Zəlzələ nəticəsində dağıntı və xəsarət alan var?
Kürdəmirdə baş vermiş zəlzələ nəticəsində rayonun bir neçə kəndlərindəki evlərdə çatlar əmələ gəlib.
Milli.Az report-a istinadən xəbər verir ki, çatlar əsasən rayonun Ərəbxana, Atakişili və Xırdapay kəndlərində qeydə alınıb.
Hal-hazırda aidiyyəti qurumların əməkdaşları rayonun digər ərazilərində fəsadların baş verib-verməməsi ilə bağlı araşdırma aparırlar. Eyni zamanda, Kürdəmir rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Ağali Kərimli “Report”a açıqlamasında bildirib ki, hazırda şəhər də daxil olmaqla, kəndlərdə zəlzələnin törətdiyi fəsadlarının olub-olmaması ilə bağlı məlumatlar dəqiqləşdirilir.
——-
21:24
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 03.09.2023-cü il tarixində yerli vaxtla saat 20:38 dəqiqədə Kürdəmir stansiyasından 14 km cənubda, Kürdəmir rayonu ərazisində 50 km dərinlikdə 5 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.
FHN mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə zəlzələ nəticəsində hazırki vaxtadək hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
Milli.Az