Şəhərin zibillik problemi niyə həll olunmur?
Zibilin tüstüsündən kor olanlar
Son illər Bakıda yaşayış binalarının, yaşayış sahələrinin artması ilə zibil qutuları problemi də artıb. Bəzən qosqoca bir qəsəbədə bir neçə zibil qutusu olur ki, bu da əhalinin ehtiyacını ödəmir. Buna görə də Bakı kəndlərində tez-tez göylərdə qara tüstüləri görmək olur. İnsanlar ətraf ərazidə zibil yeşiyi tapmadıqları üçün zibilləri yandırmalı olurlar. Bəzənsə qutulara atılan zibillər tez alışır, od vuran kimi yanğın böyüyür.
Tullantıları idarə etmənin yeni təcrübəsinə Abşeronda başlayacaqlar
Azərbaycanda tullantıların idarə olunması ilə bağlı ciddi addımlar atılır.
Milli.Az musavat.com-a istinadən bildirir ki, bunu dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev “Tullantılar haqqında” Qanunun icra vəziyyətinə dair ictimai müzakirədə deyib.
Onun sözlərinə görə, təkcə Bakı şəhərində məişət tullantılarının idarə olunmasına deyil, həm də regionlarda olan təhlükəli tullantılarla mübarizəyə də diqqət ayrılır: “Bu siyahıya tibbi tullantıların idarəsi də aiddir. Sovet dövründən qalan tibb müəssisələri tibbi tullantıların çoxalmasına səbəb olurdu. Monitorinqlərimiz nəticəsində həmin tullantıların təhlükəlilik dərəcəsi ölçülüb və müvafiq addımlar atılıb”.
M.Nəbiyev əlavə edib ki, atılacaq ciddi addımlara tullantıların idarə edilməsi barədə hazırlanan strateji sənəd də aiddir. Sənədə əsasən, icra ediləcək layihənin ilk olaraq Abşeronda həyata keçirilməsi planlaşdırılır: “Layihə Abşeronda həyata keçirildikdən sonra ölkə ərazisində də tətbiq ediləcək. Tullantıların zərərsizləşdirilməsi, toplanması, daşınması məsələsinə özəl sektorun da yetərincə marağı var”.
Yandırılan zibillər hansı xəstəliklər yaradır?
Zibillərin yandırılması zamanı ətrafa yayılan qoxu və zəhərli tüstü hamını narahat edir. Zibillərin yandırılması daha çox əvvəllər zibillikləri ilə məşhur olan Balaxanı qəsəbəsində baş verir ki, bu da sakinlərin haqlı narazılığına səbəb olur.
Zibilin keyfiyyətindən asılı olmayaraq, yandırılan zaman dioksin ifraz olunur. Bu qaz həm suya, həm mal-qaraya, torpağa, havaya, insana mənfi təsir göstərir.
Bu qazın qarşısını almaq üçün mütləq məişət tullantılarından səmərəli istifadə etmək, yandırma prosesini dayandırmaq lazımdır.
Ümumiyyətlə, məişət tullantılarının idarə edilməsi, zərərli tullantıların məhv edilməsi üçün yeni bir zavodun tikilməsinə böyük ehtiyac var. Hər yer məişət tullantılarıyla doludur. Onları yandırmaq lazımdır. Çünki artıq həmin tullantılar emala yararsız hala düşüb. Torpağımızı, havamızı, yeraltı sularımızı təmizləmək üçün zibilləri yandırmalıyıq. Biz illər boyu yığılıb qalan zibilləri yenidən emal edə bilmərik, onları yandıraraq məhv etmək lazımdır.
Yuxarıda da qeyd etdiyimiz kimi, zibillərin yandırılması zamanı dioksin qazı ifraz olunur. Bu qaz elementlər cədvəlinə daxil edilməmiş zəhərli qazdır. Tibbi araşdırmalar sübut edib ki, bu qaz ağ ciyərlərin fəaliyyətinə, qan dövranına birbaşa zərər vuran dioksin, şikəst uşaqların doğulmasına səbəb olur. Zibilin yandırılması zamanı yaranan qazlar uşaqların inkişafına mənfi təsir göstərir, hamiləliyin yarımçıq qalması, vaxtsız uşaq ölümü, xərçəng, tənəffüs yolu xəstəlikləri, endokrin sistemin pozulması və digər xəstəliklərin yaranmasına səbəb olur. Ətrafa atılan hər bir zəhərli qaz immun sistemə mənfi təsir göstərir, gücsüzləşdirir və xəstəliklərə yoluxma riskini artırır. Bu qazların çoxu xərçəng, tənəffüs yolu xəstəlikləri və endokrin sistemin pozulması kimi fərqli xəstəliklərə yol açır.
