Ölkə

“Qənirə xanım qəfil dünyasını dəyişdi, mən o insanları bağışlayıram”- FOTO

Milli.Az bildirir ki, mərhum deputat, tanınmış ictimai xadim, professor Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva Moderator.az -ın suallarını cavablandırıb.

 

-Kəmalə xanım, heç vaxt ağlıma belə gətirə bilməzdim ki, Qənirə xanımla bağlı Qənirə xanımsız kiminləsə söhbət edəcəm. Ələxsus da ailə üzvlərindən biri ilə… Bu gün əbədiyyətə qovuşmasından 1 il ötür. Bu itki bizim üçün nə qədər ağırdırsa yəqin ki, sizin üçün ikiqat ağır və dözülməzdir..

 

-Mən də sizin fikirlərinizə qatılıram. Qənirə xanımın belə vaxtsız, qəfil ölümü təbii ki, təkcə ailə üzvlərini deyil, hər kəsi şoka saldı. Bütün türk dünyasını, Azərbaycan xalqını kədərləndirdi. Qənirə xanım sevgidolu, xeyirxah, vicdanlı, mərhəmətli bir insan idi. Azərbaycan xalqı dəyərli bir ziyalısını itirdi. Qənirə xanım dedikdə adamın ağlına əsl insana aid nə varsa hər şey gəlir. Belə bir şəxsi erkən, qəfil itirmək hər kəs üçün çox üzücüdür. Amma ailəsi üçün daha ağır və dözülməzdir. Çünki hər kəs kimi biz də Qənirə xanımı həyatda güclü və pozitiv gördüyümüz üçün ağlımıza belə gəlməzdi ki, o bizləri bu qədər tez tərk edə bilər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

-Qənirə xanımı hər kəs özünə övlad, bacı, dost, sirdaş bilirdi.. O yəqin ki, sizin üçün həyatda təkcə bacı rolunu oynamayıb…

 

-Qənirə xanım mənim üçün əlbəttə ki, sadəcə bacıdan ibarət deyil. Qənirə xanım mənim bu həyatdakı rol modelimdir. Qənirə xanım mənim üçün bir müəllimdir. Qənirə xanım mənim ən böyük dostum, sirdaşım, həyatda örnək aldığım bir insan idi. Və əlbəttə ki, bacım idi. Qənirə xanım əvəzolunmaz bir insan idi. Çünki o özünün də söylədiyi kimi adam kimi bir adam və çox dəyərli bir insan idi.

 

-Siz Türkiyədə yaşadığınıza görə onu yəqin ki, uzunmüddətli fasilələrlə görürdünüz. Nəinki siz, yəqin ki, digər ailə üzvləriniz də onu doya-doya görüb, söhbətləşə, dərdləşə bilmirdiniz. Bu hiss sizə peşmanlıq yaşadırmı?

 

-Allah insanı dünyaya gətirəndə hər kəsə bir missiya verir. Heç kəs bu həyata boşu-boşuna gəlmir. Qənirə xanım da bir missiya üçün bu həyata gəlmişdi. O missiya xalqa, millətə, insanlığa xidmət etmək idi. Təbii ki, ailəsi olaraq onu çox görə bilmirdik. Amma biz başa düşürdük ki, Qənirə xanımın görüləsi işləri və öz missiyası var. Əlbəttə ki, o darıxmaq, onu görmək hissi içimizdən keçirdi. Amma dediyim kimi, Qənirə xanım sadəcə bizim ailənin qızı deyildi. Qənirə xanım bütün xalqımızın, millətimizin qızı idi. Ona görə ailə olaraq biz bunu qəbul edirdik. Kaşki ölüm bu qədər vaxtsız olmayaydı. Çünki Qənirə xanımın hələ görəcəyi çox işlər var idi. Çox təəssüf deyə bilərəm.. Qaldı ki, mənim Türkiyədə yaşamağıma.. Bəli, mən 10 ildən artıqdır Türkiyədə fəaliyyət göstərirəm. Qənirə xanımın ən çox səyahət etdiyi ölkələrdən biri Türkiyə idi. Qənirə xanım üçün Azərbaycan, Türkiyə və Türk dünyası eyni idi. O Azərbaycan üçün necə fəaliyyət göstərirdisə, Türkiyənin haqq səsinin dünyaya çatdırılması üçün, Türkiyəyə olan haqsızlığa qarşı hər zaman bütün xarici platformalarda fikirlərini çəkinmədən söyləyirdi. Türkiyəyə tez-tez səfər etsə də, əfsuslar olsun ki, mən onu çox görə bilmirdim. Hətta bəzən mənə zəng edib xahiş edirdilər ki, Qənirə xanım Türkiyədədir, onunla görüşmək istəyirik, bizi görüşdürün. Mən isə bildirirdim ki, bəli Qənirə xanım Türkiyədədir, amma çox təəssüf olsun ki, mən də sizin kimi onu görə bilmirəm. Çünki o konfranslarda, görüşlərdə və tədbirlərdə olurdu. İnanın ki, mən bəzən onu hava limanında görməklə kifayətlənirdim. Mənə zəng edirdi ki, buradan Türkiyənin başqa bir şəhərinə uçacam, gəl hava limanında görüşək. Mən hava limanına onunla görüşməyə getdiyim zaman belə mütləq işlə bağlı kimlərləsə danışırdı, onlara da orada zaman ayırırdı. Bu görüşmələr çox qısa və bu şəkildə həyata keçirilirdi. Mən nəinki Türkiyədə, Azərbaycana gələndə də onu çətinliklə görürdüm. Nə qədər çətin olsa da başa düşürdüm ki, bu Qənirə xanımın həyatdakı missiyası, roludur. Nə qədər çətin olsa da bundan həm qürur, həm də şərəf duyurdum. Çünki mənim bacım böyük bir insan, dəyərli şəxsiyyət idi. O insanların hər zaman dar günündə yanında idi. Hər zaman insanlara və insanlığa xidmət edirdi. 

-Qənirə xanım bu qədər çox işləməyi kimdən öyrənmişdi? Ümumiyyətlə ona “az işlə, özünə vaxt ayır” deyirdinizmi?

 

-Biz iki ideal müəllim ailəsində dünyaya gəlmişik. O idealist müəllimlər hər zaman insanlıq, toplum üçün çalışıblar. Sadəcə müəllim olaraq deyil. Bəzən insanların təhsil, elm almasına təmənnasız çalışıblar. Rəhmətlik atam hər zaman deyərdi ki, mən övladlarımı millətim, xalqım, dövlətim üçün yetişdirirəm. Sanki atam bu sözü ilə Allah tərəfindən bizə verilən missiyanı daha da yüksək şəkildə həyata keçirmək üçün bir təkan verirdi. Hər zaman bizə bunu aşılayırdı. Çünki valideynlərim də həyatlarını elə yaşamışdılar. Qənirə  xanım buna ən böyük örnək idi ki, o heç zaman özünü düşünmədi. Qənirə xanım hər zaman özündən də, ailəsindən də daha çox vətən, millət, dövlət anlayışı ilə yaşadı. 48 illik ömrünə bəlkə də 100 illik ömürdə görüləcək fəaliyyət yerləşdirdi.

-Xəstəliyi haqda sizə nələrsə demişdi? Ümumiyyətlə səhhətindən şikayət edirdimi?

 

-Bu sualı verməyiniz çox yaxşı oldu. Qənirə xanımın vaxtsız və qəfil ölümü insanlarda fərqli-fərqli fikirlər yarada bildi. Çox insan da mediaya, mətbuata açıqlanan səbəbləri izləyə bilməyiblər. Bu normal bir durumdur. Amma bildirmək istəyirəm ki, Qənirə xanımın heç bir xəstəliyi yox idi. Qənirə xanım bilirsiniz ki, yay ayında 1 aydan da çox Türkiyədə oldu. O Türkiyənin 57 vilayətində çəkilişlər aparıb, AZTV-də “Addım-addım Türkiyə” layihəsini reallaşdırdı. Bu onun son layihəsi oldu. Hətta dəfn olunduğu gün Türkiyəyə bileti var idi. O bu veriliş vasitəsilə 81 vilayətdə çəkilişləri tamamlamaq üçün Türkiyəyə gələcəkdi. Lakin.. Olum və ölüm həyatda mütləq var. Hər bir insan dünyaya gəlir və kim olmağından asılı olmayaraq gec ya tez haqq dünyasına qovuşur.

 

-Son görüşünüzü necə xatırlayırsınız?

 

-Qənirə xanımla bizim son görüşümüz sentyabr ayının əvvəlində baş tutdu. O Türkiyədə idi və Bakıda qayıdırdı. Bildirdi ki, Bakıda önəmli görüşlər, tədbirlər var, onlara qatılacaq və ayın 29-da İstanbula qayıdacaq. Həyata keçirmək istədiyi layihələr haqqında danışırdı. “Addım-addım Türkiyə”-dən sonra “Addım-addım Azərbaycan”, “Addım-addım Özbəkistan”, “Addım-addım Qazaxıstan”, “Addım-addım Qırğızıstan”, “Addım-addım Türkmənistan” olaraq layihəyə davam etmək istəyirdi. Bundan başqa bir çox önəmli layihələr haqqında biz onunla danışdıq. Son söhbətimiz bu mövzularda oldu. 

-Ölümündən öncə də verilişlərdə qonaq olarkən ölüm haqda danışıb.. Sanki hiss edirmiş ki, bizləri tez tərk edəcək… Siz də bunu hiss etmişdiz?

 

-Mən hər zaman Qənirə xanıma deyirdim ki, sən sanki bu dünyalıq deyilsən. Çünki o çox fərqli dəyərlərlə yaşayırdı. Qənirə xanımın həyata baxışı, həyatla bağlı düşüncələri çox fərqli idi. Qənirə xanım sufi bir insan idi. Onun kitablarını oxuyanlar bunu bilirdilər. Qənirə xanım heç vaxt özü ilə bağlı sabahlar düşünən bir insan deyildi.. O anı yaşayırdı. Doğum qədər ölümün də bir həqiqət olduğunu sadəcə bilmirdi, çox yaxşı dərk edirdi, duyurdu. Ona görə də həyatdakı yaşam fəlsəfəsi çox fərqli idi. Qənirə xanım sanki insanlıq üçün özəl bir missiyanı yerinə yetirməyə bu həyata gəlmişdi. Qənirə xanımla sabahlarımız haqqında danışmaq asan deyildi. Onun əsas düşüncələri bu idi ki, gələcək nəsillərin sabahları gözəl olsun. Anam yaşlıdır, bəzən ölümdən danışardı. Qənirə xanım deyərdi ki, kimsə bilməz kim erkən öləcək, ölümün yaşı, vaxtı-vədəsi yoxdur. Bu Allah tərəfindən bir hikmətdir. Ölümü belə hikmət olaraq görən insan idi Qənirə xanım. Bəzi insanlar deyir ki, Qənirə xanım erkən öləcəyini hiss edirdi?! Qənirə xanım hər an ölə biləcəyini bilən bir insan idi. Bu onun həyatının yaşam fəlsəfəsi idi. Ona görə də Qənirə xanım hər zaman gözəl işlər görmək üçün tələsirdi. 

 

-Ananızın müsahibəsini oxuduq.. Həqiqətən bir ananın Qənirə xanım kimi övladını erkən itirməsi çox ağırdır.. Bəzən sözlər dodaqlarında düyünlənirdi.. Bir baxışı hər şeyi izah edirdi.

 

-Bu dünyada bəlkə də ən ağır acılardan biri bir ananın öz övladını erkən itirməsidir. Bu çox ağır bir duyğudur. Xüsusilə də Qənirə xanım kimi bir övladı. Övlad övladdır.. Amma Qənirə xanım sadəcə övlad deyildi, dəyərli, humanist, mərhəmətli bir insan idi. Ailəmiz üçün, ələxsus da anam üçün onun itkisi çox ağırdır. Hər anaya da Qənirə Paşayeva kimi övlad nəsib olmur. Mənim anam çox şanslı idi. Çünki onun qızı insanlıq üçün, milləti üçün, xalqı üçün bir tarix yazıb getdi. Qənirə Paşayeva var olduqca yaşayacaq. Bəlkə onun cismi bu gün bizimlə deyil, amma əmin olun ki, Qənirə xanım hər an, hər dəqiqə, hər saniyə bizimlədir. Elə insanlar var ki, tarix və bəşəriyyət onları əbədiləşdirir. Bu insanlar həyat var olduqca yaşayırlar. Çünki onların əməlləri yaratdıqları bir yol, iz olur. İnsanlar o izlə irəliləyərək o şəxsiyyətləri yaşadırlar. Qənirə xanım bu insanlardan oldu. Dünya var olduqca Qənirə xanım idealogiyası, həyat fəaliyyəti, dəyərləri, yaratdıqları, yaşatdıqları, yazdıqları, mahnıları, şeirləri, kitabları hər zaman yaşayacaq. İnsanlar onu yaşadacaqdır. Mən bəzən Türkiyədə taksiyə minirəm. Tanımadığım taksi sürücləri mənim azərbaycanlı olduğumu bildiyi halda Qənirə xanımdan, onun vaxtsız ölümündən danışırlar. Qənirə xanım heç vaxt status insanı olmayıb. Qənirə xanım sadəcə çox yaxşı insan olub. O hər zaman deyirdi ki, zəkat sadəcə puldan verilmir. Puldan, var-dövlətdən zəkat vermək çox asandır. Bəzən bir toxunuş, bir baxış, bir gülüş belə insana veriləcək ən böyük zəkat ola bilir. Qənirə xanım insanlara toxunmağı sevərdi. Qənirə xanım insanları sevməyi sevərdi. Qənirə xanım insanlara kin tutmazdı. Hər zaman və hər zaman bağışlayan idi. Qənirə xanım çox təmənnasız bir insan idi. Ömrü boyu eşitmədim desin ki, mən insanlara bunu etdim, onlar mənə bunu etdilər. Qənirə xanım çox fərqli dəyərlərə sahib insan idi. 

-Qənirə xanımın ölümündən sonra onun yerinə səhnəyə çıxıb, mükafat almışdınız.. 

 

-Qənirə xanımın yerinə səhnəyə çıxmaq mənim üçün çox, inanılmaz ağır idi. Amma eyni zamanda çox şərəfli idi. Ağırdır ona görə ki, mən hər zaman hamı kimi Qənirə xanımı tribunalarda, səhnələrdə görmüşdüm. İndi onu cismani də olsa o səhnədə görməmək hər kəs kimi mənə də ağırdır. Amma o mükafatı almaq onun hələ də yaşadığını, hələ də sevildiyi və yaşayacağını göstərmək və etdiyi əməllərlə hansı dərəcəyə yüksəldiyini görmək mənim üçün çox böyük bir sevinc, qürurdur. Mənim bacım həyatda yoxdur, amma insanlar onu yaşadır, sevir və xatırlayırlar. 

 

-Qənirə xanım dostcanlı, sonuna qədər özünü dostu üçün həlak edən bir şəxsiyyət idi.. Onun ölümündən sonra dost dedikləri sona qədər yanınızda oldular? Bu dostluğa dönük çıxanlar necə, oldu?

 

-Qənirə xanım dostcanlı, insancıl bir adam idi. Qənirə xanım üçün hər kəs dost idi. Mən hələ Qənirə xanımın kiminsə haqqında pis danışdığını eşitmədim. Hətta ona pislik edən insanlar haqqında da.. Həmin insanlar belə ondan bir kömək, dəstək istədikləri zaman Qənirə xanın əgər onu edə bilirdisə edirdi. Bəzən mən buna narazılıq edərdim. Mənə deyərdi ki, Allah bağışlayandırsa, biz kimik ki? Mənim bacım təmənnasız bir insan idi. Qənirə xanımı sevən, onun ölümünə yanan çox dostları var. Mən onların hamısına bir-bir təşəkkür edirəm. Əgər Qənirə xanımı unudan, qiymətləndirməyən kimlərsə varsa da, mən onları da bağışlayıram. Əminəm ki, Qənirə xanım da onların hər birini bağışlayıb. Çünki o belə bir insan idi. 

 

-Bu günlərdə “Qənirə Paşayeva-İTHAF” adlı tədbir baş tutdu. Bundan sonra onun xatirəsini əbədiləşdirmək yolunda hansı addımlar atacaqsınız?

 

-Nə qədər ki, mən, anam, qardaşlarım, qardaşımın övladları bu dünyadadır, biz son nəfəsimizə qədər hamımız Qənirə xanımın yaratdıqlarını, fəaliyyətlərini yaşatmaq üçün əlimizdən nə gəlirsə edəcəyik.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Check Also
Close
Back to top button