“Sülhməramlıların Qarabağda qalması xeyrimizədir, çünki…” – Zərdüşt Əlizadə
Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
– Baş separatçı Samvel Şahramanyan qondarma qurumun ləğv edilmədiyini dedi. Üstəgəl, Ermənistan Baş naziri Nikol Paşinyana ləğv edilmiş saxta qurumu “mühacirət hökuməti” kimi tanımasına dair çağırışlar var. Nə baş verir, Ermənistan rəhbərliyi belə bir avantüraya gedərmi?
– Bu addımların, bəyanatların qara qəpik də əhəmiyyəti yoxdur. Olan hadisə, amil və gerçəklik ondan ibarətdir ki, Xankəndidə Azərbaycan bayrağı dalğalanır, şəhər tamamilə Azərbaycan polisinin nəzarətindədir. Azərbaycan dövləti bütün Qarabağa nəzarəti bərpa edib, beynəlxalq aləm bunu tanıyıb və buna etiraz edən heç bir güclü siyasi qüvvə yoxdur.
İndi Ermənistanda hansısa daxili siyasi qüvvələr hakimiyyət uğrunda mübarizə aparmaq niyyətilə fəallıq göstərirlər. Deyək ki, bu saxta qurumu “mühacirət hökuməti” kimi tanıdılar, onda İrəvanda oturacaqlar, Ermənistan büdcəsindən pul alacaqlar, mənasız bəyanatlar verəcəklər, ora-bura gedəcəklər, “beynəlxalq fəaliyyətlər”ini də Abxaziya, Osetiya və Dnestryanıdakı saxta qurumlarla həyata keçirəcəklər. Yəni üç manatlıq bir şeydir. Bunlar Azərbaycan dövlətinin siyasətinə zərrə qədər də təsir etməyəcək.
Samvel Şahramanyan kimdir ki, onun bəyanatında da kimsə fikir versin?!
– Bir sıra Avropa Birliyi ölkələri, məsələn, Çexiya, Niderland Azərbaycan əleyhinə qətnamələr, Brüssel bəyanat qəbul etdi, Fransa məlum, Kanada isə Azərbaycana qarşı sanksiyaları nəzərdən keçirir, İsveç Ermənistana silah satışına razılıq verir. Qərbdəki bu fəallıq nədən xəbər verir?
– Parlamentlərin, ayrı-ayrı nazirlərin, deputatların bəyanatlarının qara qəpik də qiyməti yoxdur. Əhəmiyyətsiz şeylərdir.
– Bəs bu fəallıq nədən qaynaqlanır, nə istəyirlər?
– Bu adamlar öz cəmiyyətlərinə, daxili siyasətdə özlərini göstərmək istəyirlər. Əllərindən də ancaq bu gəlir: uzaq bir Cənubi Qafqazda, uzaq bir Azərbaycanda nəsə hadisə baş verir, onlar da bunu ya qınayırlar, ya da hansısa qiymət verirlər. Bununla siyasi gündəmdə qalmağa çalışırlar. Amma onların sözlərinin öz dövlətlərinin xarici siyasətinə təsirləri yoxdur.
– Qərbdən edilən bütün çağırışlarda beynəlxalq müşahidəçilərin Qarabağda yerləşdirilməsinə dair tezis nəzərə çarpır. Bu tezisin altında hansı məqsədlər var və bu reallaşa bilərmi?
– Azərbaycanda xarici qüvvələrin, hansısa sülhməramlıların yerləşdirilməsi yalnız Azərbaycan hakimiyyətinin razılığı ilə həyata keçirilə bilər. Bu isə olmayacaq.
– Avropa Birliyi ayrı-ayrı ölkələr müstəvisində Azərbaycana qarşı aqressiv görünür, bəs ABŞ?
– Hər bir dövlət, o cümlədən Avropa Birliyi və ABŞ da öz siyasi-iqtisadi maraqlarını güdür. Azərbaycandan nəsə əldə etməyə, qoparmağa çalışırlar. Azərbaycan öz neft-qazını Qərbə satır, Mərkəzi Asiyaya keçid üçün öz ərazisindən yol təqdim edib. Azərbaycandan bundan artıq nə ala bilərlər? Heç nə. Nə istəyiblərsə, alıblar.
Amma görünür, yenə də nəsə qoparmaq istəyirlər. Məsələn, Fransanın “Total” şirkəti gəldi, neft çıxarır. Lap yaxşı, halal xoşu olsun. O etməsəydi, başqası edəcəkdi.
– Azərbaycan və Ermənistan liderlərinin oktyabrın sonunda Brüsseldə keçiriləcək görüşündən nə gözləyirsiniz? Paşinyan demişdi ki, ilin sonunadək sülh müqaviləsi imzalana bilər.
