moskva Musiqili Teatrının solisti Elnarə Məmmədovanın iştirakı ilə konsert proqramı təqdim olunub.

Qeyd edək ki, bu il Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin (1423 – 1478) anadan olmasının 600-cü ildönümüdür. Bu hadisənin şərəfinə “AzerGold” QSC tərəfindən yubiley pul nişanı, “Azərpoçt” QSC tərəfindən isə poçt markası buraxılıb.

Sərginin “Uzun Həsən və Ağqoyunlu dövləti”, “Ağqoyunlu dövlətinin daxili və xarici siyasəti”, “Ağqoyunlu dövlətində mədəniyyət və incəsənət”, “Sara Xatun – Azərbaycan tarixində ilk diplomat qadın”, “Dəspinə Xatun” və digər bölmələrində Sultan Uzun Həsən haqqında, onun anası, apardığı diplomatik danışıqlar nəticəsində bir çox müharibələrin qarşısını almağa müvəffəq olmuş Sara Xatun, Uzun Həsənin öz gözəlliyi ilə insanları valeh edən həyat yoldaşı Dəspinə Xatun haqqında da məlumatlar yer alıb.

Ekspozisiyadakı “Ağqoyunlu dövlətinin daxili və xarici siyasəti” bölməsində ziyarətçilər Sultan Uzun Həsənin yürütdüyü siyasət, Ağqoyunlu dövlətini kiçik bəylikdən böyük imperiyaya çevirməyə nail olması barədə məlumat alacaqlar.

Sərgidə Uzun Həsən, onun oğlu və davamçısı Sultan Yaqubun zirehləri, XV əsr Azərbaycan cəngavərlərinə aid silahlar da nümayiş olunub. Fərdi kolleksiyada saxlanılan, Uzun Həsənin qılınc və xəncərinin XV əsr texnologiyaları ilə düzəldilmiş replikaları, həmçinin dövrün hərbi ləvazimatlarından olan oxçu üzükləri də sərgidə görmək mümkün olacaq.

“Ağqoyunlu dövlətində mədəniyyət və incəsənət” bölməsinə xüsusi yer ayrılıb. Burada Ağqoyunlu dövlətində mədəniyyət, o cümlədən memarlıq və incəsənətin inkişafını nümayiş etdirən fotoşəkillər, Topqapı Saray Muzeyi tərəfindən təqdim edilən miniatürlərin surətləri ziyarətçilərə təqdim edilib.

Sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Gəncə tarix-diyarşünaslıq muzeyi və Azərbaycan Milli Kitabxanasının fondlarındakı Ağqoyunlu dövrünə aid eksponatlar nümayiş olunur.

Tarixi mənbələrə əsasən, Uzun Həsənin obrazı, mum heykəli və nadir parça növlərindən əl ilə tikilmiş, 1470-80-ci illərin Təbriz miniatürləri əsasında yaradılmış ornamentlərlə bəzədilmiş mərasim geyimi tərtib olunub. Məxsusi olaraq bu sərgi üçün Uzun Həsənin portreti və XV əsrə aid nadir Təbriz miniatürlərinin əks olunduğu xalçalar hazırlanıb. Həmçinin Ağqoyunlu dövrünə aid miniatürlərin olduğu xalçalar, Uzun Həsənin obrazını əks etdirən çini heykəlciklər hazırlanıb. Ekspozisiyada arxeoloji qazıntılar nəticəsində tapılmış və Ağqoyunlu dövlətinə aid olan sikkələr, keramika nümunələri və mis əşyalar nümayiş olunub.

Ağqoyunlu dövrünə aid bəzi məlumatlar həm də multimedia və interaktiv vasitələrlə çatdırılıb. İnteraktiv xəritənin köməyilə ziyarətçilər Ağqoyunlu dövlətinin sərhədləri, onun ərazisindən keçən ticarət yolları, şəhərləri, ən möhtəşəm tikililəri ilə tanış olacaq. Ekspozisiyanın kinozalında Uzun Həsənə həsr edilən sənədli film də nümayiş olunub.

Sərginin suvenir bölməsi isə ziyarətçiləri cəlb edəcək məkanlardan biri olub. Burada Ağqoyunlu dövləti, Uzun Həsənə həsr olunan suvenirlər və digər maraqlı obrazlar sərgilənib.

Sərgi 2024-cü il 17 yanvar tarixinədək davam edəcək.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button