İrəvanda yeni mərəz: “Pashinyan Pictures” təqdim edir
Qonşu dövlətlərlə “komplimentar siyasət” yürütmək adı ilə xarici siyasətini əliqumbaralı primatın davranışına çevirmiş Nikol Paşinyan indi yeni taktikaya əl atıb
Ermənistanın baş naziri Nikol Paşinyan məziyyətlərinə yenisini əlavə edib. Onun bilavasitə göstərişi ilə hökumət son həftədə artıq üçüncü dəfədir ki, film və videoçarx çəkilişlərini sifariş verir.
İrəvanda çıxan “Hrapark” (“Meydan”) qəzetinin yazdığına görə, N.Paşinyanın müvafiq əmrindən sonra Ermənistandakı özəl studiyalardan biri ilə 21 milyon dram məbləğində müqavilə imzalanıb. Sənədin şərtlərinə görə, həmin vəsaitin 13 milyon dramı “mövcud dövlət proqramlarından bəhs edən” 70 qısa videofilmin, yəni videoçarxın çəkilişlərinə sərf olunmalıdır.
Daha 5 milyon dram isə bilavasitə Nikol Paşinyanın komandasının “gərgin fəaliyyətini əks etdirən” 4 sənədli filmin çəkilişinə ayrılıb.
Baş nazir postuna ikinci dəfə seçilməyi bacaran, lakin son aylarda hakimiyyətinin dayaqları zəifləməyə başlayan N.Paşinyan üzləşdiyi problemlərinin sayının sürətlə artdığını anlayaraq daxili auditoriyaya ünvanlanmış təşviqat işini sürətləndirməyə qərar verir.
Sosial bazasının bərpa edərək genişləndirməklə yanaşı, elektoral bazasındakı böhranı aradan qaldırmağa çalışan Paşinyan ilk baxışdan bəsit təsir bağışlasa da, ermənilərə xitab baxımından dürüst yol seçdiyini düşünür.
Son parlament seçkilərindən bəri Ermənistandakı potensial seçicilərin seçimi, xüsusilə də rəğbəti və dəstəyi uğrunda ciddi mübarizə gedir.
Hazırda üç əsas mərkəz Ermənistan vətəndaşlarının şüuru uğrunda mübarizə aparır.
Onlar ABŞ və Avropa İttifaqı ölkələri, Rusiya-İran tandemi və erməni diasporudur.
Sosial şəbəkələrlə mediada “kollektiv Qərb” adlandırılan Birləşmiş Ştatlar və Avropa İttifaqının Ermənistanla bağlı strategiyası çoxdan bəllidir.
Qərb erməniləri Rusiyanın tam asılılığından çıxararaq fərqli yolu seçməyə, onillərdən bəri davam edən staqnasiya, ideoloji, iqtisadi, maliyyə və siyasi böhrandan uzaqlaşmağa sövq etmək, qərbmeylli inkişaf yoluna yönləndirmək niyyətindədir.
Avropa İttifaqı bunu Cənubi Qafqazda əlavə təsir imkanları əldə etmək, ABŞ isə İranın şimalında və Rusiyanın cənubunda yerləşərək Vaşinqtonun subregional planları üçün xüsusi əhəmiyyət kəsb edən Ermənistanı kontrolda saxlamaq istəyir.
Rusiya Federasiyası və İran ermənilərlə bağlı tandem sayılsa da, əksər məsələlərdə onlar situativ müttəfiqliyi unudaraq geosiyasi rəqiblərə çevrilirlər.
Naxçıvanla Azərbacanın qalan hissəsini birləşdirəcək Zəngəzur dəhlizinin yaradılmasına mane olmağa çalışan Tehran rejimi Ermənistanla ümumi sərhəddən məhrum olacağını və sonucda Qara dənizə çıxışı itirəcəyini düşünür.
Tehran mollakratiyası Ermənistanı onu Avrasiya ilə bağlayan çox önəmli həlqə saydığından bölgədəki sərhədlərin dəyişəcəyi halda hərbi gücdən istifadə edəcəyinri deyir.
“Vilayəti-fəqih” ideologiyası və mollalar tərəfindən idarə olunan İran 44 günlük İkinci Qarabağ Müharibəsi bölgədə yeni reallıqlar yarandığını gördüyündən əsrlər boyu Rusiyanın himayəsi altında olan erməniləri sürətlə öz tərəfinə çəkməyə başlayıb.
Təbii ki, bu da Rusiyanı narahat edir. Moskva heç bir halda İranın bölgədə güclənməsini, ələlxüsus da Ermənistana geosiyasi təsir rıçaqlarına yiyələnməsini istəmir və bu səbəbdən də zahirən bir sıra konseptual məsələlərdə Tehranla tandem təsiri bağışqlasa da, ermənilərin fars rejiminin əlaltısına çevriləcəyi təqdirdə Cənubi Qafqazda ifrat zəifləmək təhlükəsi ilə qarşılaşacağını anlayır.
Erməni diasporu sadalanan güc mərkəzlərinin hamısından fərqli olaraq rəsmi İrəvanı idarəetmə mexanizmlərini bərpa etmək niyyətindədir.
Nikol Paşinyan “sprük”, yəni erməni diasporu ilə əlaqələrini normallaşdırmağa çalışsa da, Fransa və ABŞ-da məskunlaşmış ermənilərin İrəvandakı hakimiyyət qarşısında tələbləri fərqlidir.
Birləşmiş Ştatlardakı ermənilər İrəvanın Vaşinqton, Fransadakı “sprük” isə Paris korrektivləri çərçivəsində xarici siyasət yürütməsini istəyirlər ki, bunu da Paşinyan hakimiyyəti bacarmır və daha doğrusu, istəmir də.
Nikol Paşinyan həmişəki ampluasına sadiq qalaraq, hamını razı salmaq və hamıdan faydalanmaq istəyir.
Bu isə reallaşması mümünsüz məsələdir – daxili auditoriyaya hesablanmış videoçarxlarla filmlər çəkilsə də…
Elçin Alıoğlu
Milli.Az