Rüfət Həmzəyev yeni telekanal açdı
Tanınmış telejurnalist, AzTV-nin keçmiş sədr müavini Rüfət Həmzəyev yeni işi barədə açıqlama verib.
Milli.Az xəbər verir ki, R.Həmzəyev bildirib ki, 4 noyabr 2024-cü il tarixindən etibarən qlobal xəbər və analitika sahəsində alternativ baxışı təqdim edən ANEWZ beynəlxalq televiziya kanalı fəaliyyətə başlayır.
“Həftənin 7 günü, 24 saatlıq efir yayımında aparıcı media platformalarında indiyədək o qədər də çox eşidilməyən və ya fərqli təqdim olunan – Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionunun səsi Bakıdan-dünyaya çatdırılacaq”, – Rüfət Həmzəyev bildirib.
Onun sözlərinə görə, 12-dən çox ölkədə təmsilçisi ilə 110-dan çox ölkəyə yayımlanan ANEWZ peyk, rəqəmsal, sosial media kanalları vasitəsi ilə izlənilə bilər:
“Böyük Britaniya, ABŞ, İspaniya, Portuqaliya, Ukrayna, Türkiyə, İordaniya, Nigeriya, Zambiya və digər ölkələrdən media sahəsində geniş təcrübəsi olan jurnalistlər yaradıcı heyətə daxildirlər. Beynəlxalq ingilisdilli kanal kimi ANEWZ yüksək jurnalistika standartlarını, o cümlədən beynəlxalq və yerli istedadları bir araya gətirir. Kanalın əsas məqsədlərindən biri də Azərbaycanda ingilisdilli jurnalistikanın inkişafına töhfə verməkdir”.
Rüfət Həmzəyev 2020-ci ilin fevralından 2024-cü ilin iyulunadək AzTV-nin sədr müavini postunda çalışıb.
Milli.Az