Ölkə

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun Azərbaycana nə qazandırır? – VİDEO

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun çərçivəsində elektron pul təşkilatının və ödəniş təşkilatının lisenziyalaşdırılması və nəzarəti ilə bağlı hüquqi çərçivə formalaşacaq.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) ödəniş sistemləri və hesablaşmalar departamentinin baş mütəxəssisi Xəyaləddin Tağıyev deyib.

Onun sözlərinə görə, bu, banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru ilə yanaşı, ödəniş təşkilatları və elektron pul təşkilatları kimi yeni ödəniş xidməti təchizatçıları tərəfindən ödəniş xidmətlərinin göstərilməsi üçün hüquqi əsas yaradacaq.

“Elektron pulun emissiyası və istifadəsinin hüquqi əsasları və tənzimləmə mexanizmləri müəyyən ediləcəkdir. Elektron pul və mobil pul cüzdanlarından istifadənin hüquqi əsası yaradılmaqla maliyyə inklüzivliyi genişlənəcək və müxtəlif pərakəndə ödənişlərin nağdsız dövriyyəyə cəlb olunmasında əhəmiyyətli rol oynayacaqdır. Ödəniş xidməti istifadəçilərinin hüquqi müdafiəsinin gücləndirilməsi və ödəniş xidmətlərindən daha effektiv və təhlükəsiz formada istifadənin təmin edilməsinə nail olunacaqdır. Ödəniş xidmətləri üzrə məlumatlandırma qaydaları, ödəniş sərəncamının icrası və icrasından imtina, avtorizə edilməmiş və ya səhv icra edilmiş ödəniş əməliyyatları üzrə həll prosedurları, habelə ödəniş alətləri üzrə ödəniş xidməti təchizatçılarının və ödəniş xidməti istifadəçilərinin hüquq və vəzifələri və məsuliyyət dərəcələri müəyyən ediləcəkdir”, – o deyib.

X.Tağıyev üçüncü tərəf təchizatçılarının açıq bankçılıq prinsipləri əsasında fəaliyyət göstərəcəyini qeyd edib.

“Fintex” kimi yenilikçi ödəniş xidmətləri təchizatçıları – hesab üzrə məlumat xidməti təchizatçısı və ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti təchizatçısının fəaliyyəti tənzimlənəcək. Elektron ödənişlərin və istehlakçıların ödənişlə bağlı məlumatlarının qorunması üçün gücləndirilmiş müştəri autentifikasiyası kimi təhlükəsizlik tələbləri müəyyən ediləcəkdir. Bununla da onlayn ödənişlərdə və elektron bankçılıqda fırıldaqçılıq riskinin azaldılmasına və istifadəçinin məlumatlarının məxfiliyinn qorunmasına nail olunacaq”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, bank, ödəniş təşkilatı və elektron pul təşkilatı adından ödəniş xidmətlərini göstərən ödəniş agenti şəbəkəsinin formalaşdırılmasının hüquqi əsasları yaranacaq.

“Hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən müqavilə əsasında ödəniş xidmətləri sahəsində agent xidmətləri göstəriləcəkdir. Bu isə bank filialları ilə əhatə olunmayan ucqar kənd yerlərində agentlər tərəfindən ödəniş xidmətlərinin həyata keçirilməsinə imkan verəcəkdir. Ödəniş sistemi operatorlarının yaradılması üçün onların lisenziyalaşdırılması, fəaliyyətinin tənzimlənməsi və nəzarəti üzrə hüquqi çərçivə yaranacaqdır. Bununla da ölkədə ödəniş sistemləri bazarının daha rəqabətqabiliyyətli şəkildə formalaşdırılmasına nail olunacaq, ödəniş sistemi operatorlarının və hesablaşma agentlərinin təsis edilməsinə şərait yaranacaqdır”, – deyə o əlavə edib.

Tağıyev qeyd edib ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun qəbul edilməsi ölkəmizdə rəqəmsal ödəniş ekosisteminin inkişaf etdirilməsində əhəmiyyətli rol oynayacaq, lakin Qanunda ümumiyyətlə rəqəmsal valyutalar, o cümlədən mərkəzi bankin rəqəmsal valyutası ilə bağlı hər hansı müddəa mövcud deyil və bu sahə tənzimlənmir.

