Siyasət

Qarabağda separatizm can verməyə başladı

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu səhər 60-a yaxın erməni Xankəndi-Gorus istiqamətində getmək üçün “Laçın” sərhəd-buraxılış məntəqəsindən keçib.

Azərbaycan qanunvericiliyinin tələblərinə və prosedur qaydalarına uyğun olaraq ilk əvvəl həmin şəxslərin sənədləri yoxlanılıb, sonra onların sərbəst keçidi təmin edilib.

Bu şəxslər ölkəmizə qarşı hərbi əməliyyatlarda bilavasitə iştirak etməsələr də, qarabağlı ermənilərin sepvratizmini dəstəkləyənlərdir. Məhz həmin şəxslərin də daxil olduğu bir qrupdan Xankəndindəki xunta “Qarabağdakı rusdilli icma” adlı efemer “cəmiyyət”i yaratmaq üçün istifadə edib.

“Qarabağdakı rusdillilər və rusiyalılar icması” adlı həmin kvazicəmiyyətdən Xankəndindəki separatçı xunta illər idi ki, propaqanda vasitəsi kimi istifadə edir, guya Rusiya Federasiyasının və rusiyalıların da onları dəstəklədiklərini göstərməyə çalışırdılar.

Bununla yanaşı, Gürcüstanın tərkib hissələri olan Abxaziya və Cənubi Osetiyada, habelə Moldova ərazisi olan Dnestryanı bölgədə yaşayanlara Rusiya Federasiyasının ümumvətəndaşlıq pasportlarının verilməsindən sonra Ermənistanın hakimiyyət dairələri ilə qarabağlı erməni separatçıları da analoji prosesin Xankəndində olacağını vəd edirdilər.

Qarabağlı ermənilər arasında yetkinlik yaşına çatmışların istisnasız olaraq hamısı Ermənistan pasportuna malikdir və de-yure olaraq Ermənistan vətəndaşları sayılırlar. Onların arasında kiçik qrup Rusiya Federasiyasının da vətəndaşlığını qəbul edib. Bu isə heç bir halda “Qarabağdakı rusdilllilər və rusiyalılar icması”nın mövculuğunu iddia etməyə əsas ola bilməz.

Fəqət, rəsmi İrəvan, Xankəndindəki xunta və dünyanın müxtəlif ölkələrindəki erməni diaspor təşkilatları bəhs etdiyimiz insanlardan separatçılığın təbliği, “qarabağlı ermənilərin dövlət müstəqilliyi uğrunda mübarizəsinə dəstək” kampaniyalarında təşviqat aləti kimi yararlanıblar.

İndi də belədir.

Ancaq Rusiya pasportunu almaq “xoşbəxtliyi”nə qovuşmuş qarabağlı ermənilər və onların əslən rus olan həyat yoldaşları Rusiya Sülhməramlı Kontingentinin (SK) müvəqqəti yerləşdiyi arealları tərk edərək Ermənistana yollanmağa başlayıblar.

Daha dəqiq olsaq, bu şəxslər Ermənistana qaçırlar və köç hər gün daha da aktivləşir.

Ermənistanın baş naziri Nikol Paşinyanın və onun Xankəndindəki marioneti Araik Arutyunyanın bravur bəyanatlarına rəğmən, qarabağlı ermənilərin separatçılıq macərası artıq tükənmək ərəfəsindədir.

Buna dəlalət edən amillərdən biri də Abxaziya, Dnestryanı bölgə və Cənubi Osetiyada “Russkiy mir” avanturasının reallaşdırılmasından sonra həmin ssenarinin Qarabağda tətbiqi ilə bağlı verilmiş vədlərin puç olduğunu ermənilərlə yanaşı, onlara şamilik edənlərin də dərk etmələridir.

Rusiya pasportlu qarabağlı ermənilərin Ermənistana qaçışı buna ən bariz misaldır.

Rəsmi Bakı qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasasına başlamaq və prosesi normal şərtlərlə bitirməkdə qətiyyətlidir. Ölkə qanunlarına əməl edən, mövcud qanunvericiliyin tələbləri çərçivəsində, sərsəm separatçılıq idefikslərindən əl çəkərək yaşamağa hazır olan qarabağlı ermənilər yaşamlarına tam sərbəst, azad və normal qaydada davam edə bilərlər.

Amma absurd ideyalara sadiq qalan, özlərini Azərbaycan vətəndaşı saymayan və saymaq da istəməyən qarabağlı ermənilər, habelə “Rusiya vətəndaşı” olduqlarını iddia edən şəxslər ölkəmizi tərk edərək istənilən başqa dövlətdə “milli müqəddəratı təyinetmə hüququ”ndan yararlana bilərlər.

Qapılar açıqdır, “Laçın” postundan keçid – sənədlər qaydasındadırsa və hərbi cinayətlərdə iştirak faktı yoxdursa – sərbəstdir.

“Russkiy mir” idefiksini separatçılar Xankəndində və hazırda RSK-nın yerləşdiyi digər ərazilərdə reallaşdırmaq istəsələr də, ölü doğulmuş təxribat ssenarisi alınmadı.

O idefiksə sadiq qalanlara Azərbaycanda yer yoxdur.

Digər qarabağlı ermənilərsə Azərbaycan vətəndaşlığın qəbul edəndən sonra həyatlarına davam edə bilərlər.

Normal, yaxşı şəkildə – separatizmin onillərdən bəri yaşatdığı məşəqqətləri unudaraq.

Elçin Alıoğlu

TREND


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button