Uncategorized

İrəvan bərk silkələnəcək – Azərbaycan Paşinyana və “sahibinə” şans tanımır

Ermənistan rəhbərliyi hamilərinin tapşırığını yerinə yetirmək barədə düşünürsə, sülhdən, regionda sabitlikdən söhbət etməməlidir. Son vaxtlar demək olar hər gün Azərbaycan-Ermənistan sərhəddində baş verən hərbi təxribatlardan, rəsmi İrəvandan danışıqlar prosesinə xələl gətirəcək bəyanatlardan o qənaətə gələ bilərik ki, qarşı tərəf heç bir formatda Bakı ilə sülh müzakirəsini ciddiyə almayıb, sadəcə bundan vaxt qazanmaq məqsədi ilə istifadə edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu məqamı çox yaxşı müşahidə edən Prezident İlham Əliyev bugün Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı tutarlı bəyanatları ilə yenidən diqqət mərkəzinə düşdü. Dövlət başçısı son günlər istər süni gərginlik yaradıb sülh danışıqlarını dalana dirəmək istəyən Ermənistan hərbi-siyasi rəhbərliyinə, istərsə də Nikol Paşinyanın hamilərinə hadisələrin bu cür cərəyan edəcəyi təqdirdə hansı proseslərin qaçılmaz olacağı ilə bağlı təəssüratlarının formalaşması üçün lazımı xəbərdarlıqları edib.

“Bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm bizə lazımdır, həm daha çox Ermənistana lazımdır. Bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sülh anlaşmasında postmüharibə reallıqları nəzərə alınmalıdır. Bu, təbiidir. Biz qalib gəlmişik, biz qan tökmüşük, şəhidlər vermişik”, – deyən dövlət başçısı bir daha 44 günlük Vətən müharibəsinin Azərbaycan torpaqlarında getdiyini xatırlatmaqla heç kimin öz torpağında müharibə aparıb, haqq-ədaləti bərqərar etdiyinə görə Azərbaycana qarşı qərəzli mövqe tutmağa haqqının olmadığını və bu mövqenin nəyisə dəyişməyəcəyini bildirmiş olub.

Dövlət başçısı eyni zamanda Ermənistanla sülh müqaviləsinin mətnindəki detalların razılaşdırma mərhələsinə yaxınlaşdıqca kənar aktorların geosiyasi ambisiyalarının da artmasına da səssiz qalmayıb. Prezident İlham Əliyev açıq şəkildə Ermənistana hamilik edən Qərb dairələrinin ikili standartlarının rəsmi Bakının qərarında, bölgənin və regionun gələcəyi ilə bağlı planlarında hər hansı bir “pay” sahibi olmaq ehtimalının sıfra bərabər olduğunu gizlətməyib.

“Bizi qisasçılıqda ittiham edənlər qoy gedib güzgüyə baxsınlar. Biz qisas yox, ədalət tələb edirik. Biz tələb edirik ki, haqq-ədalət qorunsun. Biz tələb edirik ki, bizim daxili işlərimizə heç kim müdaxilə etməsin. Biz tələb edirik ki, bütün ölkələr sözdə yox, əməldə bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşsın və belə olan halda biz də onların ərazi bütövlüyünə hörmətlə yanaşacağıq”,- deyə fikirlərə çıxışında xüsusi yer ayıran Azərbaycan Prezidentinin bu sözlərinin kimə ünvanlandığı gün kimi aydındır. Dövlət başçısı hazırda Ermənistan başda olmaqla, onun üzərindən Azərbaycana qarşı soyuq savaş elan edən Fransa, İran kimi ermənipərəst dövlətlərə də növbəti dəfə bəyan etmiş oldu ki, əgər Azərbaycanın ərazi bütövlüyünü tanıyırsınızsa, Qarabağın Azərbaycanın legitim ərazisi olması ilə bağlı fikilərinizə sadiqsinizsə, niyə o zaman bölgədəki erməni separatçılarını silahlandırmağa, onlara hər cür yardım etməyə, revanş cəhdlərini yenidən alovlandırmaq istiqamətindəki addımlara ara vermirsiniz?

Qondarma rejimi silahlandırmaq, ona külli miqdarda maliyyə yardımı ayırmaq Azərbaycana qarşı yeni ərazi iddialarına rəvac verməkdən başqa bir şey deyil

Sərhəddə cərəyan edən proseslərdə Ermənistandan savayı, adıçəkilən qüvvələrin əli olduğu istisna edilmir. Bununla bağlı rəsmi Bakının əlində kifayət qədər çox faktlar, dəlil-sübutlar var, mediada işıəqlandırılanlar isə bunların sadəcə bir hissəsidir. Nəzərə alsaq ki, sərhəddəki təxribatlar sülh müqaviləsi üçün lazım olan mübahisəli məsələlərin həllini asanlaşdırmaq xəttinə yaddır, o zaman demək ki, bölgədə sülh üçün tək Azərbaycanın bu istəkdə olması yetərli olmayacaq.

Ermənistan tərəfi İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətlə yanaşı bu gün postkonlikt dövründə də Azərbaycan qarşısında ciddi geriləmə yolunu tutub. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Şanlı Zəfərimizi siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirdik, nə də bu gün bizə qarşı aparılan çirkin kampaniyanın heç bir əhəmiyyəti yoxdur və olmayacaq. Bizim iradəmizə heç kim təsir edə bilməz!

Buna Azərbaycan aprelin 23-də ən yaxşı nümunəni Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini yaratması ilə göstərdi. Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi Azərbaycanın çox güclü siyasi iradəsinin göstəricisi oldu. Bu qərar, bu addım düşünməyə ciddi əsas verir ki, Azərbaycan yaxın gələcəkdə daha ciddi uğurlu addımlarla həm Ermənistan hərbi-siyasi rəhbərliyini, eyni zamanda ona havadrlıq sevdasına düşən qüvvələri növbəti dəfə məyus edə bilər.

Bunu rəsmi İrəvan mütləq şəkildə hesaba qatmalıdır. Nikol Paşinyan hakimiyyəti bir şeyi anlamalıdır ki, geosiyasi risklər artdıqca Azərbaycan öz ərazi bütövlüyünə, təhlükəsizlityinə yanaranan təhdidləri dəf etmək üçün qabaqlayıcı tədbirlər görmək zərurətini hiss edə bilər. Bunun üçün Azərbaycanın əlində bütün imkanlar var. Həm hərbi və siyasi vəziyyət, eləcə də beynəlxalq hüquq konteksindən məsələyə yanaşanda rəsmi Bakının istənilən addımı atmaq imkanları çox böyükdür.

Ölkə başçısı bu gün Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı bununla bağlı vacib açıqlamalar etdi: “Son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücümüzü göstərmişik, birincisi, onların hərbi təxribatlarına cavab olaraq. İkincisi, onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr nəticə onlar üçün acınacaqlı olacaq”.

Prezident İlham Əliyev bir daha Ermənistana yaxın keçmişdə buraxdıqları səhvlərinin hansı nəticələrə gətirib çıxartdığını xatırlatmaqla növbəti təxribatlarının hansı aqibətlə yekunlaşacağına dair Ermənistan rəhbərliyində konkret fikir formalaşması üçün bir zaman vermiş oldu. Dövlət başçısının bu açıqlamasını eyni zamanda Ermənistan rəhbərliyinin Azərbaycanla sülh danışıqlarına sadiq qalıb, üçüncü-kənar qüvvələrin təkidi ilə masadan qaçmasının rəsmi İrəvan üçün doğru qərar olmayacağı kimi də şərh edə bilərik.

Ölkə lideri Ermənistan hərbi-siyasi rəhbərliyinə bu qədər təxribatlar qarşısında Azərbaycanın özünü təmkinlə apardığına eyham vurub. Prezident bunun səbəbini belə izah edib: “Biz heç vaxt tələskənliyə yol verməmişik, buna ehtiyac yoxdur. Bu gün güc də bizim tərəfimizdədir, zaman da bizim mövqeyimizi gücləndirir, beynəlxalq hüquq da. Dünya ictimaiyyəti artıq birmənalı şəkildə Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz gözləyə bilərik. Yenə də deyirəm, biz tələsmirik”, – deyə dövlət başçısı bildirib”.

Prezident İlham Əliyev yaxın aylarda Ermənistanla imzalanacaq sülh sazişinin hazırlanmasında hüquqi baza rolunu oynayacaq beş prinsipi dəfələrlə sadalayıb. Həmin beş prinsipə əsasən, sülh sazişi Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq, bir-birinin ərazi bütövlüyünü tanımasını, qarşılıqlı şəkildə hər hansı ərazi iddialarından imtinasını, güc və təhdid tətbiq etməməsini, sərhədlərin delimitasiyasını və kommunikasiyaların açılmasını özündə əks etdirəcəyi qeyd edilsə də, rəsmi İrəvan ipə-sapa yatmaq fikrində deyil. Belə təəsürat yaranır ki, Ermənistanın taleyi yenə beynəlxalq aktorların ambisiyalarının qurbanına çevriləcək.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində kifayət qədər ciddi irəliləyişlərin mövcud olduğu bir vaxtda Nikol Paşinyan hakimiyyətinin süldən qaçmaq siyasəti sözsüz ki, eskalasiya riskini durmadan artırır. Yaxın tarixdə sülh sazişinin imzalanması baş tutmayacağı təqdirdə Ermənistanın yaxın perespektivdə mövcudiyyəti məsələsi də inandırıcı görünmür, real səslənmir. Çünkü revanş cəhdindən əl çəkməyən, qondarma rejimə maliyyə yardımı ayırmaqla ərazi iddiasını ortaya qoyan bir dövlət Azərtbaycan üçün real təhlükə predmetidir və rəsmi Bakı bu istiqamətdə bütün zəruri addımları atacaq.

Təhməz Əsədov
TREND

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button