Paşinyan yenə öz ampluasında – XİN-in sərt cavabının şərhi
Azərbaycanla Ermənistan arasında sülhlə bağlı danışıqların kövrək mərhələsində Nikol Paşinyan yenə öz təxribatçı ampluasındadır. O, sentyabrın 10-da “Yerevan dialoqu” adlı forumda yenə də “sərhədləri açıb”, başqa sözlə, çaşıb.
Onun absurd və qızışdırıcı açıqlamalarına Azərbaycan Xarici İşlər Nazirliyi sərt reaksiya verib.
“Ermənistan baş nazirinin 10 sentyabr tarixində “Yerevan dialoqu” adlı forumda çıxışı zamanı həm “sülh sazişi” layihəsi, həm də ümumilikdə 10 noyabr tarixli üçtərəfli bəyanatla bağlı səsləndirdiyi iddialar reallıqların açıq-aşkar təhrif olunmasıdır”, – deyə bəyanatda bildirilir: “Ermənistan rəsmilərinin “sülh sazişi” layihəsini razılaşdırılmamış müddəalar çıxarılmaqla imzalanması çağırışı, bununla ikitərəfli münasibətlərdə mövcud problemlərin həllini növbəti mərhələyə saxlamaq cəhdləri qəbuledilməzdir. Bir daha xatırladırıq ki, Ermənistan tərəfinin “sülh sazişi” layihəsini hansı formada imzalamaq niyyətindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır.
Guya Azərbaycanın Konstitusiya aktında Ermənistana qarşı ərazi iddialarının olması barədə iddialara gəldikdə bir daha qeyd edək ki, Azərbaycan Konstitusiyası ilə Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi heç bir nəticə verməyəcək. Ermənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil.
Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz” müddəasını qeyd edərək, bu ölkənin konstitusiyasında mövcud olan ərazi iddiasının zərərsiz olduğunu bildirməsi də tamamilə əsassızdır. Bir daha qeyd edirik ki, heç bir beynəlxalq sazişin konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır.
Almatı Bəyannaməsi çərçivəsində Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıdığı barədə baş nazirin açıqlamasına gəldikdə, baş nazirin təmsil etdiyi ölkənin məhz bu öhdəliyi kobud şəkildə pozaraq Azərbaycan ərazilərini işğal altında saxladığı faktını xatırlatmaq istərdik.
Kommunikasiyaların açılması məsələsində də Ermənistan baş naziri növbəti dəfə üzərinə götürdüyü öhdəlikləri yanlış şərh edib. Üçtərəfli bəyanatın 9-cu bəndində Ermənistanın hansı öhdəliklərinin olduğu, nəqliyyat əlaqəsi üzrə nəzarət necə təşkil olunacağı açıq-aydın yazılıb.
Ümumilikdə, üçtərəfli bəyanat imzalanandan sonra öhdəliklərinə zidd olaraq 2023-cü ilin sentyabr ayınadək Azərbaycan ərazilərində hərbi fəaliyyətini davam etdirmiş və erməni silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmayan Ermənistan tərəfinin guya qaçqın və məcburi köçkünlərin geri qayıtmasına maneçilik törədildiyini, yerli ermənilərə qarşı etnik təmizləmə həyata keçirildiyini, hərbi əsirlərin qaytarılmadığını iddia etməsi reallıqların təhrif olunmasıdır. Bununla yanaşı, 2023-cü il antiterror tədbirlərindən sonra erməni əsilli şəxslərin könüllü əsasda Azərbaycanı tərk edərək Ermənistana və digər ölkələrə köçməsinin etnik təmizləmə kimi qələmə verilməsi növbəti böhtandır.
Hərbi əsirlərin qaytarılması məsələsinə gəldikdə, hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil. Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq hərbi əsirlərin hər birini Ermənistana təhvil verib. Lakin Azərbaycan tərəfindən qaytarıldıqdan sonra hərbi əsirlərin Ermənistan dövləti tərəfindən kütləvi surətdə həbslərə və təqiblərə məruz qalmaları bu dövlətin öz vətəndaşlarına “qayğısı” kontekstində xüsusi təəccüb doğurub.
Müxtəlif platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfini sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə çağırırıq”.
Paşinyanın xüsusilə konstitusiya möhtəkirliyi, habelə faktiki hərbi, separatçı, terrorçu caniləri müdafiə etməsi, Xankəndidən könüllü köçü deportasiya kimi qələmə verməsi hansı anlama gəlir? Bu o deməkdirmi ki, Ermənistan siyasi rəhbərliyi faktiki olaraq sülh istəmir və qızışdırıcılıq, pozuculuq missiyasına sadiqdir? Bu halda onunla necə davranaq?
