Terror aktı hazırlamaqda ittiham olunan şəxsin məhkəməsi oldu
Bakı Ağır Cinayətlər Məhkəməsində terror aktı hazırlığında ittiham olunan Elşən Nəcəfovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Milli.Az APA-ya istinadən bildirir ki, hakim Aytən Əliyevanın sədrliyi ilə ikeçirilən iclasda növbəti şahid ifadəsi elan edilib.
Şahid qismində dindirilənlərdən İbrahim Əlirzayev təqsirləndirilən şəxsi başqa adla açdığı sosial şəbəkədən tanıdığını deyib. Şahid, həmçinin Elşən Nəcəfovun iş materiallarına əlavə edilmiş, Azərbaycan dövlətinin suverenliyi əleyhinə paylaşımları barədə də məlumat verib.
İclasda Elşən Nəcəfov ifadə verə bilməyəcəyini və özünü yaxşı hiss etmədiyini bildirərək məhkəmədən vaxt istəyib.
Məhkəmə prosesi sentyabrın 23-də davam etdiriləcək.
Qeyd edək ki, cinayət işi materiallarına əsasən, 38 yaşlı Elşən Nəcəfovun 2023-cü ilin sentyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanıldığı məlum olur.
Elşən Nəcəfova qarşı irəli sürülmüş ittihamda qeyd edilib ki, o, xarici ölkə ərazisində yaşayan digər Azərbaycan Respublikası vətəndaşı ilə əlbir olub xarici dövlət rəsmilərinin Azərbaycana səfəri zamanı onlara və Azərbaycanın dövlət və ictimai xadimlərinə qarşı ictimai tədbirdə imkan əldə edib terror hücumu etməyə hazırlıq hərəkətləri edib. Bu barədə qətiyyətini ifadə etdiyi və əlbir olduğu şəxsə göndərdiyi səs yazıları iş materiallarına əlavə edilib.
Sonuncu Elşən Nəcəfova planı həyata keçirərkən öldürüldüyü halda “şəhid” hesab ediləcəyini bildirib.
Elşən Nəcəfov DTX əməkdaşları tərəfindən anidən ifşa edilərək saxlanıldığından, iradəsindən asılı olmayaraq qeyd olunan terror əməllərini törətməyə cəhd edə bilməyib.
Ona Cinayət Məcəlləsinin 28, 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq) və digər maddələri ilə ittiham elan edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun