Ölkə

Məmur mədəniyyəti

Dünən qızımın məzun tədbiri idi. S.Sabançı sdına Kültür və Sənət mərkəzinin böyük konsert zalında İzmir Dövlət Konservatoriyasının “Məzun-2023” tədbiri keçirilirdi. Elə bir gözəl aura var idi ki, sözlə ifadə etmək mümkün deyil. Sanki o boyda möhtəşəm zalın hər qarışı müsbət enerjiylə dolmuşdu. İllərlə dərslərin ağırlığını çiyinlərində daşıyan məzunlar, tələbələrinə övladları kimi baxan, onlarla dost olan və onlara sənətin sirlərini öyrədən dəyərli pedaqoqlar və təbii ki, biz valideyinlər və tədbirə dəvət olunmuş başqa qonaqlar… Tədbirin təşkilatçıları bacardıqları qədər o müsbət enerjini gələn qonaqlara paylayırdılar. Bir valideyin olaraq bundan gözəl hənsı bir günü yaşaya bilərsən ki? El arasında həmişə bir birimizə arzuladığımız o sözlər yadıma düşdü: “Gün o gün olsun, övladın universitetə qəbul olsun və oranı bitirsin!”. Tam o məqam idi. Məzunlar universitet həyatından ayrılıb, başqa bir həyata qatılırdılar. Valideyinlərin və müəllimlərin sevinc və kədərləri bir-birinə qarışmışdı. Kənardan səhnəyə baxıb, sanki bir film izləyirdim. Təhsillə əlaqəli övladının yuxusuz gecələri, uğurları, məğlubiyyətləri, hər şey bir-bir gəlib keçir gözünün önündən… Salonda olan bütün valideyinlərin gözlərində də eyni duyğuları hiss etdim. Bütün o çətinliklər artıq geridə qalmışdı. Övladlarımız məzun idi…

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu duyğulara dalarkən maraqlı bir epizodun şahidi oldum. Yox-yox, elə pis bir şeyin olduğunu düşünməyin. Tam tərsi – maraqlı bir məqamın şahidi oldum. Bəlkə də o böyük salonda iştirak edən yüzlərlə insanın içində bir tək mən onu fərq etdim. Çünki, orda olan hamı üçün bu çox adi bir hal di.

Amma nə idi o adi hal?

Ənənəyə görə məzun mərasiminin sonunda, diplom təqdimatından sonra bütün məzunlar başlarına qoyduqları məzun papaqlarını sevinclə göyə atırlar. Çox gözəl və inanılmaz hisslərlə dolu bir görüntüdür. Bütün telefonlar bir anda o görüntüləri çəkirdi. Təbii ki, göyə atılan saysız hesabsız o məzun papaqları, nə göydə qaldılar, nə də bumeranq kimi öz sahiblərinə geri qayıtdılar. İkinci təbii hal da budur ki, onlar yerin cazibə qüvvəsinə görə göyə atıldıqdan sonra yerə düşdülər. Üçüncü təbii hal da var. O da odur ki, məzunlar sevincdən və yaşadıqları həyəcandan dolayı gedib o papaqları götürmürdülər. Hamı səhnədə biri birini qucaqlayırdı, gülən kim, sevinən kim, kədərlənən kim… Çox təsirli anlar idi. Amma mənə təsir edən tamamilə başqa bir şey oldu…

