İqlim vəziyyətini anlamaq üçün perspektivləri müəyyənləşdirən xəritə lazımdır – “Inner Development Goals”
İqlim vəziyyətini anlamaq üçün vacib daxili bacarıqları, qabiliyyətləri və perspektivləri müəyyən edən bir xəritə tələb olunur.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu “Inner Development Goals” təşkilatının həmtəsisçisi Erik Fernholm “Daxili inkişafı istifadə edərək regenerativ və imkanları genişləndirən şəhərlərə keçidi dəstəkləmək” mövzusunda panel müzakirəsi zamanı bildirib.
“Bizim davamlılıq böhranımız yoxdur, bizim davranış böhranımız var. Buna biz özümüz cavabdehik. Bu emosional bir prosesdir: əgər biz mənfi emosiyaların öhdəsindən gəlib onları idarə edə bilməsək, vəziyyəti anlaya bilmərik. Biz özümüzü qoruyuruq, haqlı olduğumuzu sübut etməyə çalışırıq və eyni şəkildə yaşamağa davam edirik”, – o qeyd edib.
Onun sözlərinə görə, vacib olan şey problemlərimizin öz hərəkətlərimizdən qaynaqlandığını anlamaqdır.
“Bu, bir həqiqətdir, amma ümidverici odur ki, bunu başa düşərək, harada dəyişiklik edə biləcəyimizi görürük. Biz mənalı bir həyat yaşamaq istəyirik və daha yaxşı bir gələcəyə yatırım etməyə hazırıq”, – o əlavə edib.
E.Fernholm vurğulayıb ki, problemi anlamaq üçün lazımi bacarıqları müəyyənləşdirən daxili məqsədlər xəritəsi tələb olunur.
“Bizim sistematik düşünməyimiz, yeni perspektivlər tapmağımız və hərəkət etməyimiz vacibdir – həm fərdi, həm də kollektiv olaraq”, – o əlavə edib.
Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Milli.Az