– Mən də buna çox ümid edirəm. Ehtimal azdır, amma hər şey dövlət rəhbərlərinin qətiyyətindən asılıdır. Həll edilməmiş məsələləri, o cümlədən sərhədlərin qalan hissəsinin müəyyənləşdirilməsini razılaşdırsalar, bu, həm Ermənistan, həm də Azərbaycan xalqı üçün böyük nailiyyət olardı.
– İnsanlarımızı düşündürən bir sual da budur ki, Qarabağ məsələsi tam həll olundu, bəs Rusiya sülhməramlıları niyə getmir?
– Üçtərəfli bəyanata görə, Rusiya sülhməramlıları 2025-ci il noyabrın 10-dək Qarabağda qalmalıdır. Hesab edirəm ki, Rusiya sülhməramlılarının indiki məqamda Qarabağda qalması xeyriməzdir. Yəni beynəlxalq aləmdə Qarabağla bağlı bütün bu intriqaların, söz-söhbətlərin aradan götürülməsi üçün sülhməramlılar orada qalmalıdır. Nə qədər qalacağını Azərbaycan və Rusiya hökumətləri müəyyən edəcək. Əlbəttə, sayı kəskin şəkildə azalacaq. Çünki orada bir neçə yüz erməni qalıb. Yəqin ki, elə bir neçə yüz də rus hərbçisi qalacaq.
Bizdən çörək istəyirlər? Yox. Bizdən nəsə istəyirlər? Yox. Qalsınlar, Qarabağın suyundan içsinlər, Rusiyadan əsgərlər üçün göndərilən xəşili yesinlər – özləri bilərlər. 2025-ci ildə də əllərini sıxıb, hansısa bir xatirə hədiyyəsi verib yola salacaqlar. Vəssalam.
– Gündəmin əsas mövzularından biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Zərdüşt bəy, bu haqda sizin fikriniz necədir?
– Əsas məsələ budur ki, Azərbaycan, Türkiyə və İran öz aralarında razılığa gəliblər. Azərbaycanla İran razılığa gəlib, Türkiyə də bizim mövqeyimizi dəstəkləyir. İran ərazisindən 68 kilometrlik yol çəkiləcək, Azərbaycan-İran, İran-Ermənistan sərhəd boyuna uzanacaq dəmir yolu Culfadakı xəttə bağlanacaq. İndi Ermənistan dəmir yolu blokadasından çıxmaq istəsə, lazımi addımları atacaq.
Avropa Birliyi Ermənistana söz verib ki, Azərbaycanla sülh müqaviləsi imzalasa, ona maliyyə yardımı ayıracaq. Bundan sonra Ermənistan da dəmir yolunu texniki cəhətdən planlaşdıracaq və tikintisini Azərbaycanla razılaşdıracaq. Ermənistandan gələn dəmir yolu gəlib Mincivan stansiyasına çatacaq, sonra yenə Ermənistandan Naxçıvan istiqamətindəki xətt bərpa olunacaq. Ermənistandakı bu işləri Rusiyanın Cənub Dəmir Yolu Şirkəti həyata keçirəcək.
Ola bilsin, ilyarım-iki ildən sonra İranla yanaşı, Ermənistan üzərindən də dəmir yolu açılsın. Beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakl əlaqə iki dəmir yolu xətti ilə bərpa olunacaq. Burada heç bir ziddiyyət, münaqişəli və mübahisəli vəziyyət görmürəm.
Artıq Ermənistan-Azərbaycan münaqişəsi tarixdə qalıb. Qarabağ münaqişəsi adlı bir şey yoxdur. Artıq Ermənistan-Azərbaycan münasibətləri tənzimlənir. Sülh müqaviləsinin imzalandığı günün səhəri Türkiyə-Ermənistan əlaqələri də tənzimlənəcək. Türkiyənin İrəvanda, Ermənistanın da Ankarada diplomatik təmsilçilikləri açılacaq. Dəmir və şose yolları bərpa ediləcək, gediş-gəliş başlayacaq. Ermənistanla Türkiyə arasında ticari, iqtisadi və insani əlaqələr o qədər sürətlə inkişaf edəcək ki, beş ildən sonra Türkiyə Ermənistanın bir nömrəli tərəf müqabilinə çevriləcək.
Bir qədər sonra xəstə xəyallardan şəfa tapacaq erməni cəmiyyəti anlayacaq ki, Ermənistanın milli təhlükəsizliyinin bir nömrəli və ən inanılan zamini Türkiyə Cümhuriyyətidir. Bundan sonra ermənilərlə türklər arasındakı münasibətləri xeyli isinəcək, mehribanlaşacaq, keçmiş ədavətdən, nifrətdən, kindən və qisas hissindən əsər-əlamət qalmayacaq.
Əlbəttə, erməni cəmiyyətindəki hansısa siyasi qüvvə və qrup çalışacaq ki, buna mane olsun, amma heç kim onları qəbul etməyəcək. Bölgənin gələcəyi ilə bağlı müsbət fikirdəyəm, təki kənar qüvvələr müdaxilə etməsinlər.
Milli.Az