Ramin İsayevin işi üzrə şok yeyinti
“SOCAR-AQŞ” MMC-nin sabiq baş direktoru Ramin İsayevin 1 il davam edən ibtidai istintaqı başa çatıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan istintaqın gedişində cinayət işi üzrə başqa epizodlar üzə çıxıb.
R.İsayevin əməlləri nəticəsində dəymiş ziyan 4 dəfəyə yaxın artaraq (əvvəl 16 milyon idi-red) 54 milyon manat təşkil edib. Müəyyən edilib ki, eks-baş direktor qazancının həqiqi mənbəyini gizlətmək məqsədilə qeyd olunan pul vəsaitlərinin 16 milyon manat təşkil edən hissəsini təkrar leqallaşdırıb.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və israfetmə -xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yanaşı, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) maddələri ilə yekun ittiham verilib.
İş üzrə “SOCAR-AQŞ”dən başqa, “Abşeron Qazma” MMC və “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına da zərər dəyib.
Bu günlərdə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işinin digər detalları ilə bağlı məhkəmə istintaqı dövründə məlumat verəcəyik.
Qeyd edək ki, Ramin İsayev 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilib. Ötən ilin iyulunda həbs edilib.
Sail Ağasəlim
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun