“İstifadə et, sonra at”: İrəvan qarabağlı ermənilərlə alver edir, Rusiyaya meydan oxuyur
Ermənistan rəhbərliyi qarabağlı erməniləri siyasi alver hədəfinə çevirərək onların taleyi ilə oyunu tam normal gediş sayır. Bu mənəviyyatsız taktikanın məqsədi isə Rusiyaya təzyiq göstərmə və Qərbdən imtiyazlarla dəstək almaqdır.
Azərbaycanla danışıqlarda Ermənistana təzyiq göstərilir, İrəvan prosesin uzadılması kursunu götürüb.
Bu barədə erməni politoloq Suren Surenyants deyib. O bildirib ki, həm Moskva, həm də Vaşinqton tərəfindən Ermənistana güclü təzyiq var:
“Erməni tərəfinin danışıqları ləngitməsinin səbəblərini açıqlamayacağıq. Niyə belə etdiyi aydındır. Çünki istənilən halda, hansı ölkənin moderator kimi çıxış etməsindən asılı olmayaraq, qərar Ermənistanın xeyrinə olmayacaq. Brüssel meydanının həyat qabiliyyətini itirməsi fonunda Vaşinqton-Moskva rəqabəti açıq-aydındır. Rusiya üçtərəfli görüşü (XİN rəhbərləri) artıq elan edib və ləğv edəcək tərəf üçün ciddi problemlər yarana bilər”.
Surenyants Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Laçın dəhlizinə Fransa missiyasının göndərilməsi ilə bağlı aparılan danışıqlarla bağlı açıqlamasına da münasibət bildirib:
“Qriqoryan hələ də uşaq nağıllarına inanır. Əgər Azərbaycan Rusiya sülhməramlılarının regionda təsirini azaltmağa səy göstərirsə, o zaman Laçında beynəlxalq missiyaya razı olarmı? Əlbəttə, yox! Bu məsələ ATƏT, yaxud BMT-də müzakirə oluna bilər. Azərbaycan ATƏT-də birmənalı olaraq veto hüququndan istifadə edir və BMT Təhlükəsizlik Şurasında isə Rusiya bu hüquqdan istifadə edəcək. Görünür, Qriqoryan tam anlamadığı şeylərdən danışır və onun sözləri çox ciddi qəbul etməməlidir”.
Xankəndindəki separatçı rejimin rəhbəri Araik Arutyunyanın “Antiböhran Şurasının rəhbəri” təyin etdiyi Tiqran Petrosyan da Rusiyanın Sülhməramlı Kontingentinin (RSK) komandanlığını və eyni zamanda, rəsmi Moskvanı təhdid etməyə çalışıb.
Onun dediyinə görə, RSK komandanı, general-polkovnik Aleksandr Lentsovla görüşdən narazı qalıb.
“Onunla görüşdük, sərt danışdıq. Dedim ki, qarabağlı ermənilərdə rusiyalı sülhməramlılara olan etibar xeyli azalıb. Əgər belə davam edərsə, deməli, Rusiya da üçtərəfli bəyanatın şərtlərini kobud şəkildə pozur. Söylədik ki, əgər Laçın yolunda azərbaycanlıların nəzarət-buraxılış məntəqəsi ən qısa zamanda götürülməzsə, BMT-yə və beynəlxalq təşkilatlara müraciət hüququmuzu özümüzdə saxlayırıq. Onu da dedi ki, belə olarsa, istədiyimiz kimi hərəkət edəcəyik”, – T.Petrosyan söyləyib.
Onun sözlərinə görə, A.Lentsov əsas vəzifəsinin Azərbaycanın sərhəd-nəzarət buraxılış məntəqəsinin götürülməsi olduğunu və bu məqsədlə Azərbaycan tərəfi ilə üç-dörd saat danışıqlar apardığını söyləyib: “Ən yaxın günlərdə hər şey bəlli olacaq. Rusiyalı sülhməramlılar öhdəliklərini yerinə yetirməsələr, Rusiyaya qarşı aksiyalar təşkil edəcəyik”.
Daha sonra Ermənistan İctimai Televiziyasına müsahibəsində o, Xankəndindəki rejimin Həkəri üzərindəki SNBM-də yüklərin, nəqliyyat vasitələrinin və şəxslərin yoxlanması üçün rentgen skanerlərinin quraşdırılmasına etiraz etmədiklərini vurğulayıb. Amma “bir şərtlə”: “Məntəqədə rusiyalı sülhməramlılar olmalı, azərbaycanlılar isə prosesi yalnız onlayn izləməlidir”.
Xankəndində Araik Arutyunyanın çantadaşıyanı və “Dombagöz” ləqəbi ilə tanınan, özünü ciddi siyasi fiqur saysa da, maksimum təlxək rolunu bacara biləcək Tiqran Petrosyan deyəsən, hesab edir ki, rusiyalı sülhməramlıların qarşısında hansısa aksiya keçirməklə Moskvanın qərarlarına təsir etmək, yaxud Azərbaycan sərhədçilərinin SBNM-i tərk etməsinə nail olmaq mümkündür.
Aşkar şizofreniya və ya primitiv propaqanda təzahürü kimi dəyərləndirilə biləcək belə açıqlamalarla Xankəndindəki separatçı rejimin digər mənsubları, habelə həmin rejimi devirərək “hakimiyyət”ə gəlmək istəyən hərbi cinayətkar Samvel Babayan, Rusiyanın Xankəndinə yolladığı Ruben Vardanyan və s. də çıxış edirlər.
Onlar taktiki baxımdan aqressiv ritorikanı seçməklə strateji müstəvidə Rusiya Federasiyasının hakimiyyətini RSK-ya “müvafiq göstəriş” verməyə sövq edəcəklərini düşünürlər.
Xankəndindəki isterikanın idarə edildiyi İrəvandakı hakimiyyətlə yanaşı, müxalifət də eyni məcrada hərəkət edir.
Belə ki, Ermənistanın baş naziri Nikol Paşiyanın arvadı Anna Hakopyanın idarə etdiyi “Haykakan Jamanak” (“Erməni vaxtı”) qəzetində “Meyvə bağında dayanan sülhməramlı müqəvva”” başlıqlı böyük məqalə dərc olunub.
Yazı İrəvanın rəsmi mövqeyi də sayıla bilər, çünki bu qəzet birmənalı olaraq N.Paşinyanın mövqeyini əks etdirir.
“Haykayan Jamanak” Rusiya Sülhməramlı Kontingentinin (RSK) hərbçilərini bostan müqəvvasına bənzədib: “Sülhməramlı qoşunların fəaliyyəti meyvə bağındakı müqəvvanı xatırladır. Başqa müqayisə mümkün deyil. Müqəvva quşları qorxutmalı və ağacların meyvələrini dimdikdlənməkdən qorumalı idi. Lakin quşlar müqəvvanın sadəcə, bostan oyuğu olduğunu anladıqları üçün ona əsla fərq qoymurlar, istədiklərini edirlər. Bir sözlə, müqəvvaya əhəmiyyət vermirlər və hətta onun başını murdarlayırlar”.
Paşinyanın arvadı RSK-nın qarabağlı ermənilərin təhlükəsizliyini təmin etdiyinə və ya edə biləcəyinə inanmır.
Daha sonra isə Rusiya hədələnir, Qərbə tərəf reverans edilir: “Əgər Rusiya qarabağlı ermənilərin hüquqlarının və təhlükəsizliyinin qarantı ola bilmirsə, onda BMT Təhlükəsizlik HŞurasının mandatına uyğun olaraq yerlərini beynəlxalq sülhməramlı qüvvələrin gəlişi üçün boşaltmalıdırlar”.
Müəllif Rusiyanı birbaşa, açıq şəkildə suçlamasa da, yazının ümumi məzmunu və süjeti “Rusiya pis, Qərb yaxşıdır” narratividir.
O da maraqlıdır ki, Rusiyanın və rusiyalı sülhməramlıların sərt tənqid olunduğu yazı “Haykakan Jamanak”ın saytının rus dilindəki versiyasında yox, sadəcə, ermənidilli versiyadadır.
Anna Akopyanın “baş redaktor” olduğu qəzetin yazı ilə məhz daxili auditoriyaya, ermənilərə xitab etməsi də təsadüfi deyil. 44 günlük İkinci Qarabağ Müharibəsi başa çatan gündən bəri Ermənistan sakinləri arasında Rusiyanı “ermənilərə xəyanətdə və Azərbaycana tam dəstək vermək”də ittiham edənlərin sayı fasiləsiz artır.
Paşinyan administrasiyası da ölkəni Qərbə meylləndirməyə yönəlmiş kursunda zəruri sosial və elektoral baza, habelə ictimai dəstək qismində həmin ermənilərdən yararlanmağa çalışır.
“Haykayan Jamanak”dakı yazı Rusiyada birmənalı mənfi reaksiya doğurub.
Rusiyanın sosial şəbəkələrdəki ən populyar və effektiv təbliğatçılarından olan “Rıbar” baş vermiş olayla yazır: “Əhalinin təqribən 50 faizinin yalnız televiziyaya baxdığı Ermənistanda ənənəvi kütləvi informasiya vasitələrinin çox böyük təsir imkanlarını nəzərə alsaq, belə məqalələr sosiumdakı parçalanmanı daha da gücləndirir. Onlar Rusiyadan şübhələnən, Rusiyaya bədgüman olan insanların sayını artırır və Qərbdə də bunu gözəl anlayırlar. Yaranmış situasiya adi ermənidə Rusiyanın qarabağlı erməniləri qoruya bilməməsi təəssüratı yaradır, Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması istiqaməğdə proseslərin davamı üçün gərəkli informasiya fonu yaradır”.
Rəsmi İrəvanın təbliğat maşını, siyasətçilər, dövlət mənsubları və s. ilk əvvəl qarabağlı erməniləri, sonra da Ermənistan vətəndaşlarını inandırmağa çalşıırlar ki, Rusiya Sülhməramlı Kontingentinin komandanlığı Azərbaycanın öz ərazisində inşa etdiyi sərhəd nəzarət-buraxılış məntəqəsiniin “təcili götürülməsi”nə nail ola bilər.
Qarabağlı erməniləri siyasi məqsədlərinin qurbanı statusundan xərclənmələri əsla təəssüf doğurmayacaq ünsürə çevirməyə başlamış Ermənistan rəhbərliyi mənəviyyatdan çox uzaq strategiyanı reallaşdırmaq istəyir.
Rusiyalı sülhməramlıların müvəqqəti yerləşdikləri ərazilərdəki ermənilər Nikol Paşinyanla komandası üçün arzuolunmaz insanlara çevriliblər.
Xankəndindəki xunta isə bu istiqamətdə İrəvan üçün adi mexanizmdən savayı heç nə deyil.
Vəziyyəti daha da gərginləşdirmək niyyəti isə Ermənistan üçün baha başa gələ bilər.
Elçin Alıoğlu
TREND