Uncategorized

Paşinyan qorxuya düşüb: Bakının səbri tükənir

Gözlənildiyi kimi, Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqların yeni mərhələsi başa çatan kimi ermənilər adətlərinə xilaf çıxmayaraq əldə olunan kiçik irəliləyişi belə, məhv etməyə çalışırlar.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Sərhədin müəyyənləşdirilməsi ilə bağlı yaradlmış birgə komissiyanın müzakirələrinin yeni mərhələsi çərçivəsində Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə görüşdən dərhal sonra Nikol Paşinyanın müavini Mher Qriqoryan “maraqlı” bəyanatla çıxış edib.

Onun dediyinə görə, iki ölkə arasında sərhədin konkretləşdirilməsi məqsədilə xəritəni tərəflər seçə bilməyiblər.

Şərti dövlət sərhədinin demarkasiyasının aparılması üçün əsas rolunu oynayacaq hər hansı xəritə barədə razılaşmanın əldə edilməməsi barədə bəyanat əslində rəsmi İrəvanın davranışıın və son aylardakı siyasi kursunun təzahürlərindən sayılmalıdır.

Baş nazir Nikol Paşinyan və onun administrasiyası yekun sülh sazişinə yönəlmiş prosesdə real, konkret addımlar ataraq qərarlar vermək əvəzinə bunu boşboğazlıq, yeni iddialarla tələblər toplusu ilə əvəzləməklə məşğuldur.

Şərti dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə birgə komissiya çərçivəsində Şahin Mustafayevlə Mher Qriqoryanın başçılıq etdikləri heyətlərin 4-cü toplantısında bir sıra təşkilati və prosedur məsələlərinin müzakirələri ikinci dərəcəli idi.

Əsas məsələ şərti dövlət sərhədinin delimitasiya problemi idi.

Müzakirələr nəticəsində tərəfləri növbəti görüşün tarixi və yeri ilə bağlı işçi qaydada müəyyənləşməsi ilə bağlı razılaşma əldə ediblər.

Yəni, gələcəkdə anlaşa bilmək üçün anlaşıblar.

Rəsmi İrəvanın danışıqlar taktikası və müzakirə strategiyası da elə budur – Nikol Paşinyan yekun sülh sazişinin imzalanması prosesində sözdən işə keçməyə və gəvəzəliklə siyasi demaqogiyaya son qoyaraq konkret nəticə əldə etməyə yönəlmiş fəaliyyətə hazır deyil.

Daha doğrusu, Paşinyan bunu istəmir, bu məqamdan mümkün qədər uzaq durmağa çalışır.

ABŞ və Avropa İttifaqının əsas vasətiçiliyi ilə Vaşinqton-Brüssel formatlarında keçirilən sülh danışıqlarında Bakı və İrəvan arasındakı əsas mübahisəli məqamlardan biri məhz iki ölkə arasındak ışərti dövlət sərhədinin delimitasiyasının hansı coğrafi-siyasi xəritələr əsasında aparılmasıdır.

Ermənistanın baş naziri Nikol Paşinyan, onun administrasiyasındakı şəxslər, erməni siyasətçilər və şərhçilər fasiləsiz olaraq bəyan edirlər ki, delimitasiya prosesi sabiq Sovetlər Birliyinin ordusunun Baş Qərargahının 1975-ci il nəşri olan hərbi xəritələrinə əsasən aparılmalıdır.

İrəvan bu açıqlamalarında Rusiya Federasiyasının mövqeyinə istinad etdiyini vurğulayır. Gerçəkdən də, rəsmi Moskva indiyədək dəfələrlə bəyan edib ki, “sözügedən xəritələr yalnız onun Silahlı Qüvvələrinin Baş Qərargahının arxivindədir və tərəflərin istəyi olarsa Rusiya Federasiyası sərhədin delimitasiyası prosesinə yardım etməyə hazırdır”.

Bununla belə, Ermənistan son vaxtlar mövqeyini ikiləşdirərək dualistik taktikaya əl atıb. Nikol Paşinyaın sözlərinə görə, şərti dövlət sərhədinin delimitasiyası zamanı 1991-ci ilin Almatı bəyannaməsinə istinad etmək gərəkdir: “Delimitasiya prosesinin kartoqrafik əsaslarını ən yaxın vaxtlarda dəqiqləşdirməliyik”.

İrəvanın təklif etdiki iki variant qüsurludur və bunun bəlli səbəbləri, danılmaz məzmunu var.

Delimitasiya prosesi üçün 1975-ci ilin sovet hərbi xəritəsinin əsas götürülməsi ən azı məntiqsizdir, çünki həmin ildən sonra Azərbaycanın Qazax, Gədəbəy və Tovuz rayonlarının yaylaqları ilə otlaqlarının bir hissəsi Moskvanın birbaşa qərarı ilə sabiq Ermənistan SSR-yə hədiyyə edilmişdi.

1991-ci il tarixli Almatı bəyannaməsinə gəldikdə isə, bu sənəd danışıqlara və ələlxüsus Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin müəyyənləşdirilməsinə əsas olmaq üçün mücərrəddir. İş ondadır ki, postsovet məkanında MDB-nin yaradılması barədə Almatı bəyannaməsində müstəqil dövlətlərin sərhədlərinin konkret olaraq harada kəsişməsi barədə bir kəlmə də yoxdur.

Sənəddə vurğulanır: “Müstəqil Dövlətlər Birliyini yaradan sabiq sovet müttəfiq respublikalarpı bir-birlərinin ərazi bütövlüyünü, habelə aralarında mövcud olan sərhədlərin toxunulmazlığını tanıyırlar”.

Bəhs etdiyimiz səbəb yetərlididir ki, şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası üçün 1991-ci il tarixli Almatı bəyannaməsindən əsas bazis qismində istifadə etməyin nə qədər yolverilməz, qeyri-məntiqi olduğu anlaşılsın. Həmin sənəddə Azərbaycanla Ermənistan arasındakı hansı coğrafi sərhəddən söhbət getdiyi anlaşılmır.

Rəsmi Bakının mövqeyi yetərincə aydın, səlis və konkretdir. Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin delimitasiyası zamanı tarixi məqamlar və Cənubi Qafqazda sovet hakimiyyətinin bərqərar olmasından sonrakı dövrün reallıqları mütləq şəkildə nəzərə alınmalıdır.

Ümumiyyətlə, prosesdə İrəvanın istəklərinə, habelə Moskvanın məlum məqsədli yardım təkliflərinə rəğmən bir, yaxud iki xəritədən istifadə etmək olmaz.

İrəvan iki, Rusiya isə üç xəritəyə istinadə etsələr də, şərti dövlət sərhədi ilə bağlı çoxsaylı xəritələr mövcuddur.

Məsələn, 1918-ci il xəritələrində İrəvan və indiki Ermənistanın qərb, habelə cənub-qərb və şimal-qərb bölgələri bütünlüklə Azərbaycan əraziləri kimi göstərilib.

1920-ci ilin noyabrı tarixli xəritədə Zəngəzur Azərbaycanın tərkib hissəsi kimi rəsmiləşdirilib.

İndiki Ermənistan-İran sərhədində həmin dövrlərdə bütünlüklə azərbaycanlılar yaşayırdı və o torpaqların ermənilərə heç bir dəxli yoxdu.

Məhz 1920-ci ilin noyabrında Moskvadakı bolşevik hakimiyyəti Zəngəzuru ermənilərə hədiyyə vermişdi.

Ümumiyyətlə, hazırda mövcud olan xəritələrin istisnasız olaraq hamısı Ermənistanın maraqlarına cavab vermir və İrəvan da bunu dərk edə bilmir. Çünki 1902-1920-ci illər arasındakı xəritələrdə indiki Ermənistanın Sünik vilayətinin eni 42 km deyildi.

Zəngəzur ermənilərə hədiyyə olunandan sonra ermənilər Azərbaycanın əsas hissəsi və Naxçıvanın əraziləri hesabına Zəngəzurun İranla sərhədinin enini artıraraq 42 kilometrə çatdırdılar.

Məhz bu səbəbdən Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin delimitasiyası, xüsusilə də demarkasiyası proseslərində aprior şəkildə 1914-1991-ci illər aasındakı bütün xəritələr nəzərə alınmalıdır.

Həmin xəritələr Azərbaycanla Ermənistan arasındakı dövlətlərarası birgə komissiyanın fəaliyyətində və xüsusilə də aparılan danışıqlarda baza prinsipləri arasında yer almalıdır.

Sərhədin müəyyənləşdirilməsi zamanı tarixi reallıqlar, faktlar, müxtəlif dövrlərlə bağlı amillər və s. kimi məqamlar gözardı edilə bilməz, Rusiyada Baş Qərargahın arxivində saxlanılar hansı hərbi xəritə yeganə, danılmaz əsas qismində qəbul oluna bilməz.

Delimitasiya və demarkasiya prosesi asan, tez başa çatacaq proses olmayacaq.

Çünki ilk əvvəl şərti dövlət sərhədinin müəyyənləşdirilməsi üçün kartoqrafik baza hazırlanmalıdır.

Ermənistanın mövqeyini, daha doğrusu, mövqesizliyini nəzərə alsaq, danışıqlarla müzakirələr tezliklə başa çatan deyil.

Əsas səbəblərdən biri də xəritələrdən obyektiv və məntiqi şəkildə istifadə edildikdə ermənilərin sovet vaxtı qanunsuz, ədalətsiz şəkildə pay aldığı əraziləri itirə biləcəyi ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyanın qorxusudur.

Xəritə məsələsi, daha doğrusu, hansı ilin zəritəsi məsələsini Ermənistan bundan sonra da uzun müddət istifadə etmək niyyətindədir. Daha da konkretləşdirsək, ermənilər xəritələrin yeni versiyalarını təqdim etməklə yanaşı, artıq razılaşdırılmış nəşr variantlarından imtina edəcəklər.

Rəsmi İrəvan xəritə oyunu ilə bağlı niyyətlərini artıq faktiki olaraq gizlətmir. Lakin problem odur ki, rəsmi Bakının səbrini sınamaq qərarına gəlmiş Ermənistan hakimiyyəti unutmamalıdır ki, səbr kasasız hüdüdsuz deyil.

Bakının səbri tükənəndə isə nələrin baş verdiyini ermənilər yəqin ki, unutmayıblar.

Elçin Alıoğlu
TREND

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button