Milli Məclisdə Heydər Əliyevin 100 illiyinə həsr edilmiş konfrans keçirilir
Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin təşkilatçılığı ilə “Heydər Əliyev 100: Müasir Azərbaycan – sosial rifah və sosial ədalət dövləti” mövzusunda elmi-praktik konfrans keçirilir.
Milli.Az-ın məlumatına görə, konfransda dövlət və hökumət nümayəndələri, deputatlar, ictimaiyyət nümayəndələri iştirak edir.
Tədbiri giriş sözü ilə açan Əmək və Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Ümummilli Lider Heydər Əliyev bütün ömrünü canından əziz sevdiyi Azərbaycanın inkişafına, tərəqqisinə, zəngin və qüdrətli ölkəyə çevrilməsi, doğma xalqının xoşbəxtliyi və firavanlığı uğrunda mübarizəyə həsr edib.
“1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilən və 13 il bu vəzifədə çalışan Heydər Əliyev Azərbaycanı SSRİ məkanında 1920-ci ildən bu yana nail olmadığı ən yüksək mərtəbəyə qaldırdı. SSRİ-nin aqrar xammal bazası olan, geridə qalmış, kasıb, mədəniyyəti və elmi tənəzzül edən, bütün göstəricilərinə görə 15 respublika arasında 13-cü yerdə gedən bir ölkəni inkişaf etmiş sənaye mərkəzinə, müasir texnologiyanı tətbiq edərək yüksək göstəricilər əldə edən aqrosənaye kompleksinə malik kənd təsərrüfatı respublikasına, yüksək mədəniyyəti və biliyi ilə seçilən tanınmış ziyalıları olan xalqın yaşadığı ölkəyə çevirdi.
Azərbaycan xalqı da öz liderinə həmişə dəstək vermiş, həmişə öz lideri ilə birlikdə olmuşdur. Çünki xalqın istəyi ilə onun liderinin fəaliyyəti bir-birini tamamlayırdı. Xalq əmin-amanlıq və ədalət istəyirdi, Heydər Əliyevin də bir rəhbər kimi əsas fəaliyyət istiqaməti bu idi. Xalq yaxşı yaşamaq üçün imkan, yaxşı işləmək üçün şərait axtarırdı. Heydər Əliyev də öz xalqının xoşbəxtliyi üçün çalışırdı. Xalq gerilikdən, ətalətdən, bürokratiyadan, rüşvətxorluqdan canını qurtarmaq istəyirdi. Heydər Əliyev də ədalətin təntənəsi, millətin və ölkənin yüksəlməsi naminə çalışırdı. Məhz bu illərdə məşhur “Qoy ədalət zəfər çalsın!” şüarı Azərbaycanın rəhbəri tərəfindən irəli sürüldü və xalq tərəfindən birmənalı olaraq dəstəkləndi.
Təəssüflər olsun ki, Heydər Əliyevin böyük fədakarlığı sayəsində, o vaxtkı SSRİ-nin ən geridə qalmış respublikasından, ən qabaqcıl respublikasına çevrilən Azərbaycan, 1988-1993-cü illərdə SSRİ rəhbərliyinin düşmənçiliyi, respublikanın başında duranların səriştəsiz və dağıdıcı fəaliyyəti nəticəsində dərin siyasi, iqtisadi və sosial böhran, işğal və dağılma təhlükəsi ilə üz-üzə qaldı.
O zaman Azərbaycanın ümumi daxili məhsulunun həcmi 375 milyon dollar, büdcə gəlirlərimiz cəmi 100 milyon dollar təşkil edirdi. Təbii ki, belə bir şəraitdə işsizlik və yoxsulluq artırdı, inflyasiya 1250 %-i ötmüşdü, yavan çörək belə çatışmırdı, maaşlar və pensiyalar aylarla verilmirdi”, – deyə M.Quliyev bildirib.
O qeyd edib ki, 1993-cü ilin iyununda xilaskar missiyası ilə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev yenidən öz xalqının xoşbəxtliyi, öz vətəninin azadlığı və qüdrətlənməsi uğrunda mübarizəyə başladı.
“Bütün siyasi fəaliyyəti və mübarizəsi boyu Heydər Əliyev öz doğma xalqına arxalanıb, öz xalqından dəstək alıb, nə etmişdirsə də xalqı və vətəni Azərbaycan üçün edib.
Xalq öz sevimli rəhbərinin səfərbəredici fəaliyyətini dəstəklədi, onun ətrafında birləşdi, ucaldı, ucalığını dərk etdi, potensial gücünü ümummilli enerjiyə çevirə bildi.
