“Regenerativ və imkanları genişləndirən şəhərlərə keçidi dəstəkləmək üçün daxili inkişafdan istifadə” mövzusunda panel müzakirəsi baş tutub
COP29 çərçivəsində “Regenerativ və imkanları genişləndirən şəhərlərə keçidi dəstəkləmək üçün daxili inkişafdan istifadə” mövzusunda panel müzakirəsi baş tutub.
Milli.Az Trend-ə istinadən bildirir ki, Inner Development Goals təşkilatının həmtəsisçisi Erik Fernholm panel müzakirəsi zamanı bildirib ki, iqlimlə bağlı məlumatlılıq mühüm daxili imkanları, bacarıqları və perspektivləri müəyyən edən xəritə tələb edir.
“Bizdə davamlılıq böhranı yox, davranış böhranı var. Biz harada olduğumuza görə özümüz məsuliyyət daşıyırıq və bunu anlamaq təbii ki, narahatlıq doğurur. Bu emosional bir prosesdir: əgər mənfi emosiyaların öhdəsindən gələ bilməsək və onları saxlaya bilmiriksə, vəziyyəti dərk edə bilmərik. Biz özümüzü müdafiə edirik, bəhanələr gətiririk və əvvəlki kimi yaşamağa davam edirik”, – o bildirib.
Onun sözlərinə görə, dərk etmək lazımdır ki, bizim çağırışlarımız əməllərimizlə yaranır.
“Bu, çətin bir həqiqətdir, lakin ümidvericidir: bunu dərk etməklə biz harada dəyişikliklər edə biləcəyimizi görə bilərik”, – o bildirib.
O qeyd edib ki, sistemli düşünmək, yeni perspektivlər tapmaq və hərəkət etmək bizim üçün vacibdir – həm fərdi, həm də kollektiv şəkildə.
Alohas Regenerative Fondunun həmtəsisçisi Mark Buckley öz növbəsində qeyd edib ki, bir dövrdən digərinə keçid innovasiyalar olmadan mümkün deyil.
“Nə üçün biz innovasiya mərkəzində daxili və xarici inkişafı müzakirə edirik? Çünki istər buxar maşını, istər çap maşını, istərsə də kosmosa gedən istənilən inkişaf, hər keçid yenilik tələb edir. Bütün bu texnologiyalar bəşəriyyəti dəyişdi”, – o bildirib.
Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Milli.Az