Siyasət

Xankəndiyə məsafə daha da azaldı

Rusiyanın Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin (BQXC) Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslər üçün göndərdiyi ərzaq dolu yük maşınının Xankəndiyə keçidi iki günlük aradan sonra baş tutdu. Belə ki, hələ iki gün əvvəl Əsgərana keçidinin təmin olması nəzərdə tutulsa da yük maşını “Bərdə” otelinin yanında gözləməkdə idi.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Qarabağdakı separatçılar və Ermənistan hakimiyyəti humanitar yük dolu nəqliyyat vasitəsinin Qarabağ ermənilərinə çatdırılmasına mane olmaqla növbəti dəfə qeyri-konstruktiv mövqe ortaya qoyduqlarını nümayiş etdirdilər. Təəssüflə qeyd etmək lazımdır ki, bu məsələdə Beynəlxalq Qızı Xaç Komitəsinin və Qərbin Ermənistana və qondarma rejimə təzyiqi demək olar ki, olmadı.

Beynəlxalq Qızıl Xaç Komitəsi üzdə məsələni dəstəkləyən kimi görünsə də, arxa planda süni şəkildə prosesi əngəlləməklə məşğul oldu. Rusiyanın Qızıl Xaç Komitəsinə Qərbin və BQXK tərəfindən göstərilən təzyiq də bunu təsdiq edir.

Lakin dəfələrlə Azərbaycanın Qarabağ bölgəsində fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanan, faktlarla təsdiqini tapan Beynəlxalq Qızıl Xaç Komitəsinin bu ikitirəliyi yenə də ermənilərin, separatçı xunta rejimin işinə yaramadı. Azərbaycan Laçında sərhəd-buraxılış məntəqəsi yaratdıqdan sonra buradan qanunsuz keçidlərin qarşısı alınarkən dəfələrlə BQX-nin öz səlahiyyətlərindən sui-istifadə edərək faktiki qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olduğu azmış kimi, bu dəfə Ağdam-Xankəndi yolu ilə humanitar yükün etnik ermənilərə çatdırılmasında təşəbbüs göstərmədi.

Buna rəğmən Azərbaycan növbəti dəfə öz istəyinə nail oldu. Rusiyanın yük maşınının Ağdam-Xankəndi yolu ilə keçidi təmin edildi. Erməni separatçıları yükün keçidini BQXK və bəzi Qərb dairələrinin yardımı ilə gecikdirməklə vaxt qazanmağa çalışsa da, cəhdləri növbəti dəfə nəticəsiz yekunlaşdı.

Ağdam marşrutunun açılması artıq həll olundu. Belə ki, bu gün səhər saatlarında Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə, ümumilikdə 1 TIR ərzaq yükü artıq Ağdam rayonundan keçərək Xankəndinə doğru hərəkət edib.

Bu, Bakının növbəti qələbəsidir, çünki Azərbaycan yüklərin Ermənistandan deyil, öz ərazisindən keçməsində israr edirdi. Baxmayaraq ki, Ermənistan başda olmaqla bir çox dövlətlər, onların başçıları və beynəlxalq təşkilatlaar buna qarşı çıxır, ölkəmizin daxili işlərinə qarışmağa çalışırdılar. Bütün bu cəhdlər uğursuz alındı.

Ağdam-Xankəndi yolunun bu gündən açılması Qarabağ ermənilərinin reinteqrasiya məsələsini sürətləndirəcək. Erməni separatçıları da anlayırlar ki, Ağdam-Xankəndi yolu bir yük maşını üçün açılarsa, digərlərinin bu yolla daşınmasının qarşısını ala bilməyəcəklər. Digər tərəfdən “yol mövzusunda” təşəbbüsdə Rusiyanın adının çəkilməsi Fransanın, ABŞ-dəki ermənipərəst dairələrin və Qırmızı Xaç Komitəsinin arxa plana keçməsini şərtləndirəcək kimi görünür. Hazırda Ermənistan hakimiyyətini və separatçıları ən çox narahat edən məqam məhz budur. Onlar adları sadalananların dəstəyindən məhrum olacaqlarından çox narahatdırlar.

Ermənistan faktiki olaraq sülh danışıqlarının baş tutumamasında maraqlı olduğunu heç cürə gizlədə bilmir. İrəvan çox yaxşı başa düşür ki, rəsmi Bakı ilə arasında vəziyyətin gərginləşməsi mümkün sülh sazişinin imzalanması prosesinə mənfi təsir göstərir. Bunun üçün Ermənistan hakimiyyəti əsas “silah” kimi məhz şərti sərhəddə və Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət zonasında mövqelərimiz istiqamətində silahlı təxribatlar törətməyə, eləcə də kommunkasiya xətlərinin açılmasına mane olmağa can atır.

Rəsmi İrəvan düşünür ki, bu iki əsas yolla Azərbaycanla vəziyyəti gərginləşdirib, sülhdən yayınmaq, qaçmaq mümkündür. Bu gün Ermənistana kənardan kommunkasiya xətlərinin açılması məsələsində mane olanlar da az deyil. Şübhəsiz ki, indi Ermənistana ən böyük təzyiqlərdən biri məhz Tehrandan edilir. İrəvana Tehran təzyiq edir ki, Zəngəzur dəhlizi açılmasın. Zəngəzur dəhlizinin açılmasını istəməyən ölkə və mərkəzlər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında da maraqlı deyillər. Çünki sülh sazişi imzalanarsa Zəngəzur dəhlizinin açılmasını əngəlləyəcək amil qalmayacaq.

Lakin unutmaq olmaz ki, adı çəkilən və çəkilməyən məlum qüvvələr bundan əvvəl də Laçın SBM-nin açılmasına bu şəkildə mane olurdular. Eyni zamanda Ağdam-Xankəndi yolunun açılmaması üçün də uzun müddətdir Bakıya qarşı etmədikləri təzyiq qalmadı. Amma nə dəyişdi?! Azərbaycan yekunda növbəti dəfə isbat etdi ki, bu gün regionun qlobal gücü olaraq postkonflikt dövründə diqtə edən tərəf odur və heç bir dövlətə, beynəlxalq təşkilata icazə vermək fikrində deyil ki, onun daxili işinə burun soxsunlar. İstisna edilmir ki, növbəti – Zəngəzur dəhlizi məsələsi də Azərbaycanın maraqları, istəkləri çərçivəsində yaxın gələcəkdə öz həllini tapacaq.

Təhməz Əsədov

Trend


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button