Ölkə

Vüqar Biləcərili kimdir? – Nakam sevgiyə görə şair olan bədbəxt aşiq

Ömrünün sonuna yaxın adını dəyişib, “özünü bədbəxt edən şair” qoymuşdu. Tanrının ona nəsib etdiyi istedad və sərvəti düzgün istifadə edə bilməyib, öz ömrünə balta çalan adam haqqında danışacağıq bu gün.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Lent.az-a istinadən “Bioqrafiya” rubrikasında gənc yaşında vəfat etmiş, nakam meyxanaçı Vüqar Biləcərilidən bəhs edir.

– Vüqar Biləcərili harada və nə vaxt anadan olub?

Paşayev Vüqar Zakir oğlu 1988-ci il avqustun 24-də Biləcəri qəsəbəsində doğulub. Əslində o, 1988-ci ildə deyil, 1987-ci ildə doğulub. Ancaq uşaqlıq və yeniyetməlik illərində məşğul olduğu güləş naminə Vüqar təvəllüdünü 1 yaş kiçildib. Təxəllüsünün Biləcəri olmasına baxmayaraq, əslən Bakının Hökməli kəndindəndir.

– Vüqar Biləcərili hansı təhsili alıb?

1993-cü ildə Biləcəri qəsəbəsində, indiki 199 nömrəli məktəbin birinci sinfinə gedib. Mədrəsədə dini təhsil də alıb. Sonralar Mədəniyyət və İncəsənət Universitetini bitirib.

– Onu meyxanaya gətirən səbəb nə olub?

Deyilənə görə, Vüqarı ibadətə və şairliyə gətirən nakam sevgisi olub. Üstəlik o, Füzuli yaradıcılığına aşiq imiş. Hamı məscidə Quranla getdiyi halda, Vüqar Füzulinin qəzəllər toplusu ilə gedirmiş. Vüqar bir müddət güləşlə məşğul olub, yaxşı güləşçi olub. Amma ədəbiyyat Vüqar Biləcərini idmandan  ayırıb.

– Vüqar Biləcərili ailə qurmuşdu?

Yox. O ömrünün sonuna qədər evlənməyib. Vüqar məktəbdə bir qıza aşiq olub. Füzulinin məcnun aşiqliq istedadı ilə sevən Vüqarda həmin xanım ciddi iz qoyub. Qovuşa bilmədiyi həmin qız onun həyatda ilk böyük travması olur. Anası insult keçirdikdən sonra o evlənmək istəməyib, ona özü qulluq edib. Ömrünün son illərində Samirə adlı bir xanımla sevgili olub.

– Vüqar Biləcərili necə məşhurlaşıb?

İlk dəfə 16 yaşında “De gəlsin” yarışmasına qatılaraq adından söz etdirib. Meyxanaçılar onun haqqında çox yüksək fikirdə olsalar da, məşhur olmadığından toylara dəvət almır və məsələnin madiyyat tərəfi onu sıxırdı. Vüqar 2010-cu ildə dostu, digər məşhur meyxanaçı Rəşad Dağlının toyunda son dəfə meyxana deyib bu sahədən uzaqlaşmağı planlayır. Həmin gecə – 22 yaşında isə onun taleyi dəyişir. Vüqar o gecə məclisdə elə meyxana deyir ki, dinləyicilər ondan əl çəkmir, bir anda məşhurluğu hər yana yayılır. Həmin toyda Elşən Xəzərlə deyişməsi Vüqar Biləcərini “toylar kralına” çevirir.

– Vüqar Biləcərilinin ölümünə nə səbəb olub?

Vüqar ömrünün sonuna qədər spirtli içki qəbul etməyib. 20 yaşına qədər isə ümumiyyətlə siqaret belə çəkməyib. Həmin yaşa qədər o hətta meydanlarda, toylarda meyxanaçı yoldaşları çox siqaret çəkib tüstü yaradanda onlara belə etiraz edirmiş. Təəssüf ki, o, bu saflığını davamlı olaraq qoruya bilmir. Ən qorxunc bəlanın, narkotiklərin qurbanına çevrilir. Dumanlı meyxana məclisləri gecələrin birində 22 yaşlı gənci öz cənginə salır. Narkotik Vüqarın əvvəl əhvalını, sonra malını, daha sonra canını alır.

– Vüqar Biləcərilini narkotiklərə kim alışdırıb?

Vüqarı bəlaya düçar edən elə sənət dostlarından biri olub. Vüqar son vaxtlarda da həmin şəxsə zəng vuraraq onu bu hərəkətinə görə acılayırmış. 

