“Rufo Gəncinski” Rusiyaya qayıtdı – Azərbaycanlı “qanuni oğru”lar arasında “müharibə” başladı
“Rufo Gəncinski” ləqəbli “qanuni oğru” Ülfət Tağıyev yenidən Rusiyaya qayıdıb. Bundan sonra federasiyada Azərbaycan mafiyasına liderlik uğrunda mübarizənin yeni mərhələsi başlayıb. Proses amansız döyülmələrlə müşayiət olunur və atışma da uzaqda deyil.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, “Rufo”ya ömürlük Rusiya Federasiyasına giriş qadağası var. Lakin o, FSB ilə yaxşı münasibətdə olan nüfuzlu avtoritet Badri Koquaşviliylə yaxın olduğu üçün ölkəyə girə bilib.
Qeyd edək ki, Tağıyev Rusiya Federasiyasını tərk edib, Misirdə həyat qurmağa çalışıb. Lakin bu yaxınlarda yenidən Rusiyaya qayıtmağa nail olub. Və o, dərhal fəaliyyətə başlayıb.
Yerli teleqram kanallarının məlumatına görə, “Rufo Gəncinski” Misirdə olarkən öz adamlarını Rusiyanın bütün böyük bazarlarına yerləşdirməyə çalışsa da, onları döyüblər və oradan qovublar. Qayıdandan sonra Tağıyev əlaltılarına qarşı çıxanları nümayişkaranə şəkildə cəzalandırmaq qərarına gəlib.
Artıq bu qisas addımları da reallaşmağa başlayıb. Belə ki, “Rufo”nun Moskva vilayətində yaşayan adamları azərbaycanlı avtoriteti döyərək ona “Namiki danla, Namiki danla” deyə qışqırıblar.
Daha sonra görüntülər sosial şəbəkələrdə yayılıb. Burada söhbət azərbaycanlı məhrum “qanuni oğru” “Lotu Quli”nin qardaşı Namiq Səlifovdan gedir. Qeyd olunur ki, Namiq “Rufo”nun ən qatı düşmənidir və onun adamı döyülüb.
Məlumata əsasən, “Rufo”nun adamlarının buna bənzər daha bir neçə hücumu olub. Tağıyev var gücü ilə Zaxar Kalaşova (Şakro Molodoy) sübut etməyə çalışır ki, o, Azərbaycan mafioz klanlarının əsl və ən önəmli qüvvəsidir və onsuz alınmaz.
“Şakro”ya gəlincə, artıq xəbər verildiyi kimi, o, digər azərbaycanlı avtoritetə – Zaur Şipilovla (Zaur Naxçıvanski) bir neçə dəfə görüşüb. Zaur əvvəllər “Rufo”nun mafioz dostu sayılırdı. Ancaq indi vəziyyət kəskin şəkildə dəyişir. Hətta tezliklə atəş səsləri başlayacağı da istisna edilmir.
Milli.Az