Ölkə

Tatik və Papik, vaxtınızın donunu açdıq – Yaşayın!

ADA Universitetində Media və Kommunikasiya üzrə proqram direktoru Şəfəq Mehrəliyeva azad Xankəndi şəhəri barədə təəssüratları, şəhərin işğal illərində donub qalmış taleyi və yenidən həyata inteqrasiyası barədə düşüncələrini qələmə alıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az onun “Facebook” səhifəsində paylaşdığı məqaləsini təqdim edir:

Xankəndinin küçələrində dolaşmaq olduqca maarifləndirici bir təcrübədir. Bu təcrübə sizə münaqişədən, coğrafiyadan daha çox zaman barədə öyrədir. Daha doğrusu, onun 30 il ərzində necə eyni yerdə donub qaldığını.

Şəhərdə etnik ermənilərin yaşadığı evlərdə və təsisat binalarında bütün təqvimlər eyni səhifəni göstərir – 2023-cü ilin sentyabrın son günlərini. Məhz bu tarixdə Xankəndidəki separatçılara qarşı Azərbaycanın keçirdiyi 24 saatlıq antiterror tədbirləri Qafqaz bölgəsini 30 il məngənədə saxlayan düyünü bütövlüklə ləğv etdi.

Halbuki sabiq Stepanakert kimi tanınan bu yerlərə baxanda əsl məngənədə olan nə Azərbaycan, nə Ermənistan, nə də Qafqaz bölgəsi – burada yaşayan zavallı ermənilərin olduğu anlaşılır. Onların istər getməsi, istər qalması – son 30 ildə başlarına gələn, bəlkə də, ən yaxşı hadisə idi.

Kiçik haşiyəyə çıxım – 80-ci illərin məşhur blokbaster “Back to the Future” – “Geriyə Gələcəyə” filmində baş qəhrəman Marti MakFlayın düşdüyü alternativ gələcəkdə əliəyriliklə lotereyalarda uduşları yığan quldur özünü şəhərin az qala tanrısı elan edir. Bütün ekranlarda onu Amerikanın xilaskarı kimi təqdim edirlər. Lakin Marti MakFlay şəhərin əsas hissəsindən kənara çıxanda evlərin qapı-pəncərələrini dəmir barmaqlıqlarda və içəridə vahimə içində yaşayan əhalini görür.

Xankəndidə oxşar ab-havanın hökm sürdüyünü sezmək üçün əsas küçələrdən heç kənara çıxmaq lazım deyil. Separatçıların başçısı Arayik Harutyunyanın şanlı tərcümeyi-halı ilə dolu onlayn səhifələrdə öz iddiasına görə “Artsaxın ən iri biznes sahibi” olduğu deyilirdi. Onun kənd təssərrüfatı və emalla məşğul olan bizneslərinin qazancı bütövlüklə Azərbaycanın işğal edilmiş ərazilərində təbii sərvətləri istismar etməkdən gəlirdi. “Qarabağ Qold” QSC-nin icraçı direktoru, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində şərabçılıq biznesinin səhmlərinin sahibi kimi Araikin işləri həmişə “xod” gedirdi. Xankədidə yaşadığı villa-iqamətgahı da malikanədən xeyli aralıda yerləşən dəmir darvazanın arxasında yerləşir. Necə də olmasın? Axı birdən illərlə canını hərbi münaqişədən qurtarmağa çalışıb Xankəndini tərk etmək istəyənlər gəlib onun yaşadığı şəraiti görərdilər?!

Şəhər əhalisinin yaşadığı ərazilərdə isə 30 ildə hər hansı əsaslı yeniliklərin baş verdiyindən əsər-əlamət yoxdur. Azərbaycan SSR dövründə onun rəhbəri, ümummilli lider Heydər Əliyevin ədalət, tolerantlıq, multikulturallığa verdiyi əhəmiyyət, Azərbaycan dəyərlərinə sadiqliyi nəticəsində inkişaf edən Stepanakert son 30 ildə elə həmin şəhərin üzərinə dəmir barmaqlıqlar taxıb yaşayırdı. Səbəbi? “Back to the Future” filminin səhnəsi barədə yuxarıdakı qeydimi xatırlayırsınızmı? İcma anlayanda ki, ona ekranlardan “milli qəhrəman” adı ilə sırınanlar yalnız öz ciblərini doldurmaqla məşğuldular, əllərində olub-qalanı müdafiə etmək üçün yanında yaşayan qonşusundan belə qorunaraq saxlamağa çalışır. Bu barmaqlıqlar hazırda şəhərdə Azərbaycanın apardığı bərpa və quruculuq işləri ilə pəncərələrdən çıxarılır, köhnə sökük binalar yeni hotellərə, kafelərə, marketlərə çevrilir, Universitet qurulur. Barmaqlıqların arxasından açılan səhnələr isə imkansızlıqlarla dolu həyatın təsviridir. “Artsax” xəbər başlıqlarında vaxtilə təriflə təsvir olunan və artıq gorbagor olan “veliçestvennoe zdanie Nacionalnogo Sobraniya”nın yanında Tumanyan adına küçədəki evlərə girdim: suvaqlı divarlar, qışda yanında qızınmaq üçün sobalar, 1970-1980-ci illərin dəbi olan mebellər, natəmiz hamamlar, sökük pilləkənlər….Sanki zaman hərbi münaqişənin başlanğıc illərində donub qalıb. Bu səhnələrə baxarkən, Şuşanın ətəyindəki Daşaltı kəndində 2021-ci ildə gördüyüm mənzərə yadıma düşdü – XXI əsrdən işarə yalnız bir neçə kənd evinin üstündə fransız humanitar təşkilatı tərəfindən quraşdırılan günəş batareyası idi. Divarladakı işarələr belə hələ də buranın “Azərbayca SSR-nin inzibati ərazisi” olduğunu bildirirdi. Yoxsulluq kəndin hər evindən yağırdı…

