Uncategorized

Oyun bitdi: Xankəndindəki xunta çarə arayır

Xalqımıza və dövlətimizə qarşı törədilən heç bir cinayət cəzasız qalmamalıdır

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

“Dağlıq Qarabağ”, “status”, “milli müqəddəratın təyini”, “hüquq və təhlükəsizliyin təminatı üçün beynəlxalq mexanizm”, “aclıq və blokada”, “Qərb susmamalı, dünya birliyi qarabağlı ermənilərnə tam dəstək verməlidir”.

Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilər problemlərinin həll yollarını arayır, dərdlərinə çarə aramaqla məşğuldurlar.

Onlar yenə də kimlərəsə, nəyəsə və niyəsə ümid edir, separatizmlə terrorizmin qarışığı olan “Miasum” idefiksini bərpa etməyə çalışırlar.

Eynən 1990-cı illərin əvvəllərində olduğu kimi, indi də Xankəndində mitinqlər keçirilir, şüarlar səsləndirilir, çağırışlar edilir. Qarabağlı ermənilər əvvəlki dönəmdən fərqli olaraq, indi sadəcə, Moskvaya yox, Qərbə səslənir, onlardan yardım istəyirlər.

Qarabağlı ermənilər nə edəcəkləri gerçəkdən də, bilmirlər.

Xankəndindəki separatçı xunta Laçın yolunun tam nəzarətə götürülməsi nəticəsində “blokadaya düşdüklərini və aclıqla üzləşdiklərini” iddia edirlər.

İddia həddən ziyadə saxtakar, yalan və puç təsir bağışlayır.

RSK-nın nəzarətində olan ərazilərdə ciddi sənaye istehsalı infrastrukturu, zavodlar və fabriklər yoxdur. Qarabağlı ermənilərin orta və iri biznes subyektləri mövcud deyil.

Ermənistanla Azərbaycanın şərti dövlət sərhədində inşa edilmiş sərhəd nəzarət-buraxılış məntəqəsinin (SBNM) fəaliyyətə başlanması, hər iki istiqamətdə sərnişinlərin və yüklərin hərəkətinin nəzarətə götürülməsindən sonra “Dağlıq Qarabağ münaqişəsi” adlanan problem ümumiyyətlə, tarixə qovuşdu.

Belə problem artıq yoxdur.

Olan müşkül Azərbaycan sakini olan qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesinin başlanması, habelə Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasıdır.

Ermənistanın baş naziri Nikol Paşinyan, onun ətrafı, erməni müxalifətçilər, müxtəlif çaplı revanşistlər, fərqli ölkələrdəki erməni diasporu və qarabağlı ermənilərin “rəhbərliyi” buna maniakal inadla mane olmağa çalışırlar.

Halbuki reintqerasiya və sülh sazişi, habelə Azərbaycanla Ermənistan arasındakı şərti dövlət sərhədinin delimitasiyası ilə demarkasiyası Bakı ilə müqayisədə İrəvana daha çox gərəkdir.

İrəvanla əlaqələr sülh sazişi olmadan da qurula bilər – dünya praktikasında bununla bağlı yetərincə presedentlər var. Hətta diplomatik münasibətlər də yaradıla bilər.

Lakin sülh sazişi olmadan Ermənistan heç bir halda normal dövlətə çevrilməyəcək, aqressiv ritorikalı, qonşularına qarşı ərazi iddiaları ilə çıxış edən, Cənubi Qafqazda sürəkli və spontan münaqişə mənbəyi, yeni müharibənin triqqer zəmini kimi tanınmağa davam edəcək.

Sülh sazişi, xüsusilə də sərhədin demarkasiyası və delimitasiyası olmadan Ermənistanın hakimiyyət dairələri ölkə iqtisadiyyatına ciddi, genişmiqyaslı və dayanıqlı investisiyaların cəlb olunması, ölkənin stabil siyasi kursla inkişafı, regional təhlükəsizlik və sülhün bərqərarı, ən başlıcası isə erməni cəmiyyətinin onillərdən bəri məruz qaldığı saxta ideyalarla boş arzulardan qurtulması mümkün olmayacaq.

Qarabağlı ermənilərin “blokadada və aclıqda olmaları” barədə iddialara gəldikdə isə, erməni bloqer Roman Baqdasaryan İrəvandakı hakimiyyətlə Xankəndindəki separatçı xuntanın yalanlarını ifşa edib.

O, Facebook profilində yazıb: “Qarabağdan xəbərlər gəlir ki, bütün gün bizim bu “məmurlar” və varlılar maşınlarında Xankəndidə dolaşır və heç kim nənələri, uşaqlı qadınları, əlilləri şəhərin bir hissəsindən başqa bir hissəsinə aparmır, heç kim onlara görə maşını saxlamır. Yəni maşın boşdur və insanlar nəqliyyatın olmadığını bilə-bilə dayanacaqdan iki-üç sərnişini götürmək istəmir. Bəs bu nə anlama gəlir? Bu, onu deməyə əsas verir ki, Qarabağ “məmurları” bu qədər insanlıqdan kənarlaşıb, ruhsuz olublar, onların əhalisinə nə mərhəməti, nə də sevgisi var. Eyni şey müharibədən dərhal sonra da baş verdi: Xankəndidə əvvəllər kirayəsi 60 min dram olan kiçik bir otaqlı mənzillərini müharibədən sonra 150, 140 minə kirayə verməyə başladılar. Bu pulları Ermənistanın ödədiyini bilərək etdilər.

Yəni Ermənistanı, İrəvanın büdcəsini talamaq üçün qiymətləri Milan və Paris səviyyəsinə qaldırdılar. İnsanların evsiz qalmasından utanmayıb, bu “qaçqınları” soyub, son dramını da qoparırlar. Bu nədir? Biz Avropadan, Rusiyadan kömək istəyəndə bilmirəm ki, bir-birinə o qədər qeyri-insani davranan camaata kim kömək edə bilər? Öz “dövləti” tərəfindən talan edilən insanlara kim kömək edə bilər? Heç kim kömək edə bilməz”, – o bildirib.

Xankəndində və hazırda RSK-nın müvəqqəti kontrolunda olan ərazilərin istisnasız olaraq hamısında belədir.

Ermənistandan idarə olunan qarabağlı ermənilər də “hakimiyyət”dən usanıblar. Onlar bezsələr də, qorxurlar. Xof, təlaş və qorxu qarabağlı ermənilərin sümük iliklərinədək yeriyib.

Səbəblər də bəlli.

Meşəli qətliamında bilavasitə iştirak etmiş Vaqif Xaçaturyanın həbs olunması ermənilərin planlarını alt-üst etməklə yanaşı, onları təşvişə salıb.

Birinci Qarabağ müharibəsində dinc azərbaycanlılara qarşı vəhşiliklər törədən, qocaları, qadınları və uşaqları amansız işgəncələrdən sonra qətlə yetirən, əsir düşmüş azərbaycanlıları əzabla öldürən ermənilər indi 55 yaşdan yuxarı insanlardır.

Onlar Vaqif Xaçaturyanın taleyini təkrarlamaqdan xoflanırlar.

Amma çıxış yolları yoxdur: Ermənistana qaça bilmirlər, çünki rəsmi Bakıda bu cəlladlarla bağlı yetərincə məlumatlar olduğundan Laçındakı SBNM-də tutulacaqlar.

Qalıb bundan sonra nələrin baş verəcəyini düşünmək də onları üşəndirir, çünki törətdikləri cinayətlərə görə cəzanın qaçılmaz olduğunu anlayırlar.

Sadəcə Azərbaycana qarşı yox, bəşəriyyətə qarşı törədilmiş cinayətlərin tarixi zamanı olmur: cinayətlərin üzərindən onillər keçsə də, canilər mütləq məsuliyyətə cəlb edilir, ədalət məhkəməsi qarşısında dururlar.

Femida üçün fərq etməz: cani xəstədir, əlil arabasındadır və ya xərəkdədir – cinayətə görə kimsəyə güzəşt olmamalıdır, yoxdur da.

Birinci və İkinci Qarabağ müharibələrində Azərbaycan vətəndaşlarına qarşı vəhşiliklər törətmiş ermənilər hər birini – yaşından və səhhətindən asılı olmayaraq- Bakıda onların məşum əməllərinin şahidləri ilə üzləşmə gözləyir.

Vaqif Xaçaturyanın əməllərinə məhkəmə hüquqi qiymət veriləcək – Azərbaycanın mövcud qanunvericliyi çərçivəsində, beynəlxalq hüquqa uyğun olaraq.

Qarabağlı ermənilər arasında hələ də revanşizm mərəzindən və “Miasum” idiotizmindən qurtula bilməyənlərin indi “ümid yeri”nə çevrilmiş Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) gəldikdə isə, bu qurumla bağlı çoxsaylı, cavabları hələ də alınmayan suallar var.

Nəzəri baxımdan, kağız üzərindən fəaliyyəti bütün dünyada yardıma ehtiyacı olanlara kömək etmək olan, gerçəkdə isə adı fasiləsiz olaraq rüşvət, korrupsiya, silah alveri, hərbi cinayətlər törətmiş şəxslərin məsuliyyətdən yayınmasına kömək və s. kimi çirkin əməllərlə yanaşı çəkilən BQXK İkinci Dünya Müharibəsindən sonra minlərlə nasist caninin və kollaborasionistin qaçıb gizlənmələrinə yardım etmişdi.

BQXK indi də erməni hərb canilərinə havadarlıq etmək istəyirdi, alınmadı.

Onu da unutmayaq ki, BQXK-nın Xankəndindəki nümayəndəliyi təşkilatın Bakıdakı yox, İrəvandakı ofisinə tabedir. Bu, beynəlxalq hüququn və Azərbaycan qanunvericiliyinin kobud pozuntusudur, təbii ki, rəsmi Bakı olayla bağlı mövqeyini bildirəcək.

Birinci və İkinci Qarabağ müharibələrində Azərbaycana qarşı vuruşmuş ermənilər ölkəmizi tərk edərək istədikləri məkana yolla bilərlər – yol açıqdır.

Zatən, işğaldan azad edilmiş torpaqlarımız təmizlənməlidir.

Xalqımıza və dövlətimizə qarşı hərbi cinyətlər işləmiş ermənilər isə xofa, əndişəyə və təlaşa qapılaraq qorxmaqda haqlıdır.

Onların hər biri əməllərinə görə məhkəmə qarşısında cavab verəcək.

Elçin Alıoğlu
TREND

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button