“Prius”u polislərin üstünə sürməkdə ittiham olunan şəxs: “Evdə 26 pişik saxlayıram”
Bakıda “Prius”u polislərin üstünə sürməkdə ittiham olunan Rauf Qurbanovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs və 3 zərərçəkmiş çıxış edib.
Öncə çıxış edən təqsirləndirilən Rauf Qurbanov hadisə anını xatırlamadığını bildirib: “Birinci xidməti maşın məni saxlamaq istədi. Sonra idarə etdiyim avtomobili qabaqda olan “Mercedes” markalı maşına vurdum. Daha sonra olanlardan xəbərim yoxdur. Özümdə olmamışam”.
R. Qurbanov çıxışı zamanı taksi kimi fəaliyyət göstərmədiyini deyib: “Mən taksi sürücüsü işləmirəm, ustayam, motor yığıram. Günə 15 manat pul alırdım. Hadisə ilə bağlı 16 şahidim var”.
Təqsirləndirilən şəxs veterinar işlədiyini də deyib: “Evdə 26 pişik və 1 it saxlayıram”.
O, Maştağada yerləşən ruhi əsəb dispanserində müalicə almaq istədiyini məhkəmə heyətinə bildirib.
Zərərçəkmiş kimi tanınan Vaqif Dəmirov ifadəsində hadisəni görmədiyini deyib: “Hadisə vaxtı evdəydim. Günorta aşağı düşəndə gördüm maşınım əzilib. Sonradan hadisənin videosunu sosial şəbəkələrdə gördüm. Mənə 200 manat ziyan dəyib”.
V. Dəmirov təqsirləndirilən şəxsdən şikayətçi olmadığını açıqlayıb.
Daha sonra prosesdə hadisə zamanı xəsarət alan yol polisi əməkdaşları çıxış edib.
Məhkəmə sentyabrın 27-də davam etdiriləcək.
Qeyd edək ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1987-ci il təvəllüdlü Rauf Qurbanov aprelin 28-də idarə etdiyi Toyota “Prius” markalı avtomobildə külli miqdarda satış məqsədilə narkotik vasitələrin olması barədə polisə əməliyyat məlumatı daxil olub. Aparılmış araşdırmalarla R. Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə, eləcə də idarə etdiyi nəqliyyat vasitəsini polis işçilərinin üzərinə sürüb sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə müqavimət göstərməsinə, həmçinin 3 xidməti polis avtomobili və 2 vətəndaşa məxsus avtomobili qəsdən zədələməsinə əsaslı şübhələr müəyyən edilib.
Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 234.4.3 və 315-ci maddələri ilə istintaq olunan cinayət işi üzrə Rauf Qurbanov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Milli.Az