Bu anda Konservatoriya rəhbərliyində işləyən bir müəllim səhnəyə qalxdı və yerdən bir-bir məzun papaqlarını toplamağa başladı. Arxa fonda məzunların sevinci səhnəni o qədər doldurmuşdu ki, heç o müəllimə fikir verən yox idi. Təbii ki, hamının diqqətini çəkən də o əsas fon idi, yəni məzunlar. Hamı ayaqda “10 yıl Marşı”nı dinləyirdi. Müəllimin əyilib yerdən papaqları toplaması yəqin ki, heç kim üçün maraqlı deyildi – nə orda sevinclərini yaşayan məzunlar üçün, nə də hisslərini içində gizlədə bilməyən valideyinlər üçün. Hər tərəf səs-küy, musiqi sədaları, səhnədən gələn rəngbərəng işıqlar… Amma mənim gözüm o müəllimdə idi. Sakitcə işini görürdü. Sanki, kiməsə xidmət edirdi. Onu da deyim ki, o müəllim Konservatoriya rəhbərliyində vəzifəsi olan bir dövlət məmuru idi və heç kimdən asılı olmayan bir insandır (bəzi etik normalara riayət olunsun deyə, ad vermək istəmirəm). Məzun papaqlarını yerdən toplamaq da onun vəzifəsi deyildi.  Amma o insanın təvazökarlığı məni heyran etdi. O tək bir məmur deyildi. O eyni zamanda bir insan idi. Hər şeydən əvvəl tələbələri sevən, işini sevən, xalqını və dövlətini sevən bir vətəndaş idi.

Lap arxa fonda Mustafa Kamal Atatürkün böyük şəkli asılmışdı. Gözlərim müəllimdən ayrılıb o şəklə sataşdı. Atatürkün gözlərinə baxanda bir anda təsirləndim. Onun sözləri yadıma düşdü: “Bu millətə əfəndilik etmək yoxdur, hizmət etmək vardır. Bu millətə hizmət edən artıq onun əfəndisidir”. Həqiqətən böyük sözlərdir. Bu sözlərin nə olduğunu anlamaq üçün, kənardan o vəzifəli məmurun əyilərək yerdən bir-bir məzun papaqlarını topladığını seyr etmək kifayət idi. Xalqına və öhdəçiliyində olan insanlara əfəndilik yox, qulluq edən əsil məmur belə olar. Buyurmaq asandır, amma xidmət etmək çox çətindir. Mən sanki, məzun tədbirindən uzaqlaşmışdım. Gözlərim ancaq səhnədə o müəllimi görürdü. Bir anda düşündüm ki, o bunu kimsə görməsin deyə gizlin bir yerdə etmirdi. Bütün insanların gözü önündə edirdi. Yəni etdiyindən də utanmırdı. Sanki adi bir şey idi. Türk cəmiyyətində bu çox normal bir haldır. Bir həkimə insanları müalicə etdiyinə görə həkim deyirlərsə, bir dərziyə paltar tikdiyinə görə dərzi deyirlərsə və bir rəssama şəkil çəkdiyinə görə rəssam deyirlərsə, eyni zamanda bir məmura da xalqa xidmət etdiyi üçün ona məmur deyirlər. Bəli, inandırım ki, o insana böyük insan kimi baxırdım. Heyranlıqla baxırdım. Onun bu hərəkəti böyük hərəkət idi, qürurverici bir hərəkət idi. O mənim gözümdə böyük insan idi. Çünki, tabeçiliyində olan insanlara buyurmurdu, onlara hizmət edirdi. Ən azından hizmət etməyin necə olduğunu ətrafdakılara göstərirdi.

Bir anda öz vətənimi düşündüm. Dünyanın hansı yerində olsam da, həmişə Azərbaycanı düşünürəm, Azərbaycanla müqayisə edirəm. Görəsən bizdə də belə məmur nümunəsi varmı? Görəsən bizim məmurlar da belə dəyərlərə sahibdirlərmi? Görəsən bizim cəmiyyətdə bunu edən məmura pis baxarlarmı, ya da o məmur bunu etməyi özünə və tutduğu vəzifəyə sığışdırarmı? Bizim cəmiyyətdə belə bir addım ayıb görülürmü? Görəsən bizim məmurlar da xalqa xidmət etməyi ən böyük şərəf sayırlarmı?

Əgər elədirsə, onda mən dünyanın ən xoşbəxt adamıyam!

Sosioloq Elçin Orucov


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button