Uncategorized

Paşinyan müəlliminə və sahibinə qarşı: İrəvanda ara qarışır

Ermənistanda daxili siyasi gündəmi dəyişməyə çalışan Rusiya bu dəfə Nikol Paşinyanı “ram etmək” üçün proksi təsir vasitələrini seçib. Rusiyanı anlamaq olar: Moskva ermənilərin yalanlarından və siyasi əxlaqdan kənar davranışlarından bezib

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

44 günlük İkinci Qarabağ Müharibəsində övladları həlak olmuş erməni valideynlər Ermənistan hökumətinin binasının qarşısında oturaq etiraz aksiyasını davam etdirirlər.

Onlar baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanı oğurlamaqda suçlanan Qayane Akopyanın dərhal azadlığa buraxılmasını tələb edirlər.

Q.Akopyanın oğlu da müharibədə həlak olub.

Aksiya iştirakçılarını Levon Ter-Petrosyan dəstəkləyib.

Ermənistanın sabiq dövlət başçısı, birinci prezidenti Levon Ter-Petrosyan ermənilərə müraciətində deyib: “Ölkəmizi daha acınacaqlı gələcək, partlayış gözləyir”.

O, Azərbaycanla müharibədə məhv edilmiş erməni əsgərin anasının yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasını pisləyib: “Narahatlıq doğuran vəziyyətdir. Oğlunu döyüşdə itirmiş ananın saxlanılması hətta Ermənistan parlamentinin bədnam spikerinin İrəvanın mərkəzində günorta saatlarında vətəndaşın üzünə tüpürdüyü iyrənc əməldən də böyük biabırçılıqdır. Bu iki hal onu göstərir ki, hakimiyyətin həyasızlığının həddi-hüdudu yoxdur”.

“Belə görünür ki, Ermənistanda daxili siyasi gərginliyin səngiməsi hakimiyyətin məsuliyyəti və qayğısı olmalıdır, lakin gördüyümüz kimi, onlar öz həyasız və uzağı görməyən hərəkətləri ilə gərginliyi daha da artırırlar. Belə davam etsə, ölkəmizi daha acınacaqlı, hətta partlayışlı perspektiv gözləyir. Bunu nəzərə alaraq, eyni zamanda qeyd etməyi zəruri sayıram ki, dövlət məmurlarının ailə üzvlərinə qarşı nalayiq davranışların təzahürləri də yolverilməzdir”, – birinci prezident müraciətində bildirib”, – Ermənistanın ilk prezidenti söyləyib.

Ter-Petrosyanın və İrəvanda aksiya keçirənlərin tələbləri Qayane Akopyanın azad edilməsidir.

Akopyanın özününsə dediyinə görə, məqsədi Aşot Paşinyanı oğurlamaq yox, onu müharibədə həlak olmuş ermənilərin dəfn olunduğu “Yerablur” məzarlığına aparmaqmış.

Lakin Akopyanın dediklərində məntiq yoxdur, çünki Nikol Paşinyanın oğlu nə qədər klassik erməni düşüncəsinə, daşnaklığa və zooloji millətçiliyə bir qədər yad gənc olsa da, onun heç olmazsa bir dəfə “Yerablur”da olması şübhəsizdir.

İddialara görə, Qayane Akopyan baş nazirin oğlunu məzarlığa apararaq orada ona “Burada dəfn olunmuşlar atanın əməllərinin qurbanlarıdır” demək istəyirmiş.

Bu hərəkətdə də məntiq izi yoxdur, çünki həddən ziyadə aktiv ictimai həyatı olan Qayane Akopyan sosial şəbəkələrdəki profillərindən və ya akkauntlarından birində müharibədə həlak olmuş oğlunun fotosu paylaşaraq “Aşot Paşinyan, oğlumu atan öldürdü” yaza bilərdi.

Yaxud da Paşinyanın ailəsinə açıq məktubla müraciət edə bilərdi.

Belədirsə, onun Aşot Paşinyanı qaçırmaq cəhdi, sonra da Qayane Akopyanı müdafiə edənlərin əvvəl məhkəmə, sonra da hökumət binasının qarşısında aksiyalar keçirməsi mənasız, süni olaylar təsiri bağışlayır.

İndi oturaq aksiya keçirən, İrəvanda hökumət binasının qarşısında gecələyən, oğulları 44 günlük İkinci Qarabağ Müharibəsində həlak olmuş valideynlər əməllərinin cavabını yaşayırlar.

Onlar nədən müharibə günlərində düşünmədilər ki, övladları hara, nə üçün, hansı məqsədlə döyüşə yollanır?

Həmin ermənilər Azərbaycan ərazisinə işğalçı kimi gəlmişdilər və məqsədləri də mümkün qədər çox vətəndaşımızı qətlə yetirməkdi.

İşğalçılıq məqsədilə, qatillik hədəfi ilə ölkəmizə soxulmuş adamlar məhv edilibsə, indi onların valideynləri İrəvanda hansı “ədalət”i və nə məqsədlə arayır – müəmmadır.

Nikol Paşinyan bütün bunları bilir və hətta onu siyasətə gətirən, “müəllimim” dediyi Levon Ter-Petrosyanın bəyanatını da eyninə almır.

Səbəb həddən ziyadə sadədir: Nikol Paşinyana qarşı Ermənistanda indi yeni, proksi mübarizə başlayıb. Mübarizəyə təkan verən əsas qüvvə Rusiya Federasiyasıdır.

Rusiyanı, nə qədər paradoksal təsir bağışlasa da, anlamaq olar.

Rəsmi Moskva Ermənistanın hakimiyyət dairələrində təmsil olunmuş yüksəkçinli məmurların, nazirlərin və funksionerlərin manipulyasiyalarından, primitiv yalanlarından, Rusiyadan maksimum faydalanmaq şərtilə ilə Qərbə meyllənmələrindən usanıb.

Rusiyanın XİN başçısı Sergey Lavrovun son iki ayda İrəvana ünvanlanmış bəyanatlarının məzmununun və süjet məziyyətlərini xatırlasaq, Moskvanın səbr kasasının daşmaq ərəfəsində olduğunu görərik.

MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hazırkı sədri olan Ermənistan Azərbaycanla şərti dövlət sərhədinə bu strukturun müşahidə-monitorinq missiyasının yerləşdirilməsinə etiraz edib.

Nikol Paşinyan administrasiyası Avropa İttifaqının şərti sərhədin perimetri boyunca “monitorinq aparan”, əslində isə Rusiyanın Ermənistandakı hərbi kontingenti barədə agentura məlumatları toplayaraq kəşfiyyat fəaliyyəti ilə məşğul olan Aİ-nin analoji missiyasının fəaliyyətinin davam etdiriləcəyini vurğulayıb.

Ermənistanın İkinci Qarabağ Müharibəsi günlərində KTMT hərbi kontingentinin Azərbaycana qarşı hərbi əməliyyatlara başlamasını tələb etməsini, bu tələbi az qala hər gün təkrarlamasını xatırlasaq, Paşinyanın komandası indi var gücü ilə “vədlərinə əməl etməyən xəyanətkar Rusiya” və “heç nəyə yaramayan, Ermənistana dəstəkdən imtina edən KTMT” narrativi sürətlə yaymağa davam edir.

Ermənistanın baş naziri indiki situasiyada Rusiya Federasiyası ilə əlaqələrin intensivliyinin azaldılmasının, Moskvanı daha ciddi şəkildə narazı salaraq qıcıqlandırmağın fatal sonuclar verəcəyini anladığından iki cəbhəyə oyununu davam etdirir.

Moskva bu oyunu sezib və bəsit ssenarini çoxdan çözüb: məhz bu səbəbdən Xankəndindəki terrorçu xuntanın sabiq “dövlət naziri”, marionet Ruben Vardanyandan Paşinyana qarşı daha aktiv istifadə edilməsinə qərar verilib.

Təsadüfi deyil ki, qəflətən “cürətlənən” Vardanyan sabiq Ağdərə rayonunda yerləşən, ermənilərin “Hakopavank” adlandırdıqları qədim alban kilsəsinin qalıqları qarşısında duraraq qarabağlı ermənilərə, habelə Nikol Paşinyana videomüraciət ünvanlayıb.

“Cənab Nikol Paşiyan, bundan sonra nə qədər hakimiyyətdə olacağınızı bilmirəm, lakin çox ciddi səhvlər buraxmağa, yanlış qərarlar verməyə davam edirsiniz”, – R.Vardanyan aşkar ultimatum tonunu seçərək Paşinyanı hədələyib.

Beləliklə o, Xankəndinə nə məqsədlə göndərildiyini, qarabağlı ermənilərin onun üçün əslində siyasi mübarizə müstəvisinə adi fiqurlar olduğunu təsdiqləyib.

Ruben Vardanyan Ermənistana yollanaraq müxalifət düşərgəsinə rəhbərlik etmək, parlament seçkilərinə qatılmaq fikrindədir. Onun qarşısına qoyulan tapşırıq həmin seçkilərdə qalib gələrək İrəvanda hakimiyyəti ələ keçirməkdir.

Erməni milyarder Xankəndindən qaçmağa yox, İrəvana yollanarpaq Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa hazırlaşır.

Vardanyanın “qarabağlı ermənilərin mübarizəsinin davam edəcəyi”, “sonadək müqavimət” və s. kimi sözləri də əslində qarabağlı ermənilərə “vəd edilən” faciəvi ssenarinin konturlarıdır.

Qarabağlı ermənilər bu yaramazın, siyasət fırıldaqçısının əsl məqsədlərini deyəsən, hələ də anlamayıblar: əks təqdirdə onların taleyi ilə keqelban şarları kimi oynayan Vardanyanı çoxdan qovardılar.

Nikol Paşinyan təbii ki, Levon Ter-Petrosyanın xəbərdarlığı ilə Ruben Vardanyanın hədələrini cavabsız qoymayacaq. Ermənistanın baş naziri tələsik və emosional addımlar atmaq niyyətində deyil: tam tərsinə o, böyük siyasətdən faktiki və praktiki olaraq kənarlaşdırdığı Ter-Petrosyanı ümumiyyətlə, susmağa vadar etmək, Ruben Vardanyanı isə zərərsizləşdirmək üçün bir neçə ssenari hazırlayıb.

Paşinyan və komandaı ölkədəki vəziyyətin süni şəkildə gərginləşdirildiyini, daxili siyasi arenada böyük güclərin yerli marionetlərinin və fiqurlarının oyuna daha aktiv qatılmalarını, Azərbaycanla yekun sülh sazişinin imzalanmasına yönəlmiş prosesdə Qərblə Rusiya arasındakı qarşıdurmanın daha da intensivləşdiyini görür.

O, anlayır ki, Qayane Akopyanı yeni “vətənpərvər ana” hekayəsi üçün canlı subyektə çevirərək süjet hazırlayanlar məhz pafoslu saxta vətənpərvərlik dalğasında yeni aksiyalara təkan vermək istəyirlər.

Paşinyan ilkin mərhələdə müxalifət düşərgəsindəki mərkəzdənqaçma və xaos durumunu ağırlaşdıraraq miqyası artırmağa çalışacaq, sonra isə Rusiya və Qərblə eyni vaxtda, paralel sövdələşmələr apararaq sülh sazişi diskursunda yeni dividentlərə yiyələnməyə can atacaq.

Paşinyan bunu bəsit olsa da, effektiv ssenari sayır.

Alınacaqmı?

Elçin Alıoğlu
Trend

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button