Uncategorized

Qərbi Azərbaycan hökuməti YARADILIR – ANONS VERİLDİ!

QAİ bəyan edib ki, Ermənistan təhlükəli siyasətdən əl çəkməsə, Azərbaycan mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq, ilk addım isə bu olacaq…

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Son vaxtlar ermənilərin Xankəndinə qaytarılması barədə ardıcıl çağırışlar eşidilir və sülh sənədinə keçmiş münaqişənin salınması təklif olunur.

Avqustun 31-də vəzifəsini tərk edən Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da bir müddət əvvəl Qarabağ ermənilərinin qaytarılmasını regionda münasibətlərin normallaşması prosesinin tərkib hissəsi kimi qiymətləndirsə də, Ermənistandan qovulan azərbaycanlılarla bağlı fərqli mövqe bildirib: “Bəzən bu kontekstdə başqa məsələlər də gündəmə gətirilir, məsələn, “Qərbi Azərbaycan” deyilən məsələ. Mənim üçün bunlar tamamilə fərqli suallardır, onları qarışdırmaq olmaz. Birincisi, Qarabağ ermənilərinin öz ata-baba yurdlarına qayıtmasına şərait yaradılmalıdır ki, bu da Azərbaycanın öhdəliyidir. İkincisi isə əvvəllər Azərbaycanın başqa yerlərində, o cümlədən Bakıda yaşayan ermənilər və ya Ermənistanda yaşayan azərbaycanlılar məsələsidir”.

Göründüyü kimi, köçkünlük problemi və qayıdış hüququndan danışarkən bu hüququ müstəsna olaraq ermənilərə şamil edilir. Ermənistandan qovulmuş azərbaycanlıların bu hüququnun olduğunu isə inkar etməyə çalışılır. “Sentyabrın 2-də Ermənistanda revanşist qüvvələrin, qondarma rejimin tör-töküntülərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamalarını, o cümlədən Qərbdəki havadarlarına arxalanaraq yenə “beynəlxalq təminat altında Qarabağa qayıdış”dan dəm vuranların biz qərbi azərbaycanlıların qayıdış hüququnu danmasını kəskin şəkildə pisləyirik”. Qərbi Azərbaycan İcmasının (QAİ) yaydığı bəyanatda belə deyilir.

Bəyanatda qeyd olunub ki, icma son vaxtlar bir neçə dəfə Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyinə qarşı çıxan qüvvələrin fəaliyyətinə son qoyulması ilə bağlı çağırış edib: “Görünən odur ki, Ermənistan hökuməti nəinki bu addımı atmır, əksinə, üzdə sülhdən danışaraq kənarda anti-Azərbaycan addımlara rəvac verir. Qərbi Azərbaycan İcmasının Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda, özünü “mühacirətdə olan hökumət” kimi qələmə verən qondarma rejimin tör-töküntülərinin, Ermənistanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi “repatriasiya komissiyası”nın Ermənistanda belə rahat fəaliyyət göstərməsi qəbuledilməzdir”. QAİ sonda bəyan edib ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, Azərbaycanda mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq: “Bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə “Qərbi Azərbaycana qayıdış” komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlayacağıq”.

Əslən qərbi azərbaycanlı olan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə qeyd etdi ki, QAİ-nin bəyanatını təqdir edir. Onun sözlərinə görə, son 100 ildə Qərbi Azərbaycandan 1 milyon bacı-qardaşımız sürgünə məruz qalıb, vətənlərindən qovulub, olmazın işgəncələrə və məşəqqətlərlə üzləşiblər: “Uzun müddətdir ki, hədəflərimizdən biri onların dədə-baba torpaqlarına qayıtması və hüquqlarının beynəlxalq səviyyədə tanınmasıdır. Son zamanlar erməni separatçılar yenə aktivləşiblər, Qarabağa qayıdışdan danışır və “artsax” kimi sərsəm fikirlərlə gündəmə gəlirlər. Azərbaycan da buna cavab verməkdədir. Amma onların fəaliyyətindən asılı olmayaraq, qərbi azərbaycanlıların qayıdışı üçün beynəlxalq səviyyədə iş aparılmalıdır”.

A.Əlizadə vurğuladı ki, Azərbaycan dəyən zərərə görə Ermənistana təzminat davası açmalıdır: “Azərbaycan dövləti elan edib ki, 1918-ci ildə qurulmuş Cümhuriyyətin varisidir. Qərbi Zəngəzur Cümhuriyyət dönəmində Azərbaycanın tərkib hissəsi olub və tarixi torpaqlarımızdır. O zaman həmin dövrə və tarixi fakta, Cümhuriyyətin varisi olduğumuza istinad edərək qərbi azərbaycanlıların yurd-yuvasına qayıdışı təmin olunmalıdır”. 

Aİ-nin xüsusi nümayəndəsinin dediklərinə gəlincə, AMİP sədri əlavə etdi ki, Toivo Klaara qalsa, ermənilər 1988-ci ildə SSRİ Ali Sovetinin iclasına bu məsələni daşımışdılar və Qorbaçov erməni separatçılarının qızışdırılmasına dəstək verirdi: “Amma həm də Qorbaçov tarixi statistikanı açıqlamışdı ki, bugünkü Ermənistanın paytaxtı İrəvanda əhalinin 95 faizi azərbaycanlılar olub. Əgər avropalı siyasətçi Bakıda, Sumqayıtda ermənilərin yaşadığını  deyirsə, o zaman İrəvanda yaşamış azərbaycanlıların statistikasına diqqət yetirsin. Ümumiyyətlə, Ermənistan qondarma dövlətdir və Azərbaycanın tarixi torpaqlarının üzərində ermənilərin himayədarlarının dəstəyi ilə onlar üçün respublika yaradılıb. Bu baxımdan verilən son bəyanatı yerində hesab edirəm”.

Əslən Qərbi Azərbaycandan olan professor Qabil Hüseynli isə mühacir hökumətin yaradılmasını mümkün sayır: “Azərbaycan Prezidenti bəyan edib ki, Qarabağda yaşamış ermənilər qayıda bilərlər, amma vətəndaşlığı qəbul etməlidirlər. Dövlət başçısı onu da bəyan edib ki, bu proses qarşılıqlı olmalıdır və qərbi azərbaycanlılar da öz evlərinə qayıtmalıdırlar. Cənab İlham Əliyev bildirib ki, biz Qərbi Zəngəzura qayıdacağıq, amma topla, tankla yox, minik avtomobilləri ilə. Bu baxımdan istər İrəvandan eşidilən çağırışlar, istərsə Qərb təşkilatlarından bəyanatlar səslənərkən Bakı bunu cavabsız qoymur. Çünki hər şey beynəlxalq hüquqa uyğun olmalıdır. Necə ola bilər ki, ermənilər Qarabağda yaşamağa davam etsinlər, özü də qeyd-şərtsiz, yəni Azərbaycan vətəndaşlığı olmadan, amma qərbi azərbaycanlılar öz ev-eşiklərinə qayıda bilməsinlər? Bu məsələdə Avropa təsisatları qərəzlidir”.

Q.Hüseynlinin sözlərinə görə, separatçılara İrəvanda əl-qol açmağa imkan verilməsi, “artsax” adlı gorbagor olmuş mifin yenidən dirçəldilməsi cəhdləri heç bir nəticə verməyəcək: “Bu çürük ideyanın yenidən xortlaması Ermənistan dövləti üçün təhdiddir. Paşinyan yaxşı başa düşür ki, separatçıların toplaşıb hansısa qərarlar qəbul etməsi sülh prosesinə də zərər vurur, ərazi bütövlüyününü tanınması məsələsinin həllinə də… Ona görə ilk növbədə rəsmi İrəvan özü bu addımlara son qoymalıdır. Üstəlik, Simonyan və digərləri etiraf ediblər ki, separatçıların İrəvanda fəaliyyəti dövlətə təhdid sayılır. O zaman niyə bu avantüristlərə şərait yaradılır? Seçim özlərinindir, itirən tərəf də Ermənistan olacaq. Madam ki, belə çağırışlar var və hansısa iddialar səsləndirilir, o zaman mühacirətdə olan Qərbi Azərbaycan hökumətini elan edərək bu siyasi-diplomatik mübarizəni gücləndirmək olar”.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button