Heydər-Xalq, Xalq-Heydər birliyi o vaxtlar yarandı, zamanın sınaqlarından keçdi, bərkidi, möhkəmləndi, əbədiyyət qazandı.
Ulu Öndər öz xalqı ilə birlikdə, ona güvənərək, ona arxalanaraq qısa zamanda müasir Azərbaycan dövlətini qurdu, onun hüquqi, iqtisadi əsaslarını yaratdı, sosial inkişaf yolunu müəyyən etdi.
1997-ci ildən başlayaraq ölkədə iqtisadi tənəzzül dayandı və bu sosial sahədə siyasətin konkret istiqamətlərinin müəyyənləşməsinə, islahatlar aparılmasına və sosial siyasətin geniş hüquqi bazasının yaranmasına təkan verdi.
Heydər Əliyevin müasir dövlətçilik siyasətinin başlıca prinsipi “dövlət xalq üçündür” ideyasıdır. Ümummilli liderin müəllifi olduğu Konstitusiyamızda bu ideyanın sosial mahiyyəti bariz şəkildə öz təsdiqini tapıb.
Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövlətinin daxili siyasətində, sosial ədalət, sosial rifah, sosial müdafiə xətti həmişə prioritet istiqamət kimi müəyyən olunur”, – deyə M.Quliyev bildirib.
O vurğulayıb ki, 2003-cü ilin oktyabrında keçirilən Prezident seçkilərində xalqın birmənalı dəstəyini qazanan cənab İlham Əliyev, Prezident kimi and içən zaman Heydər Əliyev siyasi kursunu davam etdirəcəyini, Heydər Əliyevin şah əsəri olan Azərbaycanı daha da zəngin, qüdrətli ölkəyə çevirəcəyini, hər bir azərbaycanlının Prezidenti olacağını xalqa bəyan etdi.
“Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi sosial siyasət xətti cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi, inkişaf etdi, azərbaycan insanının sosial müdafiə və sosial rifahı siyasətinə çevrildi. Bu gün ölkəmiz öz ictimai siyasi, iqtisadi həyatının bütün sahələrində olduğu kimi, sosial siyasət sahəsində də böyük uğurlara imza atmaqdadır.
Onu da qeyd etməyimiz yerinə düşər ki, uğurla aparılan sistemli islahatlar nəticəsində 2009-cu ildə ölkəmizdə iqtisadi sahədə keçid dövrü başa çatdı, 2013-cü ildə isə cənab Prezident Azərbaycanın sosial dövlət olduğunu ölkə vətəndaşlarına və dünya ictimaiyyətinə bəyan etdi.
Prezident İlham Əliyevin sosial siyasət kursunun çox mühüm istiqamətlərindən biri aztəminatlı insanların sosial müdafiəsinin daim diqqət mərkəzində saxlanılmasıdır. Pensiyalar, müavinətlər, təqaüdlər və digər sosial ödənişlər ilbəil artırılır, ünvanlı sosial yardım və özünə məşğulluq proqramları daha çox ehtiyacı olan ailələri əhatə edir, sosial evlər tikilir, ipoteka kreditləri verilir, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlər daha geniş şəkildə dövlətin qayğısı ilə əhatə olunurlar.
2018-ci ildə növbəti dəfə xalqının böyük etimadını qazanaraq prezident seçilən Cənab İlham Əliyev ölkəmizdə dərin sosial islahatlara başladı.
Ümumilikdə, 2018-ci ildən sonrakı dövrdə dövlət başçısının imzaladığı 40-dan çox fərman və sərəncamlarla ölkə əhalisinin əksəriyyətini əhatə edən 3 sosial islahat zərfi icra olunmuşdur və bu paketlərin illik maliyyə dəyəri 6,5 milyard manat təşkil edir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü, inamlı, səfərbəredici fəaliyyəti nəticəsində qəhrəman Milli Ordumuz tərəfindən torpaqlarımız işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olundu və müqəddəs üçrəngli bayrağımız bu gün Vətən torpağının hər yerində dalğalanmaqdadır.
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvləri, bu haqq savaşımızda şanlı zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçiləri, qazilərimiz müzəffər Ali Baş Komandan İlham Əliyevin daim xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşlar. Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir”, – deyə o əlavə edib.
M.Quliyev əlavə edib ki, bu gün Azərbaycan vətəndaşı sabahından arxayındır, bilir ki, onun qüdrətli dövləti var.
“Bu gün Azərbaycan vətəndaşı qürurludur və sabahına inamlıdır. Bilir ki, onu böyük qələbələrə aparan, əmin və firavan həyatını təmin edəcək cəsarətli və müdrik lideri vardır!”, – deyə komitə sədri vurğulayıb.
Milli.Az