Rusiya, Türkiyə və Qətərin iştirakı ilə taxıl sazişinin bərpası üzrə razılaşma yoxdur
Rusiya, Türkiyə və Qətərin iştirakı ilə taxıl sazişinin bərpası üzrə konkret razılaşma yoxdur.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Qətərin iştirakı ilə taxıl sazişinin bərpası məsələsinə dair qarşılıqlı fəaliyyətin müxtəlif variantları var – hazırda bununla bağlı hər hansı substantiv razılaşma yoxdur”, – deyən Peskov müxtəlif formatlarda müzakirələrin davam etdiyini əlavə edib.
Xatırladaq ki, Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb. Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb. Sonuncu dəfə mayın 17-də İstanbulda Türkiyə hakimiyyətinin vasitəçiliyi ilə 60 gün müddətinə uzadılan “Taxıl sazişi”nə iyulun 17-də Rusiya tərəfindən xitam verilib.
Milli.Az