Xankəndinin yaşayış evləri ilə yanaşı, məktəbləri də XX əsrin sonunda donub qalıb. “Şarl Aznavur adına Mədəniyyət Mərkəzi”nə nəzər salmaq burada ermənilərin gənc nəslinə təbliğ etdiyi “mədəniyyət” gün kimi aydın olur. Erməni əsilli fransız şansonyesi Şarl Aznavurun öz karyerasını qurduğu Avropa musiqi mədəniyyəti elə Mərkəzin adı ilə məhdudlaşıb. Sinif otaqlarındakı dərslər barədə təsəvvürü isə qədim Azərbaycan torpaqlarının tarixən ermənilərə məxsus olduğunu iddia edən, azərbaycanlılara qarşı terrorun mənəvi atası olan yazıçı Zori Balayanın kitabları, Qafqaz xalqlarının hər üç dilində yazıb yaradan, xalqlar dostluğunun aşiqi Sayat Novanı ancaq erməni irsinə aid edən tədbirlərin posterləri və (burası lap maraqlıdır), Mədəniyyət Mərkəzinin direktorunun kabinetində gözümə dəyən erməni mədəniyyətinin nisbətən yeni çapdan çıxan ensiklopediyasının altında gizlənən 1975-ci ilin nəşri Azərbaycan SSR-nin Mədəniyyət Nazirliyinin möhürü ilə “Zaqafqaziya Respublikalarının Musiqisi” kitabı yaradır. Mədəniyyət Mərkəzində səliqə ilə saxlanılan Sovet dövrünün piano və stullarına akt zalının bu yaxınlarda Xankəndiyə baş çəkən təbii fəlakət – qasırğaya tab gətirməyən uçuq köhnə tavanı şahid durur. Görünür, nəinki Azərbaycan, bütün dünya gəncləri həyatlarını smart cihazlar, rəqəmsal kitablar, bir toxunuşla əldə etdikləri müasir bilik dünyası ilə keçirdikləri təqdirdə, erməni gəncləri burada köhnə vaxtlardakı kimi bir parça çörəyi dərziliklə, ustalıqla qazanmağa təlimatlandırılırlar.

Əhalinin bu əski və miskin güzəranının görüntülərini Xankəndidə ermənilərin yatırım etdiyi bir neçə tikili tamamlayır: Tbilisidəki möhtəşəm qızılı Tsminda Sameba kilsəsinin memarlıq nüsxəsinə bənzəyən 2019-cu ilə məxsus kilsə və nasist memarlıq məktəbini qürurlandıra biləcək Kərkicahan strateji yüksəkliyindən Şuşa və Xankəndiyə baxan qorxunc “Erməni Soyqırımı” abidəsi.

Təccübləndimmi? Əsla! Siyasi elmlər məzunu kimi diktaturanın həyatda qalması üçün zəmini yaxşı xatırlayıram. ABŞ prezidenti Franklin Ruzvelt bunu konkret ifadə etmişdi: “Həqiqi insan azadlığı iqtisadi təhlükəsizlik və müstəqillik olmaqdan mövcud ola bilməz. Ac və işsiz insanlar diktaturanın qurulduğu əsasdır.” Belə insanları idarə etmək üçün isə diktatorun ilk alətləri ekstremal dinin təbliği və qondarma kimlik rəvayətlərinin yaradılmasıdır.

Xankəndini tərk edərkən bütün ermənilərin kimlik rəmzi hesab etdikləri “Tatik və Papik” (nənə və baba) abidəsinin yanından keçdim. Şəhərdə bir neçə dəqiqə əvvəl bu abidənin canlı versiyası – öz evləri qarşısında asudə və rahat oturan yaşlı erməni cütlüyünü gördüyümü xatırladım. Və onların əvəzində sevindim.

İllər əvvəl Vaşinqtonun siyasi dairələrində İrəvanda danışıqlar aparan Minsk qrupunun həmsədrinin mənə asta səslə dediyi cümlə bir daha qulağımda səsləndi: “Mən bütövlüklə keçmişdə yaşayan bu cür xalq görməmişəm!”

Tatik və Papik, Azərbaycan tək öz torpaqlarını erməni işğalından azad etmədi, o, sizin vaxtınızın donunu erməni işğalından açdı. XXI əsrə xoş gəldiniz! Yaşayın!

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button