“Qeyd edim ki, hazırda dünyanın əksər mərkəzi bankları və beyin mərkəzləri tərəfindən mərkəzi bankın rəqəmsal valyutasının (CBDC) tətbiqi imkanlarının qiymətləndirilməsi üzrə fundamental tədqiqatlar həyata keçirilir. Belə ki, ölkəmizdə də bu istiqamətdə konseptual yanaşmanın müəyyən edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı müvafiq texniki yardım imkanlarından yararlanmışdır. Texniki yardım çərçivəsində CBDC-nin yaradılmasını şərtləndirən məqsədlər, CBDC-nin dizayn xüsusiyyətləri, hüquqi və requlyativ əsaslar, siyasət təsirləri (pul siyasəti, maliyyə sabitliyi, maliyyə inklüzivliyi), həmçinin mövcud rəqəmsal ödəniş sistemləri infrastrukturu öyrənilmişdir. Bu sahədə aparılan işlərin davamı olaraq, digər ölkələrdə aparılan tədqiqatlar və pilot layihələr Mərkəzi Bank tərəfindən yaxından izlənilir və onların təcrübələri öyrənilir”, – o deyib.

Onun sözlərinə görə, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən, xarici ödəniş xidməti təchizatçıları və ödəniş sistemi operatorları iki formada ölkəmizdə fəaliyyət göstərə biləcəklər.

“Birincisi, onlar Azərbaycanda yerli filial açmaqla və lisenziya əldə edərək fəaliyyət göstərə bilərlər, ikincisi isə Azərbaycanda fəaliyyət göstərən ödəniş xidməti təchizatçıları ilə müqavilə bağlayaraq və hesab açmaqla həmin təşkilatlar ölkəmizdə ödəniş xidmətləri göstərə bilərlər”, – o deyib.

Tağıyev 2023-cü ilin yanvar-avqust ayları ərzində “ApplePay” vasitəsilə 1,1 milyard manat ekvivalentində 38,4 mln. ədəd, GooglePay vasitəsilə isə 420 milyon manat ekvivalentində 20,5 milyon. ədəd ödənişin həyata keçirildiyini qeyd edib.

Onun sözlərinə görə, mobil cihazlardan istifadə olunmaqla həyata keçirilən ödənişlərə olan maraq qısa zaman kəsiyində əhəmiyyətli səviyyədə artıb.

“Son illərdə ölkə üzrə nağdsız ödəniş göstəricilərində, xüsusilə təmassız əməliyyatlar üzrə yüksək artım tempinin müşahidə olunması ölkə əhalisinin nağdsız əməliyyatlara və innovativ ödəniş həllərinə olan marağının artmasını göstərir. Belə ki, 1 sentyabr 2023-cü il tarixinə dövriyyədə olan ödəniş kartlarının sayı ötən ilin analoji dövrü ilə müqayisədə 20,2% artaraq 15,7 milyon ədəd olmuş və cari ilin 8 ayı ərzində bu kartlarla aparılan ölkədaxili nağdsız ödənişlərin həcmi 2 dəfə yüksələrək 28,8 milyard manata çatmışdır. Ölkədaxili kart ödənişlərində nağdsız dövriyyənin xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4 faiz bəndi artaraq 53,7%-ə bərabər olmuşdur. POS-terminallar vasitəsilə həyata keçirilən ödənişlərin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 75,8% artaraq 6,1 milyard manata çatmışdır”, – o deyib.

Tağıyev həmçinin əlavə edib ki, təmassız ödəniş kartlarının sayı ötən ilin analoji dövrü ilə müqayisədə 26,8% artaraq 11,7 milyon ədəd olmuş, ölkədaxili təmassız ödənişlərin sayı 2022-ci ilin analoji dövr göstəricisini 2,3 dəfə, həcm üzrə isə 93,2% üstələyib.

Xatırladaq ki, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun Milli Məcliq tərəfindən iyulun 14-də qəbul edilib, avqustun 9-da isə dövlət başçısı tərəfindən imzalanıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button