Metroda partlayış olacağını deyən Fəridə hökm oxundu
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən 2001-ci il təvəllüdlü Fərid Butayevə hökm oxunub.
Qazi.az xəbər verir ki, məhkəmənin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib.
Belə ki, ötən il Bakı metrosunda terror aktı-partlayış törədiləcəyi barəsində səs yazısı yayılmışdı.
Bundan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi tədbirlərlə Fərid Fərhad oğlu Butayev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə iş açılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
Bildirilib ki, Fərid “WhatsApp” proqramı vasitəsilə yalan məlumatı əks etdirən səs yazısı yayıb. Belə ki, o, “WhatsApp” “İş elanları” qrupunun admini olub. Qrupun 400-dən çox üzvü olub və Fərid ötən ilin 3 mart tarixində qrupa Bakı metrosunda terror aktının-partlayışın törədiləcəyi barəsində səs yazısı göndərib.