Ətrafı zibilləyənlər cəzalandırılır – pulunu ver, zibilini at!
Ümumiyyətlə, insan ömrünün qısalmasına təsir göstərən amillərdən biri də dioksindir.
Burada diqqət çəkən başqa bir məqam da var. Zibillər evdən çıxarılan zaman çeşidlənmir. Hamısı bir yerə tökülür və yandırılan zaman atmosferə ciddi ziyan verir. Bununla da xəstəliklər yaranır.
Məişət tullantılarının çeşidlənməsi prosesi bu gün zavodlarda aparılır. Ancaq mütəxəssislər düşünür ki, buna evlərdən başlamaq lazımdır. Yəni yandırılan zibilə görə problem yaşamamaq üçün maarifləndirmə işlərinin aparılması çox önəmlidir. İnzibati Xətalar Məcəlləsinə görə, tullantıların qalıqlanması, tullantıların daşınmamasına görə fiziki şəxslər 500 manatdan 800 manatadək, vəzifəli şəxslər 2000 manatdan 3000 manatadək, hüquqi şəxslər isə 6000 manatdan 8000 manatdək cərimə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bunu təkcə cərimə ilə deyil paralel olaraq ictimai qınaqla aparılmasını təklif edir.
Bundan başqa, Bakı “küləklər şəhəri”dir. Küləklər güclənən kimi yola atılan sellofan torbalar ağacların üstündə olur. Bütün ağacların üstü bu rəngli sellofan torbalarla dolur. Bəzi mütəxəssislər düşünür ki, ümumiyyətlə, selofan torbaların satışına müəyyən məhdudiyyət tətbiq olunmalıdır. Məsələn, mağazalar alıcıya öz alış-veriş torbası ilə gəlməyi təlqin etməlidir.
Dünyada hər il 2 milyard ton məişət tullantısı istehsal edilir
Dünya Bankının məlumatına görə, hər il bəşəriyyət 2 milyard tondan bir qədər çox məişət tullantıları (MSW) istehsal edir. 2050-ci ilə qədər bu rəqəmin 3,4 milyard tona yüksəlməsi təhlükəsi var. Məsələn, Yaponiyada əhali zibilləri müstəqil şəkildə onlarla kateqoriyaya ayırırsa, Hindistan sakinləri zibili sadəcə olaraq küçəyə atmamağı öyrəniblər.
Beləliklə, Almaniya tullantıların idarə olunması üzrə Avropanın ən uğurlu nümunələrindən biri olaraq qalır. Onun sakinləri 1980-ci illərin sonlarında tullantıları ayrıca yığmağa başlayıb və indi Almaniyada dərin çeşidləmə sistemi var. Yəni evə təyin edilmiş saatda ən azı üç konteyner olmalıdır – qida tullantıları, plastik, çantalar və qablaşdırma üçün, kağız və karton üçün. Şüşə butulkalar və bankalar – şərab, yağ və ya mürəbbə küçədəki ictimai zibil qutularına ayrılır. İçki qablarını xüsusi toplama məntəqələrinə – bütün zəncir mağazalarında quraşdırılmış fandomatlara qaytarmaq olar. Eyni zamanda plastik butulka və ya bankanın qiyməti demək olar ki, hər bir içkinin qiymətinə daxildir və qabı qaytarmaqla artıq ödənişi geri qaytarmaq olar. Butulkaları geri qaytarmaq istəmirsinizsə, içkiyə əlavə olaraq ödədiyiniz pulu geri ala bilməyəcəksiniz. Belə ki, dövlət əhaliyə ətraf mühiti zərərli plastik və ya bankalarla çirkləndirməməyi öyrədib. Mebel kimi böyük tullantılar poliqonda öz yerini tapır – onu ya özünüz, ya da yükləyicilərin köməyi ilə ora apara bilərsiniz. Geyimlər xeyriyyə təşkilatları tərəfindən, batareyalar isə mağazalar tərəfindən qəbul edilir, burada bu məqsədlə xüsusi qutular quraşdırılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun