“Qisas-2” əməliyyatında öldürülən iki erməni hərbçinin meyiti Ermənistana aparılıb – VİDEO
Azərbaycan Ordusunun iyunun 28-də keçirdiyi “Qisas-2” əməliyyatı zamanı öldürülən erməni hərbçilərdən ikisinin meyitinin Ermənistana aparılmasına şərait yaradılıb.
Milli.Az xəbər verir ki, Qarabağda qeyri-qanuni silahlı dəstələrinin məhv edilmiş iki hərbçisinin meyitini onların yaxınları müşayiət edib. Meyitlər Laçın sərhəd-buraxılış məntəqəsindən keçirilməklə Ermənistana aparılıb.
Proses iyulun 1-də Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
Videodan da göründüyü kimi, qeyri-qanuni erməni silahlı dəstələrinin öldürülmüş üzvlərinin yaxınları və meyitlər Laçın sərhəd-buraxılış məntəqəsində müvafiq yoxlamadan sonra Ermənistana keçid edib. Azərbaycan bununla humanizm prinsiplərinə sadiq qaldığını növbəti dəfə bütün dünyaya nümayiş etdirib.
Qeyd edək ki, “Qisas-2” əməliyyatı zamanı qeyri-qanuni erməni silahlı dəstələrinin 5 üzvü məhv edilib. Onlardan ikisi Ermənistan silahlı qüvvələrinin hərbçisi olub.
Eyni zamanda, Qarabağın erməniəsilli sakinləri də “Laçın” sərhəd-buraxılış məntəqəsindən heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən hər iki istiqamətdə rahat keçidi üçün hər bir şərait yaradılıb və Azərbaycan tərəfindən bu proses təhlükəsiz şəkildə təşkil olunur.
Milli.Az