Məşədi Məhəmməd Fərzəliyev haqqında kitab İstanbulda təqdim olundu

Oktyabrın 14-də İstanbulun Fatih rayonunda yerləşən Böyük Yıldızxan sarayında Beynəlxalq Muğam Mərkəzinin nəşrləri seriyasından filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı Gülhüseyn Kazımlının “Son nöqtədən sonra…” adlı kitabının təqdimat mərasimi keçirilib. Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə baş tutan tədbirdə İstanbulda fəaliyyət göstərən müəllimlər, tələbələr, tədqiqatçılar, jurnalistlər iştirak ediblər.
Kitab Gülhüseyn Kazımlının ömrünün böyük qismini Türkiyədə keçirmiş görkəmli xanəndəmiz Məşədi Məhəmməd Fərzəliyev haqqında ikinci əsəridir. “Salam Məşədi” adlı birinci kitabda ömrünün 33 ilini İstanbulda keçirmiş xanəndənin ömür yoluna nəzər yetirilmiş, onun Türkiyədəki həyatı yeni əldə edilən materiallar əsasında təqdim olunmuşdu. “Son nöqtədən sonra…” kitabının ən önəmli məziyyəti isə mərhum xanəndənin və ailə üzvlərinin məzar yerlərinin dəqiqləşdirilməsi, eləcə də İstanbulda onu həyatda görmüş Kərim Mehmedzadə ilə müsahibənin yer almasıdır.