Soltan Məmmədov Mərdəkan, Şağan və Buzovnanın mədəniyyət və incəsənət xadimləri ilə görüşüb
12 saylı Xəzər birinci seçki dairəsindən deputatlığa namizəd Soltan Məmmədov Mərdəkan, Şağan və Buzovna seçiciləri ilə görüşləri çərçivəsində dünən yerli gənclərlə bir araya gəlib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, S.Məmmədov bununla bağlı sosial şəbəkələrdəki hesablarından etdiyi paylaşımda yazıb:
“Dünən Mərdəkan, Şağan və Buzovna qəsəbəsindən olan gənclərimizlə bir araya gəldik, ölkəmizin bu günü və gələcəyini müzakirə etdik. İşıqlı balalarımızın hər birinin həyata baxışı, sabaha dair planlarını dinlədim və növbəti dəfə əmin oldum ki, vətənimizin gələcəyi etibarlı əllərdədir”.
Namizədin görüşdə tanış oldğu gənc rəssam Leyla Əlihümbətova Qarabağ Universitetinin dizayn fakültəsinə qəbul olunub. Onu təbrik edən S,Məmmədov paylaşımında qeyd edib:
“Necə ki, qəhrəman zabit və əsgərlərimiz Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə canları bahasına torpaqlarımızı işğalçılardan təmizləyərək dövlətimizin təhlükəsizliyini dizayn ediblər, əminəm ki, Leyla xanım da Qarabağ Universitetini müvəffəqiyyətlə bitirib azad olunmuş yurdumuzda onlarla yaşayış və inzibati binanın, mədəniyyət və incəsənət mərkəzlərinin dizaynı üzərində çalışacaq!”
Deputatlığa namizəd gənclərlə yanaşı 12 saylı Xəzər birinci seçki dairəsinə daxil olan qəsəbələrin sakinləri, ictimaiyyətdə tanınmış şəxslərlə də görüşlər keçirir. S.Məmmədov belə görüşlər çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri Arif Buzovnalının evində olub. A.Buzovnalı Buzovna qəsəbəsinin ictimai həyatında fəal rol oynamaqla bərabər, həm də Azərbaycanda əruz vəzninin mahir bilicisi, şair olaraq tanınır.
S.Məmmədovun daha bir görüşü hər üç qəsəbədən olan mədəniyyət, incəsənət və elm xadimləri ilə baş tutub. Çay süfrəsi arxasında keçirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən seçki prosesinin gedişi və ölkədəki vəziyyət, xalqımızın qarşısında duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun