Uncategorized

Kədərli Makron və iki dovşan: Fransanın niyyəti puç olur

ABŞ Ermənistanı Azərbaycanla yekun sülh müqaviləsini imzalamağa sövq edir. Daha doğrusu, rəsmi Vaşinqtonun bölgə ilə bağlı strateji və qısaperspektivli planının tərkib hissəsi bu ayın sonunadək sözügedən müqavilənin ilkin variantının təsdiqlənməsidir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Birləşmiş Ştatların dövlət katibinin köməkçisinin müavini Erika Olson bu yaxınlarda Bakıda və İrəvanda səfərdə olarkən məhz bəhs etdiyimiz sənədin ilkin variantını gətirmişdi.

ABŞ-ın Cənubi Qafqaz bölgəsində dayanıqlı sülhlə stabilliyin bərqərar olunması istiqamətində rəqibləri az deyil. Əsas geosiyasi müqavimət mərkəzləri ənənəvi olaraq Rusiya Federasiyası və İran sayılır, lakin onların sırasına, ilk baxışdan nə qədər paradoksal görünsə də, Fransa da qatılıb.

Məhz Fransa indi Ermənistanla “əlahiddə və çox sıx əlaqələr” hesabına regional geosiyasi oyunçular arasında ağırçəkili fiqura çevrilməyi planlaşdırır.

Rusiya Sülhməramlı Qüvvələrinin yeni komandanı, general-polkovnik Aleksandr Lentsovun bu gün İrəvanaa yollanaraq orada Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşməsinin səbəblərindən biri də məhz Moskvanın “kənar oyunçuların destruktiv fəaliyyəti” ilə bağlı erməniləri xəbərdar etməkdir.

Fransanın xarici işlər naziri Katrin Kolonnanın Bakıdan sonra səfər etdiyi İrəvanlda dünən verdiyi bəyanatlar da rəsmi Parisin yürütdüyü siyasətin konturlarını dəqiq bəlirləməyə imkan verir.

“Fransa Ermənistanın baş naziri Nikol Paşinyanın seçdiyi sülh yolunu tam dəstəkləyir. Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsinin irmzalanması məqsədilə Nikol Paşinyanla çox yaxşı görüş baş tutdu. Fransa Ermənistana tam dəstək verir”, – K.Kolonna bəyan edib.

Təbii ki, İrəvanda olarkən madam Kolonna “Laçın yolunda Azərbaycanı inşa etdiyi sərhəd nəzarət-buraxılış məntəqəsi dərhal götürülməli, sərbəst və maneəsiz hərəkət təmin olunmalıdır” tipli bəyanatlar da verib.

Fransanın Azərbaycana ünvanladığı bəyanatların tam əksəriyyətin ittihamlar və suçlamalardan ibarət olduğunu xatırladaraq qeyd edək ki, ölkəmiz öz ərazisində istədiyi zaman istədiyi məkanda istədiyi addımı atmaqda tam azaddır.

Həkəri çayı üzərindəki sərhəd nəzarət-buraxılış məntəqəsi (SBNM) da Azərbaycan ərazisindədir. Sərhədçilərimiz Azərbaycan bayrağının altında xalqımızın təhlükəsizliyini və dövlətimizin ərazi bütövlüyünü təmin edirlər.

Belə olduğuna görə, rəsmi Bakı qərarlarını heç bir dövlət və ya beynəlxalq təşkilatla razılaşdırmayıb, həmin sahədə niyyəti də yoxdur.

Katrin Kolonna və onun rəhbəri, Fransanın dövlət başçısı Emmanuel Makronun yürütdüyü siyasət diplomatik sahədə böyük uğursuzluqlarla qarşılaşır.

Fransızların müdrik “iki dovşan dalınca qaçan tazı şikarsız qalar” deyimini unudan Makron administrasiyası eyni vaxtda həm Çin, həm Cənubi Qafqaz istiqamətində fəal strategiyanı reallaşdırmaq fikrinə düşsə də, şər iki trekdə niyyətləri puç olub.

Xatırladaq ki, Pekinə rəsmi səfəri əsnasında Çin lideri Si Szinpinlə 6 saatlıq danışıqlar aparmış Emmanuel Makron sonradan “Ukrayna müharibəsini dayandırmaq və sülhə nail olmaqla bağlı məxfi planımız var” idiomasını mediaya sızdırmışdı.

Makron administrasiyasındakı “etibarlı mənbələr”in dediklərinə görə, sən demə, Fransanın dövlət başçısı “Çinlə əldə edilmiş razılaşmalar əsasında” artıq bu yay Rusiya ilə Ukraynanı danışıqlar masası arxasına oturtmaq niyyətindədir.

“Emmanuel Makron xarici siyasət məsələləri üzrə müşaviri Emmanuel Bonneyə Çin XİN-nin sabiq başçısı Van İ ilə birlikdə Kiyev və Moskva arasında gələcək sülh danışıqlarına zəmin hazırlamağı tapşırıb”, – Yelisey Sarayındakı “etibarlı mənbələr” vurğulayıblar.

