Siyasət

Paris daha genişmiqyaslı təxribat planları quraraq, həyata keçirmək niyyətindədir

Uzun illər boyu yürütdüyü müstəmləkəçi, istismarçı, etnik təmizləmə siyasətinə görə etimadı ciddi şəkildə zədələnmiş Fransa Emmanuel Makronun hakimiyyətdə olduğu zaman kəsiyində beynəlxalq nüfuzunu da sürətlə itirməkdədir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, “Fransız Afrikası” (Franceafrique) şərti adı altında Ekvatorial və Qərbi Afrikada neokolonial siyasətini davam etdirməyə çalışan rəsmi Paris artıq öz sərvətlərinə və azadlıqlarına sahib çıxmaq üçün daha israrla mücadilə aparan Afrika xalqlarının qətiyyəti qarşısında geri çəkilmək məcburiyyətinə qalıb və ciddi problemlərlə üzləşib.

Əli Afrikadan, o cümlədən, qitənin zəngin sərvətlərindən, eləcə də, Fransanın enerji sistemi üçün həyati əhəmiyyət kəsb edən ucuz urandan üzülən Makron hakimiyyəti hətta Avropa İttifaqına üzv olan ölkələrin qarşısında götürdüyü öhdəliklərini belə yerinə yetirmək iqtidarında deyil və həm də bu səbəblərdən, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rola malik Azərbaycana davamlı təzyiq göstərməyə cəhd etməklə, Cənubi Qafqazda pozucu fəaliyyət göstərməklə, uğursuzluqlarını Avrasiyanın bu kiçik, lakin mühüm geostrateji əhəmiyyətə malik bölgəsinin hesabına kompensasiya etməyə çalışır.

Rəsmi Parisin Azərbaycan sərhədləri yaxınlığında “humanitar yük” şousunun təşkili prosesindəki fəal mövqeyi, eləcə də, bu prosesin davam etdirilməsində Fransanın birbaşa iştirakının təmin edilməsinə cəhd göstərməsi, Makron hakimiyyətinin nəyin bahasına olursa-olsun Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına mane olmaq niyyətindən xəbər verir.

Qlobal miqyasda beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasına, ədalətsizliyə xidmət edən aşırı ermənipərəst siyasətin ön cərgəsində yer alan Fransa Rusiyanın Ukraynadakı müharibə səbəbindən zəifləməsindən, eləcə də, Avropa İttifaqındakı imkanlarından istifadə etməklə Ermənistana “müşahidə missiyası” adı altında de-fakto hərbi missiya göndərilməsinə nail oldu, bununla və təxribatlarını genişləndirməklə danışıqlar prosesinə zərbə vurdu.

Fransanın 44 günlük müharibənin ilk günlərindən başlayaraq, Cənubi Qafqaza yönəlik atdığı addımların əsas hədəfi bölgədə davamlı sülhə mane olan amillərin aradan qaldırılmasına imkan verməməkdən ibarətdir. Son hadisələr də bir daha sübuta yetirir ki, Paris təxribat xarakterli addımlarını ən müxtəlif müstəvilərdə davam etdirmək və daha genişmiyaslı təxribat planları quraraq, həyata keçirmək niyyətindədir. BMT Təhlükəsizlik Şurasında Ermənistanla birlikdə məğlubiyyətə uğrayan Makron hakimiyyətinin “humanitar yardım” şousunu yeni elementlərlə davam etdirmək və proses ətrafında total informasiya hücumu təşkil etmək niyyəti Fransanın yaxın zaman kəsiyində daha böyük təxribat planına əl atmaq məqsədindən xəbər verir.

Makronun Prezident İlham Əliyevə telefon zəngində qaldırdığı əsassız məsələlərin yaratdığı ilkin təəssürat da prosesin son hazırlıq mərhələsində olduğunu göstərir. Makronun telefon zəngi də, rəsmi Parisin guya məsələlərin həlli üçün diplomatik səylər də göstərdiyinin nümayiş etdirilməsinə xidmət edir. Əslində isə, ortalıqda hər hansı bir diplomatik səy yoxdur, sadəcə, davamlı təxribat planları və bu planların həyata keçirilməsinə cəhdlər var.

Azərbaycan Prezidentinin Emmanuel Makronun qaldırdığı məsələlərə yetərincə, həm də ölkəmizin milli maraqları önə çəkilməklə cavab verməsi dövlətimizin haqlı və qətiyyətli mövqeyinin heç bir halda və heç bir təzyiq qarşısında dəyişməyəcəyini nümayiş etdirir.

Azərbaycan dövlətinin xalqın vahid mövqeyini ifadə edən siyasəti Cənubi Qafqazda davamlı sülhün təmin olunmasına, insanların daha təhlükəsiz və rifah içərisində yaşamasına xidmət edir. Heç bir qüvvə bizi öz haqlı mövqeyimizdən çəkindirə bilməz.

Elçin Mirzəbəyli

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button