Siyasət

İran səfirliyimizə qarşı aktı terror kimi qəbul edəcəkmi?

27 yanvar 2023-də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən akt İran tərəfindən sadəcə hadisə olaraq qiymətləndirilir və terror aktı kimi elan olunmayıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, avqustun 13-də İran ölkənin cənubunda yerləşən Fars vilayətində Şah-Çeraq ziyarətgahına qarşı terror aktının törədildiyini elan edib. Terror aktı nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

İranın təhlükəsizlik qüvvələri terror aktını törədən şəxsi elə ziyarətgahın həyətində dərhal özünəməxsus “ustalıqla” saxlayıblar. Sonradan isə terrorçunu demək olar ki, “ölüncə” döyüblər. Hətta onun Tacikistan vətəndaşı olduğunu bildirərək hadisə ilə əlaqədar 10 nəfərin saxlanıldığını iddia ediblər.

Maraqlıdır, bəs, niyə Tehrandakı səfirliyimizə qarşı terror aktında İranın təhlükəsizlik qüvvələri bu qədər “canfəşanlıq” və “ustalıq” göstərmədilər? Səfirliyimizin kameralarında açıq-aydın görünürdü ki, terrorçu öncədən “tapşırılmış plan” üzrə hərəkət edir, İranın təhlükəsizlik qüvvələrinin isə hadisədən xəbəri “yoxdur”. Belə çıxır ki, İranın təhlükəsizlik qüvvələri gecələr yatmır, “lazım” olan hər bir hadisəyə gecikmədən yerindəcə reaksiya verir və terrorçunu saxlayır. Lakin səhər və gündüz baş verən “göstərişli” terraktlardan xəbər tutmur və bu hadisənin ailə-məişət zəminində baş verdiyini bildirərək məsələdən yayınmağa üstünlük verir.

Ötən gün (14 avqust) İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda jurnalistlərlə mətbuat konfransı keçirib. Mətbuat konfransında iranlı nazir terror aktını “qisas hadisəsi” adlandırıb. Nazir hətta diplomatik nümayəndəliklərin təhlükəsizliyinin qorunmasında İranın məsuliyyət daşıdığını qeyd edib.

Hər bir ölkədə diplomatik nümayəndəliklərin təhlükəsizliyi xüsusi şəkildə qorunur. Ancaq səfirliyimizə qarşı terror aktında təhlükəsizlik kameralarında qeydə alınan kadrlar bu aktın heç də qisas hadisəsi olmadığını və polislərin uzaqdan qalaraq hadisə gedişatını seyr etdiyi gün kimi aydın görünür. Görünür İranda səfirliyimizə qarşı terror aktının arxasında dayanan təşkilatlanmış qruplar terror aktı və ondan sonrakı proseslərin sadəcə onların istədiyi kimi irəliləməsini istəyirlər.

Daha maraqlı fakt isə, 13 avqustda baş verən terror aktını törədən şəxsin başına torba salıb aparmaları idi. Təbii ki, dünyanın hər bir yerində terrorçu saxlanması və bir yerə aparılması xüsusi qaydalar çərçivəsində həyata keçirilir. Lakin səfirliyimizə qarşı terror aktı törədən terrorçunun özündən və övladlarından özü də hadisə yerində jurnalistlər tərəfindən sərbəst şəkildə müsahibə alınması əsil “şou” idi. Göründüyü qədəri ilə İran bu şounu göstərməklə terrorçular arasında fərq qoyduğunu təkcə öz vətəndaşlarına deyil, bütün dünyaya mesaj verdi.

Yenə də çoxlu suallar açıq qalmaqdadır. İran niyə diplomatik nümayəndəliyimizin təhlükəsizliyini lazımi qaydada qorumayıb? İran niyə bu hadisəni terror aktı adlandırmır? İran niyə terror aktının təşkilatlanmış şəkildə və səbəbkarların sayının çox olduğunu və sadəcə bir nəfər tərəfindən həyata keçirildiyini qəbul etmir?

Bu sualları uzun uzadı davam etdirmək olar.

İran tərəfi anlamalıdır ki, bu suallara cavab tapmadan, sadəcə bir nəfəri cəzalandırmaqla məsələnin bitdiyini elan etmək çox absurd addımdır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button