Meyxanaçı Orxan Lökbatanlını Vüqarı pis vərdişlərə qurşandırmasında günahlandırırlar. Müsahibələrinin birində Orxan Lökbatanlı bu barədə deyib:

“Biz Vüqarla ailəvi yaxın olmuşuq. Boş söhbətlərdir. Digər tərəfdən, Vüqarın ölümünə səbəb kimi hamı narkotiki göstərir. Amma belə deyil. Vüqar anasına çox bağlı insan idi. O, anası ilə nəfəs alırdı. Beş-altı il əvvəl Vüqarın anası Mətanət xanım 50 illiyində “paralij” oldu. Ondan sonra Vüqarın yaşamağa həvəsi qalmadı. Meyxanaya olan həvəsi də itmişdi. Onun özünəməxsus daxili dünyası alt-üst oldu.

– Sənətçi dostları Vüqar Biləcərilini niyə söyürmüş?

O, gecənin bir aləmində “palatka toyu”nda elə misra deyirmiş ki, əsl sənətə qiymət verən gənclər əsəbindən onu söyürmüşlər. Belə bir misranı mağar toyunda xərcləmək israfçılıqdır deyib, qafiyə də tapmayanda lap əsəbiləşirmişlər. 

– Vüqar Biləcərilinin anası ilə münasibətləri necə olub?

Vüqarın düşkünləşməsinə səbəb həm də anasının 50 illik yubileyində insult keçirməsi olur. Bu hadisə Vüqarın həyatında ən ciddi sarsıntı olub. Anasına xüsusilə bağlı olan qəzəlxan hətta ölümünə yaxın günlərdə hər gün anasının ayaqlarının yanında durub, onun ayaqlarından öpürmüş.

– Vüqar Biləcərili narkotik maddə asılılığına qarşı müalicə alıb?

Vüqar dünyasını dəyişmədən bir ay əvvəl xəstəxanaya yerləşdirilib. 20 gündən artıq xəstəxanada müalicə alıb. Təəssüf ki, artıq bədəni olduqca zəiflədiyindən müalicənin də ona xüsusi təsiri olmayıb. Ayağında əmələ gələn yara da ona əlavə ağrı verirmiş. Ölümündən bir iki gün əvvəl Biləcəri ruhanilərindən olan Hacı xan Mirzəyə zəng edib bir növ halallıq istəyib. Zəng edəndə ilk sözü bu olub:

“Salam. Mənəm, özünü bədbəxt eləyən şair”. Ardınca qeyd edib ki, “ruhanilərin qarşısında xəcalətliyəm. Utanıram. Qiyamət günü məni də unutmayın”.

Artıq son günlər öləcəyini bilirmiş. Bütün əzizlərinə zəng edib Həzrəti Əlidən şeir deyib hönkürtü il ağlayırmış. Ayağını da son günlərə qədər hamıdan gizləyirmiş. 2020-ci il avqust ayının 28-i gecə saatlarında vəziyyəti ağırlaşır. Onu təcili xəstəxanaya aparırlar. Səhəri gün şairin ürəyi dayanır və o 32 yaşında həyatla vidalaşır. 

– Vüqar sevgilisi Samirə ilə niyə ailə qurmayıb?

Vüqarın həyatında özündən yaşca böyük Samirə adlı qadın da olub. Samirə Vüqarın ölümündən sonra verdiyi müsahibələrinin birində deyir:

“Əvvəl gündən ona deyirdim ki, bizimki alınmaz, olmaz. Sən subay oğlansan, mən iki uşaqla ayrılmış qadın və aramızda yaş fərqi var. Günün birində ailə qurmalı olacaqsan, mən o qadın deyiləm ki, ikinci olum. İndi fikirləşirəm ki, kaş deməzdim. O, buna görə ailə qurmadı. Bilirdi ki, ailə qursa, ayrılacam. Ayrılanda həmişə saatları sayardıq. Məsələn, deyirdi ki, 32 ya 26 saatdır danışmırıq. Mən onun maşınının şüşələrini belə qırmışam, o mənim maşınımın nömrələrini açıb aparıb, yəni bura qədər dalaşmışıq. Ciddi ayrıldığımız məqamlar olub. İçimdən, qəlbdən deməsəm də, məcbur olub ona “get evlən”, deyirdim. Biz küsəndə anası barışdırırdı. Zəng edib deyərdi ki, ay Samirə, oğlum yenə yemək yemir, danış yesin. Son anında yanında olmadım. O, vəfat edəndə biz küsülü idik. Mənə deyirdi ki, Samirə, heç kimin sözünə inanma, bizi ayırmaq istəyirlər, mən öləcəm, sən yanacaqsan. Son görüşdə mənə bunu dedi və dediyi kimi də oldu”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button