Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında Vaşinqotonda baş tutan danışıqlar gözlənildiyi kimi, Minsk qrupunun digər üzvü Rusiyada birmənalı qarşılanmayıb.
Media və siaysi dairələrdə rəsmi İrəvan yenə tənqid olunub. Məsələn,”Kommersant” nəşri bu görüşü ATƏT-in Minsk qrupunun sonu olaraq xarakterizə edib və bu görüşü daha çox ABŞ, Rusiya və Fransanın Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması prosesində liderliyi ələ almaq yarışına qoşulma kimi xarakterizə edib. Nəşrdən bir sitat: “…danışıqlardan sonra kameralar qarşısında dövlət katibi Entoni Blinkenin üzündən nikbinlik yağırdı. Nəşr diqqəti ona yönəldib ki, analoji nikbinliyi Mirzoyan və Bayramov barəsində söyləmək olmur.
Kremlə yaxın “Nezavisimaya qazeta”a isə diqqəti Laçın dəhlizində Azərbaycanın quraşdırdığı sərhəd keçid məntəqəsinə yönəldib. “İrəvanlı analitik Boris Navasardyanın sosial şəbəkələrdə qeyd etdiyi kimi, erməni tərəfi başa düşməlidir ki, bu keçid məntəqəsi birdəfəlik və əbədi olaraq quraşdırılıb. O, yalnız mümkün yeni müharibə zamanı yox ola bilər. Heç bir tənqid Azərbaycanı bu keçid məntəqəsini ləğv etməyə məcbur etməyəcək və Ermənistan tərəfinin vəzifəsi bu obyektdən maksimum fayda əldə etmək, məsələn, yükdaşımalara birgə nəzarətlə bağlı Azərbaycan tərəfi ilə dialoqa başlamaqdır.
Nəşr diqqəti ona yönəldir ki, İrəvanla Xankəndi arasında münasibətlərdə daha bir çat yaranıb. “Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Laçın dəhlizinin təhlükəsizliyini təmin etmək üçün geniş mandata malik beynəlxalq sülhməramlılar cəlb olunmalıdır. Xankəndi (Rusiya nəşri ənənəsinə sadiq qalaraq şəhəri Stepanakert adlandırmaqda davam edir) hesab edir ki, bu bəyanat Rusiya sülhməramlı kontingentinin fəaliyyətinə kölgə salır. “Qarabağla bağlı Ermənistanın baş naziri mövqeyindən maksimum uzaqlaşıb. Xüsusilə, separatçıların “dövlət naziri” Qurgen Nersesyan deputatların sualını cavablandırarkən bildirib ki, tanınmamış respublikanın nümayəndələri ilə Ermənistan hakimiyyətinin bir dənə də olsun bəyanatı müzakirə olunmayıb. O, İrəvanla birbaşa əlaqə saxlamadığını, yalnız qondarma qurumun XİN vasitəsilə əlaqə saxladığını vurğulayıb”, – deyə Rusiya nəşri yazıb.
Azər Nuriyev
Milli.Az