Xaçmazda meşə massivinin yaxınlığında yanğın olub
Xaçmaz rayonunun Sibiroba kəndində meşə massivinə yaxın açıq ərazidə yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən meşə massivinə yaxın ərazidə məişət tullantıları, qamışlıq və kol-kosun yandığı, alovun meşə ərazisinə keçmə riskinin yüksək olduğu müəyyən edilib. FHN-in canlı qüvvələrinin həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək meşə zolağına keçməsinə imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində təxminən 500 m² sahədə məişət tullantıları, 3 ha sahədə kol-kos və 7 ha sahədə qamışlıq yanıb, yaxınlıqdakı meşə massivi yanğından mühafizə olunub.
Milli.Az