Qarabağ erməniləri üçün alternativ YOL TAPILDI…
Laçın dövlət sərhədində buraxılış məntəqəsi fəaliyyətini müvəqqəti dayandırsa da, Azərbaycan bir neçə dəfə bu yola alternativ variant təklif edib.
Beynəlxalq qızıl xaç komitəsi vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlərə Bərdə-Ağdam-Xankəndi marşrutu ilə zəruri ləvazimatlar çatdırıla bilər.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, nəqliyat eksperti Ərşad Hüseynov bildirib ki, sözügedən yol 1993-cü ilə qədər işlək vəziyyətdə olub. Qarabağa bütün yüklər məhz bu yol vasitəsilə çatdırılıb. Ekspert qeyd edib ki, hazırda logistika baxımından Bərdə-Ağdam-Xankəndi yolu beynəlxalq qızıl xaç komitəsi üçün daha əlverişlidir. Bu yol vasitəsi ilə yüklər Xankəndinə getmədən Qarabağın müxtəlif rayonlarına da çatdırıla bilər.
Ekspert bildirib ki, yolun ümumi uzunluğu təxminən 72 kilometrdir. İrəvandan Xankəndinə 300 kilometrlik məsafənin olduğunu nəzərə alsaq, yüklərin bu yolla daha tez çatdırılması mümkündür. Beynəlxalq Qızıl Xaç Komitəsinin Bərdə şəhərində nümayəndəliyinin olması da Bərdə-Ağdam-Xankəndi yolundan istifadəni asanlaşdıracaq faktlardan biridir.
Ekspert əlavə edib ki, Qarabağ Azərbaycan ərazisi olduğu üçün belə bir təklifin edilməsi ölkəmizin suveren hüququdur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Milli.Az