Uncategorized

Suriya-Türkiyə yaxınlaşması Tehranı hərəkətə keçirdi – İran lideri 13 ildən sonra İLK DƏFƏ… – TƏFƏRRÜAT

İran prezidenti İbrahim Rəisi son 13 ildə ilk dəfə Suriyaya səfər edib. Beynəlxalq mediada yer alan xəbərlərə görə, danışıqlarda əsas diqqət iqtisadi əməkdaşlığa yönəlsə də, səfərin daha çox siyasi əhəmiyyət kəsb etdiyi vurğulanır. Tehranın əsas marahatlığı odur ki, Dəməşq ərəb ölkələri ilə, xüsusən Türkiyə ilə münasibətlərini gücləndirib. Bu səbəbdən də Rəisi ilk bəyanatında Suriya-İran əlaqələrinin möhkəm olaraq qaldığını deməyə tələsib. Suriya prezidenti Bəşər Əsəd Suriya münaqişəsi başlayandan (yəni 2011-ci ilin martından) iki dəfə Tehrana səfər etdiyi halda, bütün bu müddət ərzində İran prezidentləri Suriyaya gəlməyib. Sonuncu səfər 2010-cu ilin sentyabrında baş Mahmud Əhmədinejadın prezidentliyi dövründə baş tutub. Bəllidir ki, İranın molla rejimi qonşuluğundakı heç bir müsəlman ölkəsi ilə müttəfiq deyil. Əvəzində işğalçı Ermənistanla, müsəlmanlara qənim kəsilən Fransa ilə əməkdaşlıq edir, strateji müttəfiqlik münasibətləri qurub. Yeganə “müttəfiq” Suriyadır ki, o da əldən çıxır. Beləliklə də, Suriyanın ərəb ölkələri ilə əməkdaşlığı genişləndirməsi Tehranı hərəkətə keçməyə vadar edib. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

İran Suriyanın bərpasına qoşulmaq istəyir

Bəşər Əsədlə İbrahim Rəisi arasında danışıqların gözlənilən nəticəsi əsasən ticarət-iqtisadi əməkdaşlığa həsr olunmuş 15 sənədin imzalanması olub. Onların arasında uzunmüddətli strateji hərtərəfli əməkdaşlıq planına dair anlaşma memorandumları, eləcə də sektoral sənədlər (xüsusən kənd təsərrüfatı, neft, dəmir yolu, mülki aviasiya və bank sektoruna aid olanlar) var. Səfər ərəfəsində cənab Rəisi Livanın “Əl-Məyadin” telekanalına müsahibəsində deyib ki, İran Suriyanın müharibədən sonrakı bərpasında fəal iştirak etməyə hazırdır. “Bizim yüksək ixtisaslı mühəndis-texniki işçilərimiz və yenidənqurma işlərinə töhfə verə biləcək tikinti şirkətlərimiz var”, – deyə prezident bildirib.

Molla rejimi Suriya ilə dini turizmi gücləndirmək istəyir

Dəməşqə böyük bir heyətlə gələn İbrahim Rəisi rüsumların sıfırlanması, İran, İraq və Suriya arasında dəmir yolu dəhlizinin yaradılması layihəsinin aktivləşdirilməsi və dini turizmin inkişafı ilə bağlı razılığa gəlib. Tehran Suriyanın neft yataqlarına və neft emalı zavodlarına investisiya yatırmaq niyyətini təsdiqləyib və həmçinin qeyd edib ki, Suriya İran malları və xidmətləri üçün əlverişli bazardır. Eyni zamanda, hazırda İranla Suriya arasında rəsmi ticarət həcmi çox kiçikdir. İranın Sənaye, Mədən və Ticarət Palatasının Ticarətin İnkişafı Komissiyasının rəsmi nümayəndəsi Ruhullah Lətifi bu günlərdə bildirib ki, İranın Suriyaya ixracının həcmi təqribən 243 milyon dollar təşkil edib. Lakin söhbət yalnız qeyri-neft mallarından gedir. Xatırladaq ki, İran beynəlxalq sanksiyalardan yan keçərək, bütün bu illər ərzində Suriyaya da neft məhsulları tədarük edir. Bununla belə, yanvar ayında Amerikanın “The Wall Street Journal” nəşrinin yazdığına görə, Tehran Dəməşqə kreditlə neft verməkdən imtina edib və bazarda qiyməti qaldırıb ki, bu da başqa şeylərlə yanaşı, bu qış Suriyada yanacaq böhranını daha da kəskinləşdirib.

İranın Suriya narahatlığı

Eyni zamanda, Suriyada münaqişə başlayandan İran Suriya hakimiyyətinin əsas sponsoru olub. 2013-cü ilin yanvarında Tehran beynəlxalq sanksiyalar altında olan Dəməşq üçün ilk 1 milyard dollarlıq kredit xəttini açıb və bunun sayəsində hökumət idxal olunan ərzaqların pulunu ödəyə bilib. Bunun ardınca neft məhsullarının alınması üçün 3,6 milyard dollar kredit ayrılıb. 2015-ci ildə yenidən 1 milyard dollara üçüncü kredit verilib. Tehran həmçinin dövlət qulluqçularının maaşlarını ödəmək üçün Dəməşqə vəsait ayırdı ki, bu da Suriyada dövlət qurumlarının qorunmasına kömək etdi. İran həmçinin Suriyadakı şiə milislərini maliyyələşdirmək və onları silahla təmin etmək üçün milyardlar xərcləyir. Təbii ki, Tehran bu illər ərzində Suriyaya yatırdığı sərmayələri geri qaytarmaq istəyir. İbrahim Rəisinin Tehrana səfəri Dəməşqin ərəb ölkələri, ilk növbədə Səudiyyə Ərəbistanı ilə yaxınlaşdığı bir vaxta təsadüf edir. Suriya ilə Türkiyə arasında münasibətlərin istiləşməsi də gündəmdədir. Bu, həm regionda ticarətin artmasına, həm də Dəməşqə investisiya axınına səbəb ola bilər. Nəzərə alsaq ki, iranlılar Suriyada o qədər də bəyənilmir.

Dəməşq Ərəb Liqasına qayıdır?

Beləliklə, Tehran Suriyadan çıxmaq fikrində olmadığını və orada gedən bütün proseslərin (o cümlədən ərəb qonşuları ilə barışıq) hələ də onun nəzarətində olduğunu nümayiş etdirir. Bundan əlavə, iranlılar hələ İbrahim Rəisi Dəməşqə gəlməmişdən əvvəl onun Suriya paytaxtına “müqavimət qüvvələrinin terrorla mübarizədə qələbəsini qeyd etmək” üçün gedəcəyini vurğulamışdılar. Söhbət təkcə iranyönlü birləşmələrin “İslam Dövləti” terror qruplaşmasına qarşı mübarizədə suriyalılara göstərdiyi yardımdan deyil, ümumilikdə İranın Bəşər hökumətinə dəstəyindən gedir. Rəisi “Əl-Mayadeen” telekanalına müsahibəsində deyib: “Suriya həmişə müqavimət oxunda olub” və “sionist təcavüzü”nə və ABŞ-ın bu ölkədə “nifaq alovlandırmaq” cəhdlərinə baxmayaraq, səbirli olub. “Biz birmənalı olaraq müqavimət oxunun bütün cəbhələrini dəstəkləyirik və mənim Suriyaya səfərim də bu dəstək çərçivəsindədir və müqavimət cəbhəsini gücləndirmək üçün çalışırıq və bunda tərəddüd etməyəcəyik”, – deyə o vurğulayıb.

Prezident Rəisinin Suriyaya səfəri İsrailin İranın bu ölkədəki hərbi obyektlərinə hücumlarının artması ilə eyni vaxta düşüb. Xüsusilə, yalnız həftənin əvvəlində Hələb hava limanına və yaxınlıqdakı digər hərbi hava limanına hücum edilib, burada (Suriya müxalifətinin fikrincə) İrana yaxın Livan Hizbullah hərəkatının döyüş sursatı və silahları olan anbarlar var. Yeri gəlmişkən, İran prezidentinin təkcə Suriya rəhbərliyi ilə deyil, həm də bu ölkədə məskunlaşan fələstinli qrupların nümayəndələri ilə görüşdüyü məlumdur. Və bütün bunlar üç həftə əvvəl Qəzza zolağından, Livandan və Suriyadan demək olar ki, eyni vaxtda atəşə tutulan və belə bir ssenarinin təkrarlanmasından ehtiyat edən İsraili narahat edən “müqavimət qüvvələri”nin birləşdirilməsi layihəsi çərçivəsində baş verir. Bu səbəbdən də Rəisinin Dəməşqdə danışıqlarda əsas diqqət yetirdiyi məsələnin İsrail olduğu şəksizdir. 

Azər Nuriyev
Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button