Bu açıqlamalar yayılandan sonra rəsmi Pekinn reaksiyası paradoksal oldu: çinlilər təəccüblə və çox konkret şəkildə bəyan etdilər ki, Makronla belə razılaşmalar əldə olunmayıb, Pekin Fransanın təkliflərinə razılıq verməyib və s.

Daha sonra isə Avropa İttifaqı, ABŞ və Ukrayna Makronun bəyanatlarına təəccüblənməyə başladılar.

Emmanuel Makronun Çin istiqamətində tam fiaskoya uğramasını onun “Səmaaltı imperiya”nın lideri Si Szinpinlə keçirdiyi birgə mətbuat konfransında da görmək olardı.

Həmin konfransda Si ilə müqayisədə iki dəfə artıq və uzun danışan Makron hətta bir ara birbaşa Çin liderinə müraciət edərək Ukrayna ilə bağlı “genişmiqyaslı strateji təşəbbüs”dən danışmağa başladı. Lakin Si Szinpin bu çıxışa həvəssiz qulaq asdı, qıcıqlandığını gizlətmədi, hətta bir neçə dəfə səbirsizcəsinə köks ötürdü.

Daha bir nüansı xatırladaq: həmin mətbuat konfransında Makron bilavasitə Siyə müraciət edib danışdısa, Çin lideri nitqini kağızdan oxudu və Makron tərəfə bir dəfə də olsun, dönüb baxmadı.

Fransa dövlət başçısının Ukrayna ilə bağlı təklifləri Qərbdə çox ciddi narahatlıq və hiddət doğurub.

Məsələn, Britaniya Mühafizəkarlar Partiyasının sabiq sədri Yen Dunkan Smit “Emmanuel Makron otluqda gizlənmiş ilan kimidir: kimsəni, xüsusilə də ukraynalıları ona qətiyyən inanmamağa çağırıram” deyib.

Rəsmi Kiyev Makronun təkliflərini “qəbuledilməz dərəcədə pis təşəbbüs” kimi dəyərləndirib.

Çin və Ukrayna istiqamətlərində uğur əldə etmək cəhdləri uğursuzluqla bitən Emmanuel Makronun diplomatik kulbitlərinə və ekvilibristikasına əsla təəccüblənmirik.

Fransanın XİN başçısı Katrin Kolonna Bakıda olduğu bir gün ərzində normal və adekvat diplomat görüntüsü yaratmağa çalışmışdı.

“Fransa Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarını beynəlxalq hüquqa uyğun olaraq dəstəkləyir”, – Kolonna həmin gün belə tvit yazmışdı.

Daha sonra isə o, bəyan etmişdi: “Azərbaycanın təklif etdiyi sülh sazişi layihəsini Fransa alqışlayır. Azərbaycanla Ermənistan bir-birlərinin ərazi bütövlüklərini tanımalıdır. Danışıqlar dayanıqlı sülhə aparan yeganə yoldur”.

İrəvana yollanandan sonra isə Katrin Kolonna əsl mahiyyətini və simasını göstərdi.

Onun İrəvanda səsləndirdiyi bəyanatlara nəzər salaq: “Laçın dəhlizi ilə sərbəst hərəkətə maneələrin yaradılması yolverilməzdir”, “Azərbaycanın hərəkətləri sülh danışıqlarının davamına maneələr yaradır” və s.

Fransanın xarici siyasəti indi tam deqradasiya və tənəzzüldə olduğundan Emmanuel Makron ölkə daxilində fasiləsiz azalaq populyarlıq reytinqini az da olsa bərpa etmək, siyasi rəqiblərinin elektroal bazasının daha da güclənməsinə imkan verməmək üçün ölkədəki təqribən 284,3 min nəfərlik erməni seçicini öz tərəfinə çəkməyə çalışır.

Parisin ifrat ermənipərəst siyasətinin və Ermənistana “himayəlik” etməsinin əsas səbəbi budur.

Digər səbəb isə Cənubi Qafqazda möhkəmlənmək cəhdidir və bu, primitiv taktikadır ki, Katrin Kolonna məzkur bəsit gedişlərini İrəvanda nümayiş etdirir, ironiya yaradan bəyanatlar verir.

Belə bəyanatlara qətiyyən reaksiya və təəccüblənmirik.

Təəcccüblü olan Katrin Kolonnanın Bakıdakı davranışı və açıqlamaları idi.

Axı belə rasional, adekvat açıqlamalar Yelisey Sarayına xas məqamlar deyildi.

Həmin açıqlamalar isə Azərbaycanın xarici siyasətinə əsla təsir etməyəcək.

Emmanuel Makron isə tamaşaçıların sadəcə, şounun nə ilə bitəcəyini gözlədiyi sirk arenasında klounadasını davam etdirə bilər.

O, Azərbaycanın siyasətini anlamır.

Halbuki hər şey çox sadədir.

Bunun adı müstəqillikdir, suverenlikdir və inkişafa istiqamətlənməkdir.

Elçin Alıoğlu
Trend

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button