Vağ quşlarının Masallı meşələrində məskən salmalarına səbəb nədir?
Vağ quşları Masallı meşələrində kütləvi şəkildə məskən salıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, əsasən su hövzələri ətrafında yaşayan vağ quşları bu dəfə Masallı rayonunun Kalinovka kəndində, meşə zolağında məskən salıb.
Kənd sakinlərinin dediyinə görə, quşlar bu ərazidə təqribən 2-3 ay bundan əvvəl müşahidə olunub. Bu quşlar əsasən qamışlıq və bataqlıqda məskən salırlar. Amma burada hazırda hər ağacda demək olar ki, 50-yə yaxın quş yuva qurub. Quşlar sakinlərə, təsərrüfatlara ziyan verməsələr də, meşə ərazisində kütləvi leşləri müşahidə olunur.
Sakinlər bildirirlər ki, quşlar daimi yaşadığı yerdə yem tapa bilmədikləri üçün özlərini bu ərazidə təhlükəsiz hiss edir və bu ərazini yaşayış yeri seçiblər.
Məsələ ilə bağlı Qızılağac Milli Parkının böyük elmi işçisi Müstəqim Bəşirov bildirib ki, quşların burada məskən salması əlverişli qida şəraitinin olması ilə bağlıdır. Bu ərazinin dənizə yaxın olması quşların burada yuva qurmalarına səbəb olub.
“Quşların kütləvi şəkildə tələf olmasına gəldikdə, bunun əsas səbəbi onların ağacın ən yüksək yerində yuva qurmasıdır. Son günlər havanın küləkli olması, ana vağların uçuşu və hərəkəti zamanı yuvadan düşən balalar zədələnərək tələf olurlar. Bu da təbii bir prosesdir”, – deyə Müstəqim Bəşirov əlavə edib.