Ölkə

İki gündə üç yeniyetmə cinayəti, bir ölü

Son iki gündə məktəblilər üç qanlı cinayət əməli törədiblər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bakı, Xaçmaz və Şəmkirdə qeydə alınan hadisələrdə yeniyetmələr öz yaşıdlarına bıçaq və kəsici alətlərlə xəsarət yetiriblər. Hadisələrin biri ölümlə nəticələnib.

Bəs görəsən, yeniyetmələr arasında bu aqressiyanın, xüsusilə kəsici alətlərlə zorakılıq hallarının səbəbi nədir?

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı oxu.az-ın suallarını cavablayan Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, müxtəlif psixoloji və sosial səbəblər yeniyetmələrdə aqressiyanın artmasına səbəb olur:

“Tədris ili yeni başlayıb. Məktəbə adaptasiya prosesində şagirdlərin bir qisminin çətinlik yaşadığının şahidi oluruq. Xüsusən davranış pozuntusu olan, çətin tərbiyə edilən məktəblilər bu mərhələdə həm məktəb, həm ailə, həm də cəmiyyət üçün problem yaradırlar. Bu kateqoriyadan olan yeniyetmələrdə aqressiya və kəsici alətlərlə zorakılıq hallarının artmasının müxtəlif psixoloji və sosial səbəbləri var.

Psixoloji baxımdan bu məsələyə bir neçə aspektdən yanaşmaq mümkündür. Buraya emosional tənzimləmənin zəifliyini, ailədə və ətraf mühitdə rast gəlinən zorakılıq nümunələrini, bir qisim yeniyetmələrdə kriminal aləmə meyil və bunun təsirlərini, yaşıdların təzyiqini, özünütəsdiq ehtiyacını və s. məqamları daxil edə bilərik. Belə ki, yeniyetmələr bəzən emosiyalarını, xüsusən də qəzəb və məyusluq kimi güclü hissləri düzgün ifadə edə bilmirlər. Bəziləri aqressiyanı daha tez və qəti bir şəkildə ifadə etməyə meyilli ola bilirlər. Yaşadıqları sosial və emosional təzyiq bəzən onları belə davranışlara sövq edir.

Eləcə də ailədə və ya yaxın mühitlərində zorakılığı normal bir həll yolu kimi gördükləri təqdirdə bu cür davranışları özləri də təkrarlamağa meyilli olurlar. Ailədə və ya olduqları mühitdə zorakılığın adi bir vəziyyət olması uşaqlarda aqressiv davranışların yaranmasına səbəb olur. Eyni zamanda, sosial medianın, kütləvi informasiya vasitələrinin və bəzi qrupların təsirilə kriminal davranışlar romantikləşdirilir. Bu, gənclərdə kriminal aləmə marağın artmasına və zorakı davranışları “güclü” olmaq və ya “hörmət” qazanmaq üçün bir vasitə kimi qəbul etmələrinə gətirib çıxarır”.

Psixoloq qeyd edib ki, yeniyetmələr çox vaxt dostlarının təsiri altında olurlar:

“Bu yaş dönəmində dostluq münasibətləri və ya yaşıd qruplarına aidiyyət hissi çox güclü olur. Əgər qrup daxilində zorakılıq normal davranış kimi qəbul edilirsə, fərd özünü həmin qrupun bir hissəsi kimi hiss etmək üçün belə davranışları təkrar edə bilər. Yeniyetməlik dövrü həm də özünütəsdiq, özünüaxtarma, kimlik formalaşdırma dövrüdür. Bəzən gənclər daxili narahatlıqlarını aradan qaldırmaq və ya özlərini güclü göstərmək üçün aqressiv davranışa meyil edirlər”.

Onun sözlərinə görə, bu kimi problemlərin qarşısını almaq üçün həm ailələr, həm məktəb, həm də cəmiyyət olaraq birgə fəaliyyət həyata keçirilməlidir:

“Ailələr övladlarının davranış və ünsiyyətində hər hansı bir kənaraçıxma müşahidə edirlərsə, bununla bağlı zamanında tədbir görməlidirlər. Eləcə də məktəblərdə yeniyetmələrin emosiyalarını düzgün ifadə etmələri və stresli vəziyyətlərdə daha sağlam üsullardan istifadə etmələri üçün xüsusi təlim proqramları keçirilməlidir. Valideynlər və məktəb arasında əməkdaşlıq olmalıdır ki, uşaqlar həm ailədə, həm də məktəbdə eyni qayğı və nəzarət altında olsunlar. Ailələr övladları ilə daha yaxın münasibət qurmalı, onlara dəstək olmalıdırlar. Yeniyetmələrə pozitiv nümunələr təqdim etmək vacibdir. Müəllimlər, valideynlər və cəmiyyətin digər üzvləri öz davranışları ilə zorakılıqdan uzaq olmağın, empatiya və qarşılıqlı hörmətin vacibliyini vurğulamalıdırlar. Eyni zamanda yeniyetmələrin boş vaxtlarını faydalı fəaliyyətlərə sərf etmələri üçün idman, incəsənət və ya digər sosial layihələrə cəlb olunmaları onların aqressiv davranışlardan uzaqlaşmasına kömək edə bilər. Ümumiyyətlə, bu məsələdə həm cəmiyyətin, həm də fərdlərin ciddi rolu var. Cəmiyyət olaraq yeniyetmələrə daha çox dəstək vermək, onları dinləmək və problemlərinin həllində onlara yardım etmək lazımdır”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov hesab edir ki, baş verən neqativ hadisələrin əsas səbəbi məktəblərdə, ailələrdə tərbiyə işinin düzgün və yüksək səviyyədə olmamasıdır:

“Biz xoşagəlməz tendensiyaları görürük. Belə halların sürətlə artması narahatedici məsələdir. Bunun kökündə duran əsas məqam ailələrdə və məktəbdə tərbiyə işinin düzgün qurulmamasıdır. Məktəb və ailə prosesdə öz rolunu icra edə bilmir. Buna görə də uşaqlar sosial medianın, kriminal aləmin təsirinə düşürlər. Tərbiyə işi yüksək səviyyədə qurulsa idi, vəziyyət və şərait fərqli olardı. Biz uşaqlara düzgün tərbiyə verməliyik. Bu gün Azərbaycan ailəsi övladının təhsilinə önəm verir, məktəblərin də öz rolu var, amma tərbiyə işi hər ikisində də kölgədə qalır. Bu, ciddi problemdir və qarşısını almaq lazımdır. Konkret proqram, sistem, proses olmalıdır. Bu istiqamətdə addımlar atılmayana qədər heç nəyə nail ola bilməyəcəyik. Planlaşdırılmış, düşünülmüş, ölçülmüş, biçilmiş, əvvəlcədən müəyyən edilmiş strategiya əsasında işləri, tədbirləri davam etdirməliyik. Bunu etməsək, gələcək bizim üçün çətin və mürəkkəb olacaq”.

Təhsil məsələləri üzrə ekspert Elçin Muradın sözlərinə görə, şagirdlərin 15-20 yaş arası vaxtları çətin dövrdür:

“Bu ərəfələrdə şahid olduqları səhnələr onların psixologiyasına birbaşa təsir edir. Buna baxdıqları seriallar, filmlər, verilişlər daxildir. Bunların arasında ən çox təsir edən faktor isə “TikTok” sosial şəbəkəsidir. Çox təəssüf ki, şagirdlərimiz internetin yaxşı tərəflərindən yararlanmaq əvəzinə, belə mənfi tərəfinə meyil edirlər”.

Ekspertin fikrincə, məktəblərdə intizamsızlıq var:

“Məktəblərdə bu halın yaşanmasının səbəbi odur ki, orada intizamsızlıq hökm sürür. Bunun çarəsi əvvəla, güclü nizam-intizamdır, ikincisi – məktəb psixologiyasını aktiv vəziyyətə gətirməkdir, üçüncüsü – uşaqların ən böyük bəlası olan mobil telefonlardan istifadəni məhdudlaşdırmaqdır, cinayətə meyilli vəziyyəti nəzarətdə saxlamaq üçün isə Elm və Təhsil Nazirliyinin Daxili İşlər Nazirliyi (DİN) ilə birgə əməkdaşlıq yaratmasıdır. Ayda və ya həftədə bir dəfə, xüsusilə oğlan şagirdlərə bir DİN əməkdaşı tərəfindən psixoloji seminar keçirilməlidir. Etdikləri hərəkətlərin nələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq olunmalıdır”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə 14-17 yaşda olan 494 yeniyetmə cinayət törədib. Cinayətlərin artım dinamikasına uyğun olaraq, yeniyetmə məhkumlar da çoxalıb. Təkcə 2023-cü ildə 14-17 yaşda olan 310 yeniyetmə müxtəlif cinayət hadisələrinə görə məhkum olunub.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button