Nazir müavini aviabiletlərin qiymətindən danışdı

Aviasiya sahəsində biletlər hava şirkətləri tərəfindən dəyişdirilə bilər. Bəzi hallarda qiymətlər iki dəfəyə yaxın dəyişir. Biletlərin qiymətində hər mil üzrə hər oturacağın uçuş qiyməti nəzərə alınır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.
O qeyd edib ki, qiymətə təsir edən ən vacib məsələlərdən biri yanacağın qiymətidir.
“AZAL yanacağı dünya qiymətləri ilə alır, heç bir güzəşt yoxdur. Qiymətə təsir edən ikinci məsələ hava gəmilərinin alınması və onlara xidmətlə bağlıdır. Üçüncü məsələ isə kadr hazırlığı məsələləridir.
Demirəm ki, bizim qiymətlər olduğu kimi qalacaq. O təəssürat yaranır ki, bizdə qiymətlər yüksəkdir, ancaq dünya qiymətləri ilə müqayisədə yüksək deyil. Misal üçün, bu il AZAL-ın 20 biletinin 29 avrodan satışı həyata keçirilib”, – deyə nazir müavini əlavə edib.
Milli.Az