“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov bildirdi ki, Nikol Paşinyan sözdə sülh istəyir. Ancaq onun Azərbaycan Konstitusiyasında guya Ermənistana qarşı torpaq iddiaları olması barədə dedikləri tamamilə həqiqətdən uzaqdır, yaxud sülh sazişi ilə bunun əlaqəsi yoxdur. Bu artıq delimitasiya ilə bağlı məsələdir: “Məlumdur ki, Azərbaycan Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad var. Müstəqillik Bəyannaməsində də bugünkü Azərbaycan dövlətinin Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu yazılıb. Həmin dövrdə məlumdur ki, Azərbaycanın əraziləri indiki ilə müqayisədə xeyli artıq olub. Və bu da Ermənistanı narahat edir ki, guya bu, torpaq iddiası deməkdir. Ancaq Azərbaycan Prezidenti bu məsələ ilə bağlı açıq şəkildə dedi ki, peşkəş olunmuş torpaqlar məsələsi delimitasiya prosesində müzakirə olunmalıdır. Bunun sülh sazişi ilə heç bir əlaqəsi yoxdur. 1975-ci il xəritəsi ilə Azərbaycanın razılaşmamasının kökündə də bu dayanır. Delimitasiya prosesində müxtəlif xəritələrdən istifadə olunmalıdır və mütləq Ermənistana verilmiş torpaqlar məsələsi də müzakirə edilməlidir. Bu, tamamilə başqa məsələdir. Ancaq Ermənistan konstitusiyasında istinad olunan Müstəqillik Bəyannaməsində Qarabağın Ermənistana birləşməsi haqqında qərara istinad var. Yəni Ermənistan Konstitusiyasının preambulasına görə Qarabağ Ermənistan ərazisidir. Azərbaycan da buna görə haqlı olaraq tələb edir ki, Ermənistan Konstitusiyası dəyişdirilsin. Ermənistanın mövqeyi təbii ki, sülhü ləngidir. Ancaq nəzərə alsaq ki, üç maddənin razılaşdırılmasına ehtiyac var və bu maddələrin də xeyli hissəsi razılaşdırılıb, mən güman edirəm Ermənistana Qərbin təzyiqini təşkil etmək lazımdır”.
Ekspertin fikrincə, xüsusilə ABŞ Ermənistana təzyiq göstərsə, ilin sonuna kimi sülh sazişini imzalamaq mümkündür: “Nəzərə almaq lazımdır ki, Ermənistanın son iki ildə atdığı konstruktiv addımlar Qərbin təzyiqi ilə olub. Hesab edirəm ki, bu istiqamətdə Qərbin göstərəcəyi növbəti cəhd sülh sazişinin imzalanması ilə nəticələnə bilər. Azərbaycan əsas işini bu istiqamətdə qurmalıdır. Ermənistanla danışıqlar aparmaqla yanaşı, Ermənistana yol göstərənlərə də müəyyən məsələləri çatdırmaq lazımdır, onlarla işləmək lazımdır”.
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli isə bildirdi ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanması və imzalanması prosesi 10 noyabr 2020-ci ildə üç ölkə başçısının imzaladığı atəşkəs haqqında sazişə söykənir: “Paşinyan bu sazişə qol çəkib və ondan doğan tələbləri yerinə yetirməli, sülh sazişinin imzalanmasına mane olmamalıdır. Azərbaycanın sülh müqaviləsi ilə bağlı tələbləri haqlıdır və beynəlxalq hüququn tələblərindən doğur. Belə ki, biz Ermənistanın indiyədək ölkəmizə olan ərazi iddialarından birdəfəlik əl çəkdiyini, bunun üçün rəsmi dövlət sənədlərində və atributlarında da bununla bağlı müvafiq düzəlişlər etdiyini görmək istəyirik. Bir müddət əvvəl Paşinyan öz açıqıamalarında bütün bunların edilməli olduğunu bildirmişdi və prinsipcə erməni ictimaiyyətini buna hazırladığı görüntüsünü yaratmışdı. Lakin vaxt uzandıqca Ermənistan rəhbərliyi fərqli fikirlər səsləndirir. Bu mövqe dəyişikliyi ya vaxt keçdikcə Azərbaycan Ordusunun zərbələrinin unudulmasıdır, ya da Ermənistanı buna həvəsləndirən və ya təhrik edən qüvvələr var. Çünki artıq Paşinyan sülh müqaviləsinin imzalanması üçün Azərbaycan qarşısında şərtlər qoymağa çalışır. Onun bu “cəsarəti” haradan aldığı bəllidir, lakin özü bunu dərk etmir. Müəyyən güclər Ermənistanı yenidən regionun araqarışdıranı, regiona müdaxilə üçün vasitə missiyasında görmək istəyir və təəssüf ki, Paşinyan da buna gedir. Ancaq Ermənistan cəmiyyətinin canında ordumuzun xofu qalmaqdadır və güman etmirəm ki, onlar yenidən müharibə həvəsinə düşsünlər”.
M.Rəhimli qeyd etdi ki, Ermənistanın milli maraqları ilə ona diqtə olunan şərtlər və vədlər arasında çox böyük fərq var. Ona görə də Ermənistanla danışıqlar vasitəçilər olmadan, iki dövlət arasında aparılmalıdır: “Ermənistana 10 noyabr üçtərəfli bəyanatından irəli gələn hərəkətlərin yerinə yetirməsi qəbul etdirilməlidir. Düşünürəm ki, bu zaman onlar real situasiyanı daha adekvat qiymətləndirə biləcəklər. Əks halda, biz regiona digər maraqlı qüvvələrin ayaq açmasına imkan yaratmış olarıq”.