Yeni tikilən yataqxanalar tələbələrin problemini həll edəcəkmi?
Bu il Gəncədəki Azərbaycan Texnologiyalar Universiteti və Azərbaycan Texniki Universitetinin yataqxanalarının tikintisinə başlanıla bilər.
Bunu Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov qurumun üç illik hesabat tədbirində çıxışı zamanı deyib.
Bu məsələ tələbələrin yataqxana problemini yenidən aktuallaşdırıb.
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Trend-ə bildirib ki, artıq uzun illərdir ki, ali məktəbə qəbul olan tələbələrin problemi onların tələbə adı qazanması ilə bitmir, əksinə, yeni və daha ciddi problemlər yaranmağa başlayır ki, onların da başında kirayə evlər və ya yataqxana problemi gəlir.
“Yeni tədris ilinə az müddət qalmasına baxmayaraq, tələbələrin əbədi problemi – yataqxana problemi bu il də həllini tapa bilməyib. Baxmayaraq ki, tələbələrin qeyd olunan probleminin hər növbəti ildə aradan qaldırılması ilə bağlı rəsmi qrumlar məlumat verir.
Hazırda ölkədə 51 ali təhsil müəssisəsi var. Bu təhsil müəssisələrinin 187 min tələbəsi var. 51 universitetimizin yalnız 11-də yataqxana imkanları var. Xüsusi təyinatlı təhsil müəssisələri istisna olmaqla, Bakı şəhərində 4 universitetin yataqxanası var. Bölgələrdə isə Gəncə və Lənkəranda tələbələrin qismən məskunlaşması üçün yataqxanalar mövcuddur.
Uzaq yerlərdən gələn, sosial vəziyyəti zəif olan aztəminatlı ailələrdəki tələbələr kirayədə qalmaq imkanına malik olmurlar. Onlar daha ucuz və təhlükəsiz, təhsil müəssisəsinə yaxın ərazilərdə yataqxana axtarırlar. Yataqxana qiymətinə, təhlükəsiz mühitə, universitetin yaxınlığına görə vacibdir”.
Ekpert qeyd edib ki, yeni açılmış ali məktəblərin müasir yataqxanaları var.
“Köhnə universitetlərdən bəziləri də öz yataqxanalarının qayğısına qalaraq təmir edib müasirləşdiriblər. Lakin yataqxanaya ehtiyac, hər il olduğu kimi, cari ildə də qalır. Hesab edirəm ki, bu məsələdə xarici təcrübədən bəhrələnmək lazımdır. Hansı ki, bunlardan biri də özəl yataqxana təcrübəsidir. Özəl yataqxana dünyanın müxtəlif ölkələrində var. Belə ki, həmin yataqxanalar pullu olsa da, kirayə mənzillərə nisbətən çox ucuzdur”.
K.Əsədov bildirib ki, təhsil siyasətimiz təhsilin hər kəs üçün əlçatan olmasına yönəlib. Bu istiqamətdə addımlar da atılır.
“Məsələn, ali məktəbə qəbulda iki dəfə şans verirlər, universitetlərin tərkibində hazırlıq kursları yaradılır. Bütün bunların hamısı təhsilin əlçatan olmasına xidmət edən addımlardır. Ancaq təhsilin əlçatan olması yalnız bilik verməklə deyil. Təhsil almaq üçün tələbəyə mühit də yaradılmalıdır. Sovet vaxtı tələbələrin böyük qismi yataqxana ilə təmin olunurdu. Bununla da kirayə haqqından azad olurdular. Amma məlum Qarabağ hadisələrindən sonra yataqxanalara qaçqın və məcburi-köçkünlər yerləşdirilirdi.
Sonradan tələbə yataqxanası problemi özünü qabarıq şəkildə göstərməyə başladı. Nəzərə alaq ki, dünyanın məşhur universitetlərinin reytinqlərdə ilk sırada olmalarının bir səbəbi də tələbələr üçün yaradılan mühitdir.
Dünyanın aparıcı universitetləri kampus şəraitində fəaliyyət göstərir. Bu da ayrıca xüsusi şəhərcikdir. Hansı ki, orada tələbələr yataqxana, tıxac, kitab problemi ilə üzləşmirlər. Hətta tələbələr həmin şəhərcikdə işləyib pul da qazana bilərlər. Kampus şəraitində tələbənin heç bir problemi ola bilməz. Kampusların tikilməsi bizdə də dəfələrlə gündəmə gəlib. Hətta şəhərin mərkəzində bəzi ali məktəblər üçün yataqxanaların tikilməsi nəzərdə tutulub.
Eyni zamanda, bir sıra universitetlərin şəhərdən kənara köçürülməsi gündəmə gəlib. Bu istiqamətdə işlər gedir. Ümumiyyətlə, təhsilin əlçatan olması abuturiyentin ali məktəbə daxil olması ilə məhdudlaşdırıla bilməz. Odur ki, bu məsələ dövlət səviyyəsində həll olunmalıdır. Tələbənin əsas işi oxumaq olmalıdır.
Düşünürəm ki, iş adamları yataqxana tikib tələbələrin ixtiyarına verə bilər. Dövlətin də bu işdə onlara yardımçı olması lazımdır. Məsələn, torpaq sahələrini pulsuz verə bilər. Tələbə qayğı ilə oxumamalıdır. Sosial problemlər təhsilin keyfiyyətinə təsir göstərən amildir. Təhsilin əlçatan olması üçün bu problemlər həllini tapmalıdır.
Bundan başqa, Bakıda tikilən hündürmərtəbəli binaların bir neçə mərtəbəsi universitetlər tərəfindən alınaraq yataqxana kimi istifadə edilə və oradan universitetlərə gəlir gələ bilər.
Bu yolla tələbələr üçün yaranmış bir neçə ciddi problem öz həllini tapa bilər”